Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Bakı gecələrinin “zapı market”lərində dövr edən milyonlar… – Fotolar+Video

Bakı gecələrinin “zapı market”lərində dövr edən milyonlar… – Fotolar+Video

Bu gün Bakının bütün rayonlarında müxtəlif küçələrdə rast gəldiyimiz, ilk baxışdan utilizasiya məhsulu görüntüsü yaradan, istifadəyə yararsız “zapı”larda xarici siqaretlərin şıdırğı alveri gedir. “Qafqazinfo”nun əməkdaşı gecələr peyda olan və Bakının işıqlı küçələri arasında özünə qaranlıq mafiya görüntüsü yaradan bu ərazilərdə müşahidə apararaq, çəkilişlər həyata keçirib. Faktiki “zapı market”lər kimi fəaliyyət göstərən bu obyektlər demək olar ki, bir əldən idarə olunur. Orada satılan xarici markalı (əsasən “Marlboro” və “Parlament”) aksizli və aksizsiz bahalı siqaretlərin təminatı bir neçə mənbədən həyata keçirilir. İddialara görə, bu obyektlərin təminatı “duty-free”lərdən və Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi əməliyyatlar zamanı müsadirə edilən mallardan təşkil olunur. Maraqlıdır ki, həmin “zapı market”lərdə satılan bahalı siqaretlərə nəyəsə görə şəhərin böyük marketlərində rast gəlinmir. Bu tütün məhsullarının rəsmi qaydada satışına nə mane olur ki, onlar bu şəkildə, “ölüxana”ya atılmalı olan avtomobillərdə gecə və oğurluq formada meydana çıxırlar?..

Nümunə üçün çəkilişlərimiz Bakının Nərimanov, Xətai və Nəsimi rayonlarının müxtəlif küçələrində təşkil olunan “satış nöqtələrində” həyata keçirilib. Ayrıca olaraq, görüntülər həm də, Nəsimi rayonu ərazisində Hənifə Ələsgərov küçəsində başdan-başa pərakəndə formada sanki gecə bazarının təşkil olunduğu məkandan lentə alınıb.

Sual yaranır, Bakıda yaranan bu mənzərənin əsl səbəbkarı kim və hansı orqandır? Belə təəssürat yaranır ki, bu, bir nəfərin və ya bir qurumun işi deyil. Ortada milyonlarla vəsaitin nəzarətsiz, vergidən kənar, qeyri-leqal formada dövriyyəsinə kimlər şərait yaradır? Daha bir diqqətçəkən məqam isə yuxarıda da qeyd etdiyimiz kimi bu bazarın təchiz olunmasında əsas payı Gömrük Komitəsinin ölkəyə qanunsuz yolla gətirilən məhsulların müsadirəsi təşkil edir. Bəs görəsən nəyə görə son bir neçə ildə DGK-nin rəhbərliyi bir neçə dəfə dəyişdirilsə də, bu bazara təsirsiz ötüşüb. Bu qaçaqmalın qarşısını qurumun heç bir rəhbəri niyə almaq gücündə və marağında olmayıb? 

Əlavə olaraq, azad iqtisadi zonalardan, yəni “duty-free”lərdən bu “zapı market”lərə bahalı siqaretlər necə yol tapır? Burada nəzarətsizlik haradan qaynaqlanır? 

Məsələnin sonrakı məqamları ilə bağlı da suallar var. Bu fakt həm də qanunsuz küçə ticarəti sayılır. Buna cavabdeh olan digər qurumlar, Bakının küçələrində gecəqondu effekti ilə bu şəkildə qanunsuz siqaret bazarının qarşısını almalı olan qurumlar hara baxır?.. 

Mövzu ilə bağlı Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramovun fikirlərini də öyrəndik. Deputat qeyd edib ki, ölkəyə gətirilən bütün məhsulların, o cümlədən aksizli məhsulların gömrük qeydiyyatından keçməsi və vergi ödəyərək satışa çıxarılması məcburidir. Həm Gömrük Məcəlləsi, həm də Vergi Məcəlləsində bu proseduralar öz əksini tapıb: “Bizim də monitorinqlər göstərir ki, Bakının bəlli küçələrində, xüsusən də bahalı siqaretlərin qeyri-leqal satışı həyata keçirilir. Həmin yerlərdə satılan siqaretlər ölkəyə qeyri-leqal yolla gətirilib. Çünki onların üzərində aksiz markaları yoxdur, onlar qeydiyyatdan keçməyib, vergiyə cəlb olunmayıb və təbii ki, onların satışından vergi ödənilmir. Həmin məhsullar nağd vəsait qarşılığında satılır. Siqaretlərin, məhsulların satışının bu formada həyata keçirilməsi qanunvericiliyin tələblərinə ziddir, vergidən yayınmağa imkan verir. Biz bu məsələni Milli Məclisin komitə iclasında da qaldırmışıq. Həmin satışın leqallaşdırılması ilə bağlı addımların atılmasına ciddi ehtiyac var. Problem həm də ondan ibarətdir ki, həmin məhsulların bu formada satışı ölkədə kölgə iqtisadiyyatının genişlənməsinə, həcminin artmasına şərait yaradır”. 

Vüqar Bayramov eyni zamanda bildirib ki, ölkəyə leqal yolla siqaret məhsullarının gətirilib satışa çıxarılması ilə bağlı hər hansı bir qadağa yoxdur: “Məhsul rəsmi olaraq qeydiyyatdan keçməlidir, aksiz vergisi ödənilməlidir, məhsullara aksiz markası vurulmalıdır və ölkə daxilində satışa çıxarılan zaman vergiyə cəlb olunmalıdır”.

“Qafqazinfo” mövzunu diqqətdə saxlayacaq və əlaqədar qurumlara sorğular göndərərək aldığı cavabları oxuculara çatdıracaq.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …