Ana səhifə / Aktual / Bakcell və Coca-Cola sahilyanı təmizlik aksiyasında – Fotolar

Bakcell və Coca-Cola sahilyanı təmizlik aksiyasında – Fotolar

Artıq 33 ildir ki, dünyanın bir çox ölkəsi hər il sentyabr ayının 21-ni Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd edir. “Qafqazinfo” xəbər verir ki, ölkəmiz də 9 ildir sözügedən aksiyanın fəal iştirakçılarındandır.

Builki tədbirin təşkilatçıları ənənəvi olaraq “Coca-Cola”, “Bakcell”, “PAŞA Bank” şirkətləri və “ASAN Könüllülük Məktəbi”dir. Partnyorlar sırasında isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ABŞ-ın Azərbaycandakı səfirliyi, “AzEkol” kimi şirkəti yer alıb.

Tədbirin əsas təşkilatçılarından olan “Bakcell” şirkətinin PR və korporativ kommunikasiya direktoru Süheylə Cəfərova bildirib ki, mobil operator bu aksiyaya qoşulmuş ilk iki böyük şirkətdən biri olub:

“Həm əməkdaşlarımız, həm də tərəfdaşlıq etdiyimiz şirkətlər aksiyada iştirak edir. İlk illərdə könüllüləri bu prosesə cəlb etmək elə də asan deyildi, ancaq indi dövlət qurumları, özəl təşkilatlar özləri bizimlə birgə aksiyada iştirak etmək üçün müraciət edir. Sahilyanı ərazilərdə bu kimi təmizlik aksiyaları sadəcə 21 sentyabrda yox, bütün il ərzində davam etdirilməlidir. Bu ənənənin əsasını qoyan şirkətlərdən biri olmaq bizim üçün sevindirici haldır”.

Coca-Cola şirkətinin Qafqaz regionu üzrə ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elşad Fərzəliyevin sözlərinə görə, ildən ilə könüllü ekoloji aksiyada iştirak edənlərin sayı artmaqdadır: “İlk illərdə 20-30 nəfərlə başladığımız bu hərəkat artıq 600 nəfəri keçir. Çimərlik mövsümü bitəndən sonra biz insanların burada qoyduğu tullantıları yığırıq. Ümid edirik ki, bu aksiya insanlara bir mesaj olacaq”.

“Bakcell”in nümayəndəsi Torsten Albers bildirib ki, “Bakı belə bir təşəbbüsə dəstək verdiyi üçün çox şaddır: “ “Bakcell” artıq 6-cı ildir ki, bu təşəbbüsə qoşulub. Mən aksiyaya ailəmlə birlikdə qoşulmuşam. İnanıram ki, sahillərin təmizlik problemi bütün dünyada tezliklə həll olunacaq”.

Aksiya iştirakçıları arasında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev də yer alıb. Bütün dünyada bu cür kampaniyaların keçirildiyini diqqətə çatdıran Nazir rəhbər olduğu qurumun belə aksiyalarda hər zaman aktiv olduğunu vurğulayıb. 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin sözlərinə görə, aksiyada  500-dən çox “ASAN Könüllüsü” yer alıb:

“Yay aylarında çirkləndirdiyimiz əraziləri bu gün artıq təmizləməyin vaxtıdır”.

Aksiyaya övladları ilə birlikdə könüllü qoşulanlar da var. Onların sözlərinə görə, e-mail vasitəsilə xəbər tutduqdan sonra qatılmaq qərarına gəliblər:

“İstəyirik ki, övladlarımız da uşaq yaşından bu kimi ictimai işlərdə aktiv olsun. Dənizi seviriksə, onu qoruyub gələcək nəsillərə saxlamalıyıq”.

Aksiyanın azyaşlı iştirakçısı İsa Canbəyin də böyüklərə bir mesajı var:

“İnsanlar zibilləri yerə atır. Zibil çöp qutusuna atılmalıdır. Ətrafı çirkləndirmək olmaz”.

Qeyd edək ki, “Xəzəri qoruyaq!” aksiyası çərçivəsində 1815 kq qida qalıqları, tikinti materialları və şüşə, 211 kq plastmas, 30 kq karton və kağız, 15 kq sellofan torba toplanıb.

Ümumilikdə isə Azərbaycanda son 8 il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 45 hektara yaxın ərazisi təxminən 35 ton məişət tullantısından təmizlənib.

Günel Hacı

Fotolar: Nuran Məmmədov

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …