Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / BAĞLANAN SAYTLAR , EYNULLA FƏTULLAYEVİN SİLİNƏN STATUSU VƏ HƏBSDƏN SONRAKI FOTOSU…

BAĞLANAN SAYTLAR , EYNULLA FƏTULLAYEVİN SİLİNƏN STATUSU VƏ HƏBSDƏN SONRAKI FOTOSU…

Tanınmış jurnalist Eynulla Fətullayevin rəhbərlik etdiyi saytların bağlandığı barədə məlumat yayılıb. Dünən həmin saytlarda çalışan bəzi jurnalistlər sosial şəbəkələrdə işsiz qaldıqlarını və özləri üçün yeni iş yeri axtardıqlarını bəyan ediblər. Saytların yenilənməsi və təqdim edilən materiallardan da görünür ki, Eynulla Fətullyevin ətrafında nəsə baş verir. Virtualaz.org gec-gec yenilənir, rusdilli haqqın.az saytında isə, əsasən Azərtac Dövlət Agentliyinin məlumatlarından istifadə edir. Cərəyan edən proseslərə Eynulla Fətullayevin iki maraqlı reaksiyası olub.

 

 

Fevralın 05-i gecə saatlarında Eynulla Fətullayev belə məzmunlu  bir status  paylaşdı : ” Hörmətli oxucular, ABŞ-la bağlı tutduğum səhv mövqeyə görə sizlərdən üzr istəyirəm”.

Maraqlıdır ki, bir neçə saatdan sonra jurnalistin yazdığı həmin status  silindi…

Hər halda, bu, Eynulla Fətullayevin saytlarının qəfil bağlanması  səbəbi ilə maraqlanan çoxsaylı həmkarlar və oxucu auditoriyası üçün ciddi ipucu verə biləcək maraqlı bir məlumat sayıla bilər. Çünki əvvəllər radikal müxalif  mövqeyi ilə tanınan Eynula Fətullayev həbsdən çıxandan sonra, açıq şəkildə iqtidarın yürütdüyü siyasəti dəstəkləyirdi. Onun  fəaliyyət  göstərməsi üçün isə istənilən şərait yaradılmışdı.  Fətullayevin 70-ə yaxın işçiyə yüksək əmək haqqı verməyi bacarması  həmin dəstəyin hansı səviyyədə olmasından xəbər verir. Bu da  jurnalistin ali siyasi hakimiyyətlə ciddi problemlərinin olmaması anlamına gələ bilər.  Fətullayev isə istedadlı bir jurnalist olaraq, ona tapşırılan missiyanın öhdəsindən digərləri ilə müqayisədə daha yarıdacaq tərzdə  gəlirdi. Onun saytlarının ölkədəki, hətta hüdudlarımızdan kənardakı ictimai rəyin formalaşmasına ciddi təsiri vardı.  Fətullayevin saytlarını hamı oxuyurdu – Eynulladan xoşu gələn də, zəhləsi gedən də….

Jurnalistin özü ABŞ-ın Azərbaycanla bağlı siyasətini şərh edərkən ciddi səhvə yol verdiyini iddia edirsə, deməli, həmin məqama diqqət yetirməyə dəyər. Bəli, ABŞ-ın Azərbaycana qarşı sanksiya tətbiq etmək hədələri gündəmdə olduğu vaxt Eynulla Fətullayev ANS televiziyasının efirindən rəsmi Bakının müqavimət göstərdiyi tezislərin əksinə olan bir yanaşma ortaya qoydu. Həmin vaxt jurnalist məsələnin çox ciddi olduğunu, heç də Azərbaycanın bəzi millət vəkillərinin və rəsmilərinin ifadə etdiyi qədər bəsit olmadığı diqqətə çatdırdı.  Sonra isə, onun rəhbərlik etdiyi saytlarda Azərbaycanın xarici siyasətinə məsul olan şəxslər – həm ABŞ-ın sanksiya məsələsinə, həm də AŞPA-dakı bir qətnamənin qəbulunda uduzduqlarına  görə kəskin tənqid edilməyə başladı.

Çox güman ki, Eynulla Fətullayev məhz bu məqamlara görə oxuculardan üzr istəmək qərarına gəlib…

Onun ikinc münasibəti isə haqqın.az saytı ilə bağlı oldu və həmin material status şəklində yazılmadı, birbaşa saytın manşetinə yerləşdirildi. Məzmunu belədir:

 “Hörmətli oxucular! Bu fotoşəkil mən həbsxanadan çıxandan sonra çəkilib. Siz inana bilərsinizmi ki, mən haqqin.az-ı uduzacağam? Biz əvvəlki mövqelərimizdəyik. Sizinlə birlikdəyik. Müvəqqəti çətinliklər var. Lakin biz bu çətinlikləri üstələyəcəyik!”

Göründüyü kimi, Eynulla Fətullayev yalnız haqqın.az uğrunda mübarizəyə girişdiyini bəyan edir. Nədənsə, həmin xüsusda Virtualorg.az-ın adını çəkmir.  Maraqlı görünən başqa bir məsələ isə , Eynulla Fətullayevin niyə məhz həbsxanadan çıxandan sonrakı şəkilinə eham vurmasıdır. Bəlkə, bununla Fətullayev həbsdən əvvəlki mövqeyinə qayıda biləcəyinə işarə etmək istəyir… 

RÖVŞƏN ƏLİ 

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Əliyar Əliyev və Mais Bərxudarovun – FOTOSU

Azərbaycanın Milli Qəhrəman Əliyar Əliyevin yeni fotosu yayılıb.  Fotoda hazırda Qarabağda döyüş meydanında olan general-mayor …

Bir cavab yazın