Suraxanı
Rayon İcra Hakimiyyətinin yeni başçısı Əziz Əzizovun bacısı oğlu Murad
Ağayevi özünə köməkçi təyin etməsi müzakirələrə səbəb olub. Başçının bu
təyinatını korrupsiya adlandıranlar da az deyil.
Qeyd edilir ki, M.Ağayev bundan əvvəl Yasamal Rayon İcra
Hakimiyyətində başçının köməkçisi, daha əvvəl isə Hüquq şöbəsinin
məsləhətçisi vəzifəsində çalışıb. M.Ağayevin əvvəllər Cəlilabad Rayon
İcra Hakimiyyətində Əziz Əzizovun sürücüsü olduğu bildirilir.
Hüquqşünas, Bakı “Hüquq” şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni
Müsavat”a deyib ki, korrupsiyaya qarşı mübarizə demokratik və sivil
inkişaf yolu seçmiş hər bir dövlətin qarşıya qoyduğu əsas məqsəd
olmalıdır: “Vəzifəli şəxsin öz yaxınını köməkçi vəzifəsinə gətirməsi
normal hal deyil. Sual oluna bilər ki, məgər vəzifəli şəxs ətrafında
uyğun bir şəxs tapmayıb ki, özünün yaxın qohumunu işə götürür?
Korrupsiya ictimai həyatın bütün sahələrinə pozucu təsir edir. Bu
neqativ təzahürdür. Cəmiyyətin mütərəqqi inkişafına maneədir. Korrupsiya
dövlət büdcə vəsaitinin, iqtisadi sahədə sağlam bazar rəqabəti
mexanizminin pozulmasına, inhisarçılığın yaranması və inkişafına,
xüsusən dövlət sifarişlərinin bölünməsi və kreditlərin qeyri-səmərəli
paylanılmasına, cəmiyyətin əksəriyyətinin hesabına korrupsiya
münasibətlərində olan bir qrup insanın əsassız varlanmasına səbəb olur.
Korrupsiya elementlərinin hesabına malın və xidmətlərin qiymətinin
artmasına, gizli iqtisadiyyatın formalaşması və inkişafı üçün əlverişli
şəraitin yaranmasına gətirib çıxarır ki, bu da son nəticədə dövlətin öz
iqtisadi funksiyasını tam həcmdə, səmərəli və ədalətli şəkildə həyata
keçirməsinə maneçilik törədir. Bunu vəzifəli şəxslər bilməlidir və
onlara etibar olunan sahədə vəzifələrə təyinatlar apararkən öz yaxın
qohumlarını seçməkdən çəkinməlidir. Korrupsiya ölkənin maddi həyat
nemətlərinin kiçik oliqarx qrupun xeyrinə ədalətsiz şəkildə bölünməsinə,
cəmiyyətin böyük hissəsinin yoxsullaşmasına və ölkədə sosial
gərginliyin artmasına səbəb olur. Korrupsiya cəmiyyətin ayrı-ayrı
strukturlarının həyatını nizamlayan əsas vasitəyə çevrilməklə qanunu,
hüququ nüfuzdan salır”.
Şirkət rəhbəri deyir ki, korrupsiya vəzifəli şəxslər tərəfindən
dövlət əmlakının oğurlanması, talanması və mənimsənilməsi, xidməti
statusdan sui-istifadə edərək şəxsi mənfəət, güzəşt, imtiyaz əldə
edilməsi, ictimai məsuliyyət və şəxsi tamah arasında maraqların
konfliktidir: “Başçının öz bacısı oğlunu vəzifəyə təyinatı məsələsi
müvafiq qurumlar tərəfindən araşdırılmalıdır və müvafiq ölçü
götürülməlidir.
“Korrupsiyaya qarşı mübarizə” haqqında Azərbaycan Respublikasının Qanununa 7-ci maddəsinin tələbi belədir:
– Yaxın qohumların birgə işləməsinə yol verilməməsi
7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və
qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla,
bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.
7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin
tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin
pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna
edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin
şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.
7.3. Bu Qanunun 7.2-ci maddəsində göstərilən əsaslar üzrə vəzifədən
azad olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda
vəzifə tuta bilərlər.
Göründüyü kimi, başçı öz qohumunu 30 gün ərzində təyin etdiyi vəzifədən çıxarmalıdır. Qanunun tələbi budur…