Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / Aktual / Babək Səmidlinin dediklərinə niyə cavab verilmədi?

Babək Səmidlinin dediklərinə niyə cavab verilmədi?

“Hesab edirəm ki, Müdafiə Nazirliyi bu məsələyə münasibət bildirməyə borclu idi”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov şəhid polkovnik Babək Səmidlinin ötən həftə yayılan səs yazılarından danışarkən deyib.

Hərbi ekspert bildirib ki, Babək Səmidlidən çox-çox sonra mayor Səbuhi Abdullayevin açıqlamalarına Müdafiə Nazirliyi dərhal reaksiya verdi:

“Mayor Səbuhi Abdullayev isə Hərbi Hava Qüvvələrinin zabiti olub və ranqına, tutduğu vəzifəyə görə qat-qat aşağı rütbədə olub. Müqayisə üçün deyəndə görürük ki, Babək Səmidli korpus komandirinin müavini olub. Hesab edirəm ki, Müdafiə Nazirliyi bununla bağlı müəyyən fikir bildirməli idi”.

Polkovnikə görə, Müdafiə Nazirliyinin bəzi məsələlərə “kefim istəyəndə açıqlama verirəm, kefim istəməyəndə açıqlama vermirəm” münasibəti doğru deyil:

“Bu da cəmiyyətdə əlavə şayiələrin, söz-söhbətlərin yayılmasına gətirib çıxarır. Müdafiə Nazirliyi kifayət qədər dövlətin müdafiəsini və təhlükəsizliyini təmin edən bir qurumudur. Ona görə də nazirliyin rəhbər şəxsləri bu məsələləri diqqətə almalıdırlar. Mən şəxsən bunu alqışlamıram və belə münasibət də Müdafiə Nazirliyinin adına ucalıq gətirmir. Babək Səmidlinin fikirlərinin nə dərəcədə həqiqətə uyğun olub-olmaması Müdafiə Nazirliyinin və yaxud da ki, təşkil oluna biləcək komissiyanın rəyinə əsasən, deyilə biləcək”.

Ü. Cəfərov Babək Səmidli tərəfindən ittiham olunan şəxslərin kim olması məsələsindəki sirr pərdəsini də açıb:

“O ki qaldı bu mesajlar kimə ünvanlanıb, bu da aydın məsələdir ki, orada kimin fəaliyyət tərəfi göstərilirdisə, – məsələn, rabitəylə bağlı hansısa bir narazılıq bildirilirdisə, aydın məsələdir ki, o, Müdafiə Nazirliyinin Rabitə İdarəsinin rəisi general-leytenant Məmməd Eminova ünvanlanmış sual idi və ən azından, o, buna aydınlıq gətirməliydi. Yaxud tutaq ki, rüşvət-korrupsiya məsələsi varıydısa, yenə də Müdafiə Nazirliyinin bu işlərin araşdırılması və digər mühüm işləri həyata keçirən müvafiq qurumları var: Təhqiqat İdarəsi, Hüquq İdarəsi və s. qurumlar bu məsələyə aydınlıq gətirməyə borcluydular”.

Hərbi analitik əlavə edib ki, bəzən bir çox dövlət və hökumət strukturları bunun üzərindən ölü bir sükutla keçirlər:

“Mən özüm dəfələrlə Nazirlər Kabinetini ittiham etmişəm ki, 4 gündən sonra zəfərimizin 2 ili tamam olacaq. Lakin 2016, 2020 və 2022-ci ildə döyüşən insanlar niyə hələ də Müharibə Veteranı adı almayıb?! Nazirlər Kabinetindən isə səs çıxmır. Təsəvvür edin ki, əgər rəhbər şəxslər – Nazirlər Kabineti, Müdafiə Nazirliyi özləri nümunə göstərmirlərsə, digər yerdə qalanlar da onlara baxıb belə bir sağlam olmayan münasibət sərgiləyəcək. Belə olmaz.

Mənim münasibətim ondan ibarətdir ki, dövlət və hökumət strukturları kiminsə şəxsi təsərrüfatı, özəl şirkəti deyil ki, mən belə qərar verirəm. Hətta özəl şirkətin də qanunlara əsasən, ixtiyarı yoxdur ki, əgər onun fəaliyyəti ilə bağlı cəmiyyətdə hər hansı bir sual yaranırsa, o məsələlərə mütləq mənada işıq salınmalı və aydınlıq gətirilməlidir”.

Həmçinin oxuyun

AZƏRTAC-ın İdarə Heyətinin yeni sədri kollektivə təqdim olundu

“Qafqazinfo” xəbər verir ki, təqdimatda Hikmət Hacıyev çıxış edərək Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini …