Fevral 9-da ölkədə növbədənkənar parlament seçkiləri keçirildi. Artıq
ilkin nəticələr və bütün dairələr üzrə lider namizədlərin adları
açıqlanıb. Ümumi seçki prosesinə siyasi təhlilçilərlə AYNA tutmağa
çalışdıq.
Politoloq Tofiq Abbasovun sözlərinə görə, parlament seçkiləri bütün
ölkələrdə ziddiyyətli fikirlərə səbəb olur: “Təbii ki, seçkilərdə qalib
gələnlər varsa, məğlub olanlar da olacaq. Lakin əsas məsələ ondan
ibarətdir ki, bu cür proseslər əsasında hər zaman müxtəlif iddialar
tüğyan edir. Məğlub olanlar həmişə müxtəlif motivləri gündəmə gətirir və
çalışırlar ki, özlərinin qeyri-əlverişli vəziyyətlərinə bəraət
qazandırsınlar”.
“Lakin hər şeyə rəğmən, seçici fəallığı ümidləri doğrurltmayıbsa, bu,
çox böyük təəssüf doğurur. Halbuki Azərbaycan seçicisi öz səsvermə
hüququnu əldən verməməlidir. İnsanlar seçki günü evdən çölə çıxmaq
istəmirlər. Firkiləşirlər ki, onlar səs verməsələr belə, əvvəlcədən
planlaşdırlmış namizədlər seçkilərdə qalib gələcəklər. Buna baxmayaraq,
bir neçə dairədə araşdırmalar aparılır. Ola bilsin, yenidən səsvermələr
də keçirilsin. Son qənaətə proseslər başa çatdıqdan sonra gəlmək
lazımdır”, – ekspert deyib.
Abbasov
ümumi narazılıq nəticəsində seçkilərin nəticələrinin ləğvi və yenidən
keçirilməsi ehtimalına da münasibət bildirib: “Seçkilərin təkrar
keçirilməsinə inanmıram. Amma ola bilər ki, bəzi dairələrdə yenidən
səsvermə olsun. Bu, baş verə bilər, amma yeni seçkilərin olması
qeyri-real görünür. Onsuz da Mərkəzi Seçki Komissiyası bələdiyyə
seçkilərindən parlament seçkilərinə keçid etmişdi. Bu isə özlüyündə çox
ağır bir prosesdir. Təbii ki, orada çalışan mütəxəssislərin şəxsi
qayğıları və məsuliyyətləri var. Ard-arda seçkilərin keçirilməsi son
dərəcə ağır və təşkilati baxımından problemli ola bilər”.
“Xalqın gözündə uğursuz görünən bəzi millət vəkilləri yenidən qələbə
qazandılar. Əlbəttə ki, bu məsələyə prinsipial bucaqdan baxanda,
insanların anlaşılmaz durumda qaldığı görünür. Bu isə son dərəcə həssas
durumdur. Ona görə də proses cəmiyyətdə birmənalı qarşılanmayacaq.
Bununla bərabər, Parlamentə yeni simalar da gəldi. Təbii ki, uzun illər
Milli Məclisdə təmsil olunmuş, dövlətçilikdə xüsusi rollarının olduğunu
düşünən insanları da anlayışla qarşılamaq lazımdır. Buna görə onlar da
yenidən seçki kampaniyasına qatıldılar. Hər halda nəticələr seçicilərin
ürəyincə olmayıbsa, həmin seçicilər özlərində də günah görməlidirlər.
Çünki onlar mütəşəkkil formada səsvermədə iştirak edib səs vermədikləri
namizədə etirazlarını bildirsəydilər, bəlkə də nəticələr tamam başqa cür
olardı. Lakin vətəndaşların əksəriyyəti səsvermə hüquqqundan imtina
edib. Ona görə əldə olunan nəticələr gözlənilən və qanunauyğundur”, –
müsahibimiz vurğulayıb.
Politoloq
Natiq Miri isə seçki prosesindən narazı qalanlar sırasındadır:
“Fövqaladə vəziyyətdə keçirilən seçkilərin təyinatından və seçki
hazırlığından hiss olunurdu ki, proses seçkilərin demokratik
keçiriləcəyindən xəbər vermir. Bundan əlavə, seçki institutunda hər
hansı bir dəyişikliyin olmaması, indiyə qədər olunan bütün seçki
saxtakarlıqlarında MSK-nın bilavasitə iştirak etməsi və MSK sədrinin
hələ də seçki institutuna rəhbərlik etməsi onu göstərdi ki, seçkilərin
nəticəsi müsbət olmayacaq”.
“Növbəti dəfə insanların seçki hüququ pozuldu. Cəmiyyətdə nisbətən
demokratik seçkilərə ümid vardı. Doğrudur, bu, kütləvi hal almamışdı.
Ona görə də seçici aktivliyi 10 faizi keçmirdi. Elə bu faktın özü də
göstərdi ki, ölkədə seçki insitutu iflasa uğrayıb və ictimaiyyətin
seçkiyə inamını bərpa etmək üçün uzun illərə ehtiyac var. Hamkmiyyət
bundan doğru nəticə çıxarmalıdır”, – N.Miri bildirib.
O, hesab edir ki, baş verənlər Azərbaycanın beynəlxalq imicinə də mənfi təsir edəcək.
Həmçinin oxuyun
Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR
Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …