Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / “Bəy-gəlin bunu 3 minə alıb, toyda tort əvəzinə kəsir” – Video

“Bəy-gəlin bunu 3 minə alıb, toyda tort əvəzinə kəsir” – Video

Xəbər verdiyimiz kimi, dünəndən etibarən Bakıda ənənəvi bal yarmarkasına start verilib. Ötən illərdən fərqli olaraq bu dəfə yarmarka açıq havada, yəni Tofiq Bəhramov stadionunun qarşısında təşkil olunub.

Biz də “Qafqazinfo” olaraq yarmarkada iştirak edib, arıçılarla söhbətləşdik.

Hər zaman yarmarkanın mərkəzdən uzaq olması səbəbilə alıcıların rahat gələ bilməməsindən gileylənən arıçılar bu dəfə məkandan razı görünürdü.

Arıçı Fazil Təhməzovun sözlərinə görə, ilk gün olmasına baxmayaraq, yarmarka ilə xeyli maraqlananlar var. Balın qiyməti isə son üç ildir ki, sabitdir: “20-35 manat arasında dəyişir. Ancaq son söz elə alıcınındır”.

Yarmarka iştirakçılarından olan İlqar Məmmədov 14 yaşından arıçıdır. Bununla yanaşı, o, 30 ildir ki, dülgərlik fəaliyyəti ilə məşğul olur. Alıcıların marağını qazanmaq və yarmarkada fərqlənmək üçün arıçı bu il qeyri-adi addıma əl atıb. Belə ki, iki peşəsini birləşdirərək ağacdan hazırladığı çiçəyin ləçəklərinə bal lövhələri yerləşdirib. Dediyinə görə, hər ləçəyin qiyməti 50 manatdır. Çiçək isə artıq çoxdan alınıb. Özü də nə az, nə çox 3 min manata:

“Daha çox toy üçün istəyirlər. Bəy və gəlin tort əvəzinə bu gülün ləçəyini kəsir. Artıq elə dövrdür ki, gərək ticarətdə nə iləsə fərqlənməyi bacarasan”.

Son olaraq qeyd edək ki, yarmarkada 371 arıçı 120 ton balla iştirak edir. Sərgi oktyabrın 30-a qədər davam edəcək.

 

 

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …