Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Bəhram Bağırzadə: “Manana aktrisa deyil, müğənnilik etsə yaxşıdır”

Bəhram Bağırzadə: “Manana aktrisa deyil, müğənnilik etsə yaxşıdır”

Nizami Kino Mərkəzində Gürcüstanın “K Production” kino şirkəti tərəfindən Azərbaycan kinematoqrafçılarının iştirakı ilə istehsal edilmiş “Robinzon və 9 Cümə” bədii filmi ilə bağlı mətbuat konfransı keçirilib.
Musavat.com xəbər verir ki, konfransda Tbilisi və Minsk şəhərlərində təqdimatları keçirilən filmin gürcü yaradıcı heyəti iştirak edib.
Mətbuat nümayəndələrini salamlayan rejissor Georgiy Kikaleişvili ekran işindən söhbət açıb:
“Bakıda olduğumuz üçün şadıq. Azərbaycanlılarla birlikdə ərsəyə gətirdiyimiz filmin bu qədər maraqlı alınacağına inanmırdıq. Komediya janrında olan ekran işində dəyərli sənət adamları rol alıb. Gürcüstanda  nümayiş olunan “Robinzon və 9 cümə” bəyənildi. İnanırıq ki, Azərbaycanda da  ekran işi gözəl təsürat yaradacaq”.
Filmdə rol alan aktyor-müğənni İrakli Pircxalava qeyd edib ki, çəkilişlər maraqlı keçib.
Konfransdan sonra ekran işinin təqdimat mərasimi baş tutub.  Əməkdar artist Bəhram Bağırzadə yer aldığı “Robinzon və 9 cümə” filmini izləmədiyini bildirib: “Tamaşaçıları bu maraqlı filmə görə təbrik edirəm, onlar zövqlərinə uyğun ekran işi izləyəcəklər. Ölkələr arasında  çəkişmələr yaşandığı dövrdə gürcü və azərbaycanlılar birgə film çəkib. Bu çox gözəl hadisədir. Çəkilişlər maraqlı keçdi. Məni ekran işinə  dəvət etdikləri üçün filmin heyətinə təşəkkür edirəm. Hələ ki, ekran işini izləməmişəm. Mənimlə birlikdə Rusiyadakı səfirimiz Polad Bülbüloğlu və Manana da rol alıb”.
Aktyor Manananın aktrisalıq qabiliyyətindən də danışıb: “Manana aktrisa deyil, o oxusa, daha yaxşıdır. Mən də KVN-çiyəm. Mən də KVN komandasında yer alsam, yerinə düşər”.
Manana “Robinzon və 9 cümə”də  rol aldığı üçün xoşbəxt olduğunu qeyd edib: “Gürcü və azərbaycanlı sənətkarlara təşəkkür edirəm ki, bu filmdə bir araya gəlib. Aktrisalığım haqda heç nə deyə bilmərəm. Rejissorlar mənim yer aldığım hissəni bir dəfəyə çəkirdilər. Xoşbəxtəm ki, bu cür işdə yer almışam”.
Qeyd edək ki, Paata Quliaşvili, Vaxtanq Kikabidze, İrakli Pircxalava, Keta Topuriya, Polad Bülbüloğlu, Bəhram Bağırzadə, Manana Caparidze, Nani Breqvadze, Luçiya Luşik, Arçil Meparidze, Kaxi Kavsadze və başqalarının rol aldığı ekran işinin quruluşçu rejissoru Georgiy Kikaleişvilidir.





Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın