Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / BƏZİ MƏMURLAR “GÜNDƏM XƏBƏR” QƏZETİ İLƏ NİYƏ DÜŞMƏNÇİLİK EDİR? – REAL VƏZİYYƏT

BƏZİ MƏMURLAR “GÜNDƏM XƏBƏR” QƏZETİ İLƏ NİYƏ DÜŞMƏNÇİLİK EDİR? – REAL VƏZİYYƏT

Baş redaktor Şirin Cəfəri ən ağır maddi şərtlər altında qəzeti ayaq üstə saxlayaraq məmurların sifarişli məhkəmə çəkişmələri ilə üz-üzə qalıb

Eldar Mahmudovun ifşası fonunda bəzi vəzifəlilərin hələ də mətbuata basqısı anlaşılan deyil, baş yazar həbs edilə bilər

Prezident İlham Əliyev jurnalistlərin dostu elan olunanda bəzi məmurlar mətbuata qarşı düşmənçiliyini davam etdirdilər. Ölkə başçısının mediaya maddi və mənəvi dəstəyi olduğu zamanlarda, KİV nümayəndələrinin mənzillə təmin olunduğu vaxtlarda yenə də ayrı-ayrı vəzifəlilər öz ayıblarına kor olmaq əvəzinə qələm əhlinə hücum xəttini seçdilər.

Məmurların ifşası

Bu gün də bəzi məmurlar haqda ifşaedici materialların dərc olunması, çinovniklərin əməllərinin faş edilməsi onları narahat etməyə bilmir. Bu halda çıxış yolunu mətbuata basqıda, jurnalistləri hədələməkdə, baş redaktorları təhdid etməkdə, məhkəmə ilə qorxutmaqda görürlər.

“Gündəm Xəbər” qəzeti və təsisçisi Şirin Cəfəri də iki ildir məhkəmə çəkişmələrindədir. Bəzi dövlət məmurları öz təzyiq rıçaqlarından istifadə edərək bir media orqanını çökdürmək, baş redaktorunu həbsə göndərmək üçün çırmanıblar.

“Gündəm Xəbər” qəzeti çap mediasında öz müstəqilliyini qoruyub saxlayan qəzetlərdən biridir və bu günə kimi azad söz uğrunda mübarizədə ön cərgələrdə yer alıb.

Korrupsioner məmurların ifşası, onların vətəndaşlara qarşı etdiyi qanunsuzluqlar, dövlətin vəsaitlərini şəxsi maraqları naminə xərcləməsi faktları hər zaman bu qəzetin səhifələrində çap edilib.

Prezidentdən dəstək, vəzifəlilərdən isə…

Bunun nəticəsidir ki, “Gündəm Xəbər” qəzeti indiyə qədər məmurlar tərəfindən təzyiqlərə məruz qalır, prezidentin mediaya dəstək verdiyi halda vəzifəlilərin basqıları ilə qarşı-qarşıya qalır.

Baş redaktor Şirin Cəfərinin prezident İlham Əliyevə müraciətində bu faktları sadalaması geniş şəkildə öz əksini tapıb. Belə ki, “Gündəm Xəbər” qəzeti işıq üzü gördüyü illər ərzində dövlətçiliyə xidmət edən bir mətbu orqan olub.

Qəzet hər zaman ictimai həyatımızda baş verən sosial-iqtisadi, siyasi yönümlü problemləri qabardıb, onların ictimailəşməsinə çalışıb.

Hətta dövlətçiliyə bu və ya digər şəkildə zərər vura biləcək xarici qüvvələrin məkrli planlarını da ifşa etmişik, onları cavabsız qoymamışıq. Çünki “Gündəm Xəbər” qəzetinin redaksiyasında çalışan hər bir əməkdaşda Azərbaycan sevgisi, torpağa bağlılıq var.

Ancaq dövlətimizi sevməyən, tənqidə dözməyən, hətta prezidentin yürütdüyü siyasətin əleyhinə belə mövqe nümayiş etdirən bəzi vəzifə sahibləri bu gün də “Gündəm-xəbər”dən əl çəkmirlər.

Mediaya təzyiq çıxış yoludur?

Ölkədə bu gün gedən son proseslər, iqtisadi hadisələr, eyni zamanda generalların həbsi, maliyyə xəyanəti, bəzi MTN məmurlarının dövlətə vurduğu zərbə, sahibkarlara edilən zülmlər, eks-nazir Eldar Mahmudovun ifşası fonunda bəzi məmurların hələ də mətbuata təzyiqləri anlaşılan deyil.

Belə məlum olur ki, “gözü çıxmış qardaşından” ibrət dərsi götürməyən bəzi vəzifə sahibləri qanunsuz əməllərini ört-basdır etməyin yolunu KİV-i təzyiq altında, maddi basqılar altında saxlamaqda, məhkəmə çəkişmələri ilə zəiflətməkdə görürlər.

Hazırda ən ağır şərtlər altında çalışan, ciddi maliyyə problemləri içərisində işləyən, satışı belə bəzi yerlərdə qadağan olunan “Gündəm-xəbər” qəzeti bütün bu çətinliklərə duruş gətirməkdədir.

Qəzetin çapında, satışında yaranan problemlər, manatın devalvasiya olduğu vaxtda ən gərgin şərtlərlə qəzeti ayaq üstə saxlayan Ş.Cəfəri məmurların məhkəmə basqıları ilə üz-üzə qalıb.

Ölkənin aparıcı qəzetinin satışına qoyulan qadağa, məhkəmə qərarları, cərimələr və digər inzibati metodlar nəticəsində Azərbaycanın ən tirajlı tənqidçi mediası süquta uğradılır.

Buna baxmayaraq Ş.Cəfəri qəzeti bir azadlıq adası kimi qorumağa çalışır. Belə olmasaydı sifarişli hökmlər çıxaran məhkəmələr və onları təlimatlandıran məmurlar qəzeti çökdürmək üçün əlindən gələni əsirgəməzdi. Hətta qəzetin özünü belə həbs etmək istəyərdilər, əgər belə bir imkan yaransaydı…

“Gündəm-xəbər” çox ağır keçən 2015-ci ili geridə qoyaraq yeni ildən söz azadlığının inkişafı üçün daha böyük töhfələr verməyə hazırlaşır. Təbii ki, ölkə başçısının da bu istiqamətdə dördüncü hakimiyyətə dəstəyi ən yüksək səviyyədədir. Məmurlar isə öz dəsti-xəttini dəyişmək istəmirlər.

sh

Sifarişli qərarlar, basqılar…

Dövlət başçısına müraciətində də baş yazar məmurların təzyiqlərini qeyd edib. Prezidentə müraciətində Ş.Cəfəri bildirib:

“Hələ bir neçə il bundan əvvəl “Gündəm Xəbər” qəzetinin təsisçisi olaraq mənə qarşı heç bir əsası olmayan, həqiqəti özündə ifadə etməyən, yəni guya vergidən yayınmağımla bağlı 213.2-ci maddəsi ilə cinayət işi qaldırılıb, Gəncə şəhər Kəpəz rayon Məhkəməsində məhkəmə prosesinə başlanıldı.

20 may 2013-cü il tarixdə keçirilən məhkəmə prosesində, haqqımda üç il şərti, iki il isə sınaq müddətinə məhkəmə hökmü elan olundu.

Çıxarılmış qərarla razılaşmayıb, Gəncə Apelyasiya Məhkəməsinə apelliyasiya şikayəti versəm də, Apelyasiya Məhkəməsi Kəpəz rayon Məhkəməsinin çıxartdığı qərarı qüvvədə saxladı.

Bununla da razılaşmayıb, çıxarılmış qərardan Ali Məhkəməyə müraciət etməli oldum. 02 sentyabr 2015-ci il tarixdə birinci instansiya məkhəməsinin çıxartdığı qərar, Ali Məhkəmə tərəfindən də qüvvədə saxlandı. Bu da onu söyləməyə əsaslar verir ki, tənqidə dözümsüzlük nümayiş etdirən məmurlar tərəfindən verilmiş sifarişlər, məhkəmələrin mənimlə bağlı ədalətsiz qərarlar qəbul etmələri ilə nəticələndi.

Vergilər Nazirliyinin cəfəngiyyatı

Baş redaktor prezidentə müraciətində qeyd edib: “20 may 2015-ci il tarixdə barəmdə çıxarılmış iki il şərti cəza almağımın müddəti başa çatdıqdan sonra, 23 oktyabr 2015-ci il tarixdə Ədliyyə Nazirliyinin İstintaq İdarəsində, yenidən Azərbaycan Respublikasının CPM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməyimə dair 152950067 nömrəli cinayət işinə başlanıldı və ittiham aktının araşdırılması üçün toplanmış iş materialları, CM-nin 306.2-ci maddəsi ilə Yasamal rayon Məhkəməsinə də göndərildi.

Hazırda işin araşdırılması Yasamal rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun icraatındadır. Möhtərəm Prezident! “Gündəm Xəbər” qəzetinin təsisçisi olaraq Vergilər Nazirliyinin mənimlə bağlı elan etdiyi qərarının absurd və cəfəng qərar olduğunu tam şəkildə diqqətinizə çatdırmağı özümə borc bilirəm.

Hələ dörd il bundan əvvəl Mətbuat Şurası təsisçisi olduğum qəzetlə bağlı Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə əsası olmayan müraciət ünvanlasa da, həmin müraciət çox keçmədi ki, qeyd olunan qurum tərəfindən Mətbuat Şurasına qaytarıldı.

Belə bir yanaşmadan sonra, bəzi məmurların qəzetimizə qarşı sifariş taktikası dəyişdirildi. Yəni, çox keçmədi ki, Vergilər Nazirliyinin Audit Departamenti “Gündəm Xəbər” qəzetinin redaksiyasında yoxlamalar aparmağa başladı”.

Nazirlik və məhkəmə faktlar qarşısında

Ş.Cəfəri vurğulayıb: “Aparılan yoxlamalar zamanı qərəzli yanaşmalarını ortaya qoyan Vergilər Nazirliyinin əməkdaşları, qəzetin təsisçisi olaraq mənə qarşı fantastik məbləğ-71 min 478 manat. 16 qəpik həcmində cərimə tərtib etməklə bərabər, üstəlik həmin məbləğin 50 faizi miqdarında əlavə maliyyə sanksiyası da tətbiq etdilər.

Həmin vaxt qol qoyulan qanunsuzluqların miqyasını təsvir etmək üçün, hadisələrin tam təfərrüatını olduğu kimi diqqətinizə çatdırıram.

Səyyar vergi yoxlaması zamanı həftəlik və az tirajla çıxan qəzetin dövriyyəsini, gündəlik və çoxsaylı tirajla çıxan “Azadlıq”, “Yeni Müsavat” qəzetlərinin dövriyyəsi ilə eyniləşdirdilər.

Amma Vergilər Nazirliyinin Audit Departamentinin əməkdaşları qəzetin bir ədədinin real satış qiyməti 40 qəpiyə olduğunu və qəzetlərin satışı ilə məşğul olan şirkətlərə 16 qəpik qaldığını, eyni zamanda qəzetlərin 40-50 faizinin satılmadığını nəzərə almadılar

Vergilər Nazirliyinin əməkdaşları yalnız tiraj və dövriliklə bağlı deyil, eyni zamanda qəzetin gəliri ilə də bağlı ciddi yanlışlığa yol verdilər. Yayım firmalarının təqdim etdiyi sənədlərdə qəzetin gəliri real olaraq göstərilir.

Belə ki, vergi yoxlaması aparıldığı dövrdə “Qasid” ASC firması 58 min 118 nüsxə “Gündəm Xəbər” qəzeti qəbul etmiş, 26 min 974 nüsxə satılmış, 31 min 144 nüsxə geri qaytarılmışdır. Redaksiyaya 6 min 473 manat 76 qəpik ödənilmişdir.

Audit yoxlamasının çıxardığı ziddiyyətlər

Eyni vaxtda “Qaya” MMC firması 40 min 722 nüsxə “Gündəm Xəbər” qəzeti qəbul etmiş, 25 min 215 nüsxə satılmış, 15 min 507 nüsxə geri qaytarılmışdır. Satışdan gələn gəlir 6 min 51 manat 60 qəpik olmuşdur.

Amma redaksiyaya ilkin olaraq 5 min 495 manat 28 qəpik ödənmiş, qalan fərq – 556 manat 32 qəpik isə iyun ayında hesaba köçürülmüşdür ki bu da vergi yoxlaması dövrünə aid deyil.

Ötən illər ərzində vergi uçotunu özüm aparmışam və ümumi gəlirimin 4 faizini vergiyə də ödəmişəm. Vergi yoxlaması aparılan dövrdə 12 saylı Ərazi Vergilər İdarəsinə 640 mant 64 qəpik pul ödəmişəm.

Məhkəmənin gedişi zamanı mənə dövlət ittihamçısı Mahir Hacıyev və vəkilim Zaur Niftəliyev tərəfindən, prosesin gedişinə vacib sayılan çoxsaylı suallar ünvanlanmış, həmin sualları da dolğun şəkildə cavablandırmışam.

Məhkəmə prosesində istər mənim, istərsə də şahidlərin verdikləri ifadələr zamanı, Vergilər Nazirliyinin audit yoxlamasının ortaya çıxardığı rəqəmlərlər ziddiyyət təşkil etdiyindən, məhkəmə prosesində bir sıra müəmmalı məsələlərin də araşdırılmasına zərurət yaranıb.

Keçirilən məhkəmə prosesində vəkilim Zaur Niftəliyev, şahidlərin və mənim verdiyim ifadələri əsas tutaraq, Vergilər Nazirliyinin xətti ilə audit yoxlama aparmış İmran Nurməmmədovun tərtib etdiyi aktdakı rəqəmlərin ziddiyət təşkil etməsini əsas tutaraq, işin yenidən ekspertizaya qaytarılmasını dövlət ittihamçısı Mahir Hacıyevdən və hakim Yaşar Həşimovdan xahiş etdi.

Vəkilim etdiyi xahişində bildirdi ki, “mənim dövlət ittihamçısı Mahir Hacıyevin və hakim Yaşar Həşimovun apardığı prosesdən narazılığım var. Çünki, obyektivlik məhkəmə prosesinin əsas sütunudur.

Burada ən azından bir insanın taleyi, eyni zamanda azad mətbuat nümayəndəsinin taleyi həll olunur. Elə bu səbəbdən də, mən Vergilər Vazirliyinin audit yoxlamasının çıxardığı fantastik rəqəmlərlə heç cürə barışa bilmərəm. Məhz, buna görə də işin yenidən ekspertizaya qaytarılmasını daha vacib hesab edirəm”.

“Mənim həbsimə heç bir əsas yoxdur. Vergilər Nazirliyinin barəmdə çıxardığı 71428 manat cərimə qərarı olduqca qərəzli və heç bir əsasa söykənməyən qərardır”.

Bu sözləri “Gündəm-xəbər” qəzetinin baş redaktoru Şirin Cəfəri açıqlamasında deyib.

Onun sözlərinə görə, prezident İlham Əliyevə müraciət ünvanlayıb: “Etdiyim müraciətdən bir həftədən çox vaxt keçsə də, hələ də üzləşdiyim problemin həlli ilə bağlı hansısa araşdırma aparılmayıb.

Ancaq bu gün saat 10.00-da Yasamal rayon Məhkəməsində qondarma vergi cəriməsinin növbəti prosesi keçirildi. Keçirilən prosesdə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası veriləcəyi diqqətimə çatdırıldı. Növbəti prosesin 14 yanvar 2016-cı il tarixdə keçiriləcəyi və son çıxışların da olacağı elan olundu”. (Gündəm-Xəbər)

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın