Ana səhifə / Aktual / Bəzi Azərbaycan diplomatları xaricdə diaspor-lobbi quruculuğunda xəyanət etməsəydi…

Bəzi Azərbaycan diplomatları xaricdə diaspor-lobbi quruculuğunda xəyanət etməsəydi…

Bu günlərdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da AŞ PA-da başladılan yeni anti-Azərbaycan kampaniyasına münasibət bildirib.

O qeyd edib ki, Qərbdə Azərbaycana qarşı ardıcıl və məqsədyönlü şəkildə fəaliyyət göstərən dairələr, onların nəzarətində olan təşkilatlar və media orqanları ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində daha da fəallaşır və ciddi-cəhdlə həm Azərbaycanı, həm də həmin tədbiri qaralamağa çalışırlar. Əli Həsənov bu xüsusda Azərbaycan diasporunu zəiflədən bəzi detallara da toxunub: “Biz ölkə daxilindəki opponentlərdən “niyə Azərbaycan lobbisi Avropa strukturlarında, Qərb dövlətlərinin parlamentlərində, beynəlxalq strukturlarda azdır?”, “niyə bu və ya digər Qərb ölkəsində ictimai rəyə təsiri olan qurum, QHT, düşüncə mərkəzi Azərbaycan lobbisinə çevrilməyib?” suallarını eşitmək istəyirik. Bunun qısa cavabı da var. Birincisi, lobbini yaratmaq kifayət qədər böyük zaman və gərgin fəaliyyət tələb edir. Cənab Prezidentin son təyinatlarının bu işi daha da sürətləndirəcəyinə heç bir şübhə yoxdur. İkincisi, bəzən diaspor və lobbi quruculuğuna dəstək göstərməli olan bəzi şəxslər sadəcə xəyanət yolu tutmuşlar”.
Prezidentin köməkçisi Ə.Həsənov əlavə edib ki, Avropa Şurası yanında səfir postu kimi yüksək vəzifə tutan diplomat indi AŞ PA və digər Avropa strukturlarına Azərbaycanın lobbi fəaliyyəti barədə gizli şikayət-donos göndərməsi haqda “qürurla” danışır: “Çox mühüm səbəb budur – lobbi qurmalı olanlardan bəziləri bu işin önünü kəsmək üçün hətta xəyanəti belə göz önünə almışlar. Lobbi quruculuğuna yardım edəcək bəzi diaspor nümayəndələri isə Qərbin formalaşdırdığı “iaşə müxalifəti”nə çevrilib və Azərbaycan dövlətinə qarşı erməni lobbisi ilə birlikdə mübarizə aparırlar. Həmin “iaşə müxalifəti” AŞ PA-da ermənipərəst “People in Need” təşkilatının dinləmələrində canfəşanlıq edir. Ancaq nə qədər acınacaqlı görünsə də, opponentlər bizi lobbinin zəifliyində deyil, ümumiyyətlə, lobbi fəaliyyətini təşkil etməkdə günahlandırırlar”.

Göründüyü kimi, Prezidentin köməkçisi diaspor nümayəndələrimizdən olan gözləntiləri dilə gətirib. Xüsusilə qeyd edib ki, bu işə dəstək verməli olan adamlar tamamilə yalnış mövqe tuturlar. Diasporumuzu zəiflədən amillərlə bağlı Əli Həsənovun sadaladığı arqumentləri nə dərəcədə tutarlı saymaq olar?
Beynəlxalq Diaspor Mərkəzi icra aparatının rəhbəri Samir Adıgözəlli qəzetimizə bildirdi ki, hörmətli Əli Həsənovun toxunduğu arqumentlər olduqca əsaslıdır: “Mən uzun illərdir bu işin içindəyəm. İlin demək olar ki, böyük bir hissəsini xarici ölkələrdə keçirirəm. Doğrudan da diasporumuzun zəif olmasını şərtləndirən amillər var. Bunun da başında duran faktorlardan əsası soydaşlarımızın düzgün mübarizə taktikası seçməməsilə bağlıdır. Bəli, biz diaspor təşkilatlanmasında lobbiçiliyə keçid etməliyik. Amma bunun üçün bünövrə möhkəm diaspor olmalıdır. Çox təəssüflər olsun ki, biz əksər vaxtlarda soydaşlarımızın eyni ölkədə bir-birilə intriqada olduğunu müşahidə edirik. Doğrudan da son zamanlar müşahidə edirik ki, bəzi soydaşlarımız hakimiyyətlə yox, dövlətlə müxaliflik edirlər. Hətta onun dayaqlarını söyənlər də tapılır. Biz xarici ölkələrdə yaşayan bəzi imkanlı vətəndaşlarımızın çox biganəliyinin də şahidi oluruq. Hətta onlardan elələri var ki, bizə kömək etmədiyi bir yana, gedib erməni dəyirmanına su tökürlər. Bu sahəyə məsul olan qurumda rəhbərliyin dəyişməsindən sonra ümidvaram ki, xaricdəki diasporumuzla əsaslı şəkildə iş aparılacaq. Bir sıra çatışmazlıqlar aradan qaldırılacaq. Ancaq ən əsası isə xaricdəki soydaşlarımızın özlərinin dövlətə münasibəti birmənalı olmalıdır. Sosial şəbəkələrdə gedən müzakirələrdə mən xarici ölkələrə təslim olan diplomatlarımızın dövlətimizə qarşı etdikləri əməlləri xəyanət olaraq qiymətləndirmişdim. Mənə bəzi iradlar da bildirildi ki, bu barədə məhkəmənin hökmü yoxdursa, elə ağır ittiham etmək olmaz. Ancaq görürsünüz ki, hörmətli Əli müəllim də sapı özümüzdən olan baltaların əməlini xəyanət olaraq dəyərləndirir. Arif Məmmədov adlı sabiq səfirimiz gedib bəzi təşkilatlara donos ötürür. Beləsinə yalnız onu demək olar ki, Vətənin havası, suyu, qayğısı ona haram olsun! Cənab Həsənovun fikirlərindən hasil olan qənaət onu da deməyə əsas verir ki, Azərbaycanın diaspor və lobbi fəaliyyətində yeni mərhələ başlanmalıdır. Şübhəsiz, bu, çox yaxın zamanda özünün əməli nəticələrini verəcək. Deməli, mövcud istiqamətdə görüləcək işlərin daha fundamental şəkildə gerçəkləşdirilməsi mütləqdir. Diaspor təşkilatlarımızın aktivliyi o həddə çatdırılmalıdır ki, onlar xaricdə aparılan anti-Azərbaycan kampaniyasına tutarlı əks reaksiya ortaya qoya bilsinlər”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Üstümə sönməmiş siqaret atdılar, məni müdafiə edənləri döydülər” – Nərmin Şahmarzadə

“Mübariz İbrahimov barədə statusuma görə mənə qarşı kampaniya başladılandan sonra təhsil aldığım Bakı Dövlət Universitetində …