Şənbə , Aprel 20 2024
Ana səhifə / Bəşir Süleymanlı: “Biz bu ölkəni sevməsəydik…”

Bəşir Süleymanlı: “Biz bu ölkəni sevməsəydik…”

beshir“Sonuncu əfv fərmanı da məni məyus etdi”

Əməkdaşımız sonuncu əfv sərəncamı ilə azadlığa çıxan siyasi məhbus, Seçkilərin Monitorinq və Demokratiya Mərkəzinin direktoru Bəşir Süleymanlının ailəsində olub. O, Musavat.com-a bildirib ki, həm mənəvi, həm də fiziki sağlamlıq durumu yaxşıdır. O, özünü yenə də ona qarşı irəli sürülən ittihamlarla razı olmadığını bildirib: “Bizə qarşı ittihamlar doğru deyildi və bizə aid deyildi. Biz nə vergidən yayınmışıq, nə də mənimsəmə etmişik”.
Onun sözlərinə görə, siyasi məhbuslar günahsız olduqlarını bildiyindən, əfv siyahısı ilə buraxılmaları həmişə gecdir: “Mən özüm bu əfvdə də, keçən əfvdə də azadlığa çıxacağımı gözləyirdim. Orada ümumiyyətlə hamı gözləyir. Həmişə gözləyirik. Orada olan siyasi məhbuslar həmişə fikirləşir ki, nə zaman azadlığa çıxıb demokratiya uğrunda fəaliyyətlərini davam etdirə biləcəklər. Hər  gün televiziyada xəbərlərdə bu xəbəri gözləyirlər. Orada məlumatları xəbərlərdən izləyirdik, ya da telefon vasitəsi ilə ölkədəki siyasi proseslər barədə xəbər tuta bilirdik. İlqar Məmmədov oradadır, tez-tez görüşmək imkanımız olurdu, söhbətləşirdik. Mən azadlığa çıxanda da sevindi. Məhbus olaraq həm cəmiyyətdən təcrid olunur siyasi məhbuslar, həm də mənəvi əzab çəkirlər, ailədən, sevdiklərindən uzaq düşürlər. Mən belə düşünürəm ki, həbsə düşən əziyyət çəkmir, əziyyəti çöldəkilər çəkir, davamlı olaraq məhbusun yanına gəlmək, orada növbələr, prosedurlar. Ailə, qohum-əqrəba əziyyət çəkir”.
B.Süleymanlının sözlərinə görə, sonuncu əfv fərmanı da onu məyus edib: “Mən gözləyirdim ki, bu dəfə azı on nəfəri, on siyasi məhbusu buraxarlar. Açığı, bu siyasətin necə olduğunu tam olaraq başa düşmürəm. Biz bu ölkəni sevməsəydik, gedib başqa işlə məşğul olardıq. Bu gün Azərbaycanda jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri, siyasi partiyaların nümayəndələri ölkəsini, vətənini sevən insanlardır. Bu insanlar istədiyindən ölkədəki problemləri tənqid edirlər. İstəyirlər ki, problemlər həll olunsun, vəziyyət düzəlsin. Siyasi məhbus məsələsinə birdəfəlik nöqtə qoymaq lazımdır. Bu cür hallar ölkənin, hakimiyyətin imicini korlayır”.
B.Süleymanlı qeyd edir ki, o, həbs olunandan sonra QHT-lərlə bağlı qanunvericilik dəyişdirilib: “Daha da sərtləşdirilib. Qrantlarla bağlı qanun da sərtləşdirildi. Bir neçə beynəlxalq təşkilat fəaliyyətini dayandırdı, neçə QHT təmsilçisi ölkəni tərk etdi. Bizim əməkdaşlıq etdiyimiz Milli Demokratiya İnstitutu da bağlandı. Ona görə mənim hələ ki, hansısa fəaliyyət göstərməyim mümkünsüzdür. Qanuni yolla mümkünsüzdür, bizim fəaliyyətimiz də həmişə qanuni və şəffaf olub. Ona görə də görünən odur ki, ölkədə fəaliyyət göstərmək mümkünsüzdür. Bu da ölkə üçün mənfi haldır. Vətəndaş cəmiyyəti müstəqil şəkildə fəaliyyət göstərə bilmir. Bunun aradan qaldırılması, həbsdə qalan siyasi məhbusların da azadlığa çıxması üçün fəaliyyət göstərmək lazımdır. Çalışmaq lazımdır ki, bu proses, ağrılı proses aradan qalxsın. Həbsxanaya düşmək lazım deyil, itiririk biz. Lazımsız adamlar deyil həbsxanada olanlar. Onlar həbsə düşdükdə fəaliyyət dayanır. Baxın, vətəndaş cəmiyyətindən nə qədər həbslər oldu, bu sektorda xeyli boşluq əmələ gəlib, işlər dayanıb. Bu, çətin və arzuolunmaz bir prosesdir”.
Qeyd edək ki, SMDT direktoru Bəşir Süleymanlı 2014-cü ilin may ayında 2 il vəzifə tutmaq hüququndan məhrum etməklə 3 il 6 ay həbs cəzasına məhkum edilib. O, “qanunsuz sahibkarlıq”, “seçki saxtakarlığı” və “vergidən yayınma”da ittiham olunub.
Röya RƏFİYEVA
Fotolar müəllifindir




Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …

Bir cavab yazın