Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “AZERCELL” BALAKƏN VƏ CƏLİLLABADDA ROUMİNQ TARİFİ İLƏ İŞLƏYİR – SOYĞUNÇULUQ (FOTO)

“AZERCELL” BALAKƏN VƏ CƏLİLLABADDA ROUMİNQ TARİFİ İLƏ İŞLƏYİR – SOYĞUNÇULUQ (FOTO)

Son günlər Azərbaycanın mobil rabitə bazarında əhəmiyyətli paya sahib olan “Azercell” şirkəti ətrafında ciddi proseslərin cərəyan etdiyinə dair məlumatlar yayılmaqdadır.

 Azinforum.az  “Bakı-Xəbər” qəzetinə istinadən bu mövzunu əhatə edən maraqlı araşdırmanı təqdim edir. Məlumdur ki, “TeliaSonera” adlı şirkət Azərbaycanda “Azercell” brendi altında fəaliyyət göstərir. Nə qədər təəccüblü olsa da, sentyabrın 17-də “TeliaSonera” şirkəti belə bir bəyanat yayıb ki, telekommunikasiya nəhəngi tədricən Avrasiya regionundan çıxaraq, biznesini əsasən Avropa regionuna yönəldəcək.
İsveç nəhənginin bu qərarı Azərbaycan ictimaiyyətində, xüsusilə KİV-də aktiv şəkildə müzakirə olunmağa başladı. Müəyyən mülahizələr ortaya çıxdı. Əsasən də şirkətin Azərbaycandan qaçmaq istədiyinə dair fikirlər dolaşmağa başladı.
Qeyd edək ki, son vaxtlar ölkənin ən böyük mobil rabitə operatoru olan “Azercell”də çoxsaylı maliyyə maxinasiyalarının olması barədə mətbuatda çeşidli məqalələrə rast gəlmək mümkündür.
Kadrların yerdəyişmə və əvəzlənməsi bütün şirkətlərdə, o cümlədən iri şirkətlərdə müşahidə olunur. Əksər hallarda bu yerdəyişmə özünə daha rahat və layiqli iş yeri axtaran aşağı ranqlı işçilərə aiddir. Hələ heç rəhbər işçiləri demirik, orta ranqlı işçilər bu prosesdə daha az iştirak edir…
“Azercell”də isə işlər tam tərsinə gedir. Burada şirkətin prezidenti hər 2-3 ildən bir dəyişir. Özü də onların hamısı, nədənsə, əcnəbi olur. Baxmayaraq ki, Azərbaycanda bu gün hər sahədə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində yüksək səviyyəli təcrübəli menecerlər var.
“Kcell” (“TeliaSonera”nın törəmə müəssisəsi) mobil rabitə şirkətinin Qazaxıstandan biabırçılıqla qovulmuş başçısı Cem Səlcuq Ərsoy Azərbaycanda sığınacaq tapa bildi.
Qazaxıstanın hüquq-mühafizə orqanları Ərsoyu məmurları pulla ələ almaqda və digər korrupsiya qalmaqallarında ittiham edirdi. Söhbət 150 milyon dollarlıq (bu rəqəm 800 milyon dollara da çata bilər) maxinasiyadan gedir. Lakin Türkiyə vətəndaşı olan Ərsoy Qazaxıstanda mühakimə olunmaqdan hansısa yolla yayınaraq Azərbaycanda yerləşməyə nail oldu. Burada isə onu “TeliaSonera”nın digər törəmə müəssisəi olan “Azercell” öz himayəsinə götürdü.
Yox, reputasiyası korlanmış bu adamı “Azercell”də işə götürmədilər. Amma ona məhz… “Azercell” şirkəti ilə bağlı geniş fəaliyyət imkanı yaratdılar. Ərsoy 2011-ci ildə “Piramida inşaat” və “Mobasis” şirkətləri yaradaraq “Azercell”dən iri sifarişlər alır.
Adı ölkəmizdə yaxşı məlum olan “Azercell”in sabiq rəhbəri Qaburiçin maxinasiyalarından baş çıxarmaqda təkcə azərbaycanlı İKT mütəxəssisləri yox, həm də onun öz ölkəsinin – Moldovanın hüquq-mühafizə orqanları çətinlik çəkir.
Moldovada hələ də bu məsələnin üstündə baş sındırırlar ki, heç tam orta təhsili də olmayan bu adam bu ölkədə hansı yolla, necə baş nazir postuna qədər yüksələ bilib…
Maraqlıdır, saxta ali təhsil diplomu əldə edən Qaburiç “Azercell” kimi nəhəng şirkətin prezidenti postunu hansı yolla tuta bilmişdi?
Axı hər bir iri şirkətin rəhbərinin,- illah da o, xarici vətəndaşdırsa,- bütün sənədləri çox ciddi şəkildə yoxlanmalıdır. Qaburiçin işi isə elə idi ki, onun Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bütün vacib informasiyalara çıxışı vardı. Bu amil onunla bağlı bütün məlumatların dönə-dönə, diqqətlə və xüsusi həssaslıqla yoxlanmasını sadəcə olaraq tələb edirdi.
Lakin görünür, heç bir xüsusi yoxlama olmamışdı. Və burada bütün postsovet məkanında öz çirkin əməlləri ilə bədnam şöhrət qazanmış “TeliaSonera”nın da rolu olmamış deyildi.
“Azercell”lə bağlı narazılıq yalnız quruma rəhbər posta gətirilən şəxslərlə bağlı deyil. Bu operatordan istifadə edən vətəndaşlar hər gün yeni fırıldaq “sürpriz”i ilə üzləşir.
“Azercell”in abonentlərini son vaxtlar narahat edən daha bir məqam barədə. Son illər xaricdə, xüsusən də Avropada olan və öz qacetinin mobil funksiyasını (3G mobil internetdən istifadə nəzərdə tutulur, bu xidmət isə Azərbaycan ərazisində 20 manatdır) diqqətsizlik ucbatından söndürməyən şəxslər “Azercell”dən 6 rəqəmli borc bildirişləri almağa başlayıb. Rouminqdən istifadə edən şəxslər 2-3 min, bəzənsə 5 min manatlıq bu borcların haradan və necə yarandığını anlamaqda çətinlik çəkir.
“Azercell”dən belə izah verirlər ki, bu borclar Avropa ərazisindəki internet xidməti xərcləri ilə bağlı yaranır. Yəni smartfonundakı mobil funksiyalar söndürülməmiş halda qalan və Avropadakı mümkün sürpriz barədə şirkət tərəfindən xəbərdarlıq almayan şəxs vətənində arzuolunmaz vəziyyətlə üzləşir. “Azercell” ona ağlasığmaz məbləğdə borc bildirişi göndərir. Özü də rouminq istifadəçilərinin çoxu bu zaman internetdən o qədər də fəal şəkildə istifadə etməyib, mesajlara facebook və vatsappda cavab veriblər. Lakin “Azercell” iddia edir ki, səbəb Avropa operatorlarının yüksək tarifləridir. Bu isə ağlasığmaz izahdır.

 

b1

 

Şirkətin digər yarıtmaz fəaliyyəti Azərbaycanla qonşu ölkələrlə sərhəd ərazilərdə bilərəkdən yaxşı xidmət göstərməməsidir. Qəzetimizin əməkdaşları bununla bağlı xüsusi araşdırma aparıb. Məlum olub ki, Balakənin Katex qəsəbəsinə yaxın ərazilərdə “Azercell” şirkəti istifadəçiləri birdən-birə “Velcom to Georgia” məzmunlu mesaj alır. Analoji problem “Azercell” istifadəçisi olan abonentin Facebook vasitəsilə yazdığı inbox mesajında olduğu kimi Ermənistanın göstərilməsi ətrafında yaşanıb. Həmin vaxt şirkət bu məsuliyyəti öz üzərindən ataraq başqa qurumların üzərinə yıxmağa çalışmışdı. İzahı da belə vermişdi ki, ölkənin efir məkanına tamamilə başqa qurum nəzarət edir. Ola bilər ki, biz şirkətdən Balakən və digər sərhəd rayonlarında yaşananlarla bağlı oxşar cavabı alaq. O halda isə maraqlı olan bir məsələyə “Azercell”in aydınlıq gətirməsi zəruridir. Özümüzlə bağlı yaşanan hadisəni qeyd edirik. Katex qəsəbəsində Balakənə gedən yolun kənarındakı kafedə yuxarıda qeyd etdiyimiz mesajı aldıq. “Azercell” istifadəçisi kimi balansımızda lazım olan miqdarda kontur da vardı. Gələn mesaja əhəmiyyət verməyib ölkə daxilinə zəng etdik. Yəni öz ölkəmizdən özümüzə. Danışdıq və məlum oldu ki, balansımızda kontur qalmayıb. Səbəbini belə izah etdilər ki, rouminq vasitəsilə danışmışıq. Bu da Azərbaycan vətəndaşlarının başına “Azercell”in açdığı növbəti oyun. Qeyd edək ki, analoji vəziyyət ölkəmizin cənub sərhədlərində də yaşanır. Cəlilabad rayonunun Qarakazımlı kəndində “Azercell”ə məxsus ötürücü antenna olduğu halda, ona yaxın olan Dələli, Sərxanlı, Moranlı kəndlərinin əhalisi telefonlarında İrancell-in işarəsini görür və əksər hallarda danışıqlarından “Azercell”in xeyrinə rouminq haqqı çıxılır.
Şirkətin fırıldaq məzmunlu mesajları ilə insanları necə tora salması isə tamamilə başqa bir söhbətin mövzusudur…
Məhəmmədəli QƏRİBLİ

 

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın