Ana səhifə / “AZAL rəhbərliyinin biletlərin bahalığı ilə bağlı arqumentləri əsassızdır” – Ekspert

“AZAL rəhbərliyinin biletlərin bahalığı ilə bağlı arqumentləri əsassızdır” – Ekspert

Ötən gün Azərbaycan Hava Yolları QSC-nin həyata keçirdiyi uçuşların baha olması ilə bağlı təqdim etdiyimiz yazıda bu şirkətin rəhbərliyinin də mövqeyi öz əksini tapmışdı.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli xarici aviaşirkətlərlə müqayisədə qiymətlərin yüksək olmasını xidmətin keyfiyyətindəki üstünlüklə əlaqələndirmişdi. AZAL rəsmisi bildirmişdi ki, qiymətlər xarici şirkətlərdən o qədər fərqlənməsə də, xidmət daha yüksək səviyyədədir: “Türkiyə Hava Yolları da eyni qiymətə uçur, biz də eyni qiymətə uçuruq. Necə onlar bizdən ucuz ola bilər? “British Airways” aviaşirkəti də Londona eyni qiymətə uçur, biz də eyni qiymətə uçuruq. Deyirsiniz ki, vətəndaşlar Gürcüstan üzərindən uçmağa üstünlük verirlər. Ancaq bizim təyyarələr onlardan keyfiyyətlidir, komfortludur, servisimiz yüksəkdir, uçuşlarımız təhlükəsizdir. Həmin şirkətlər bir vafli, bir də limonad verirlər, biz isə xüsusi yeməklər veririk. “Air Baltik” aviaşirkəti daha ucuz qiymətə uçur, digər şirkətlər isə ondan iki dəfə baha uçurlar. Ancaq ucuz uçan şirkətlərdə bir stəkan suyu belə, pulla verirlər. Bizdə isə istənilən içki servis olunur. Qiymət fərqi xidmətin keyfiyyətinə görədir, bizim bütün təyyarələrimiz hamısı təzədir”.
Məhərrəm Səfərlinin arqumentlərini əsassız hesab edən iqtisadçı ekspert Qadir İbrahimli bildirdi ki, beynəlxalq aviaşirkətlərin göstərdiyi xidmətin keyfiyyəti heç də AZAL-dan geri qalmır, ancaq qiymətlər daha ucuzdur: “Məsələnin kökündə duran səbəb başqadır. Problem odur ki, Azərbaycanın aviaməkanı bir şirkətin monopoliyasındadır. AZAL bazarda birmənalı olaraq, monopolist mövqedədir və bu mövqedən istifadə edərək, qiymətləri artırır. Əgər araşdırsaq, görərik ki, xarici aviaşirkətlərin təqdim etdiyi xidmətlər daha keyfiyyətli və daha ucuzdur. Ancaq fərq ondadır ki, həmin şirkətlər bazarda rəqabət şəraitində fəaliyyət göstərirlər. Onlar rəqiblərindən daha ucuz və daha keyfiyyətli xidmət təklif etmək üçün yarışırlar. AZAL-ın isə belə bir qayğısı yoxdur. AZAL ən baha qiymətlər təklif edir və bir çox hallarda qiymətlər xidmətin keyfiyyəti ilə adekvat olmur”.
Ekspert onu da bildirdi ki, AZAL-a dövlət büdcəsindən vəsaitin ayrılması da diqqətdən yayınmamalıdır:“Əslində, bu şirkətin dövlətdən maliyyə almağa ehtiyacı yoxdur. Ancaq dövlət tərəfindən büdcə vəsaiti hesabına AZAL-ın infrastrukturuna kifayət qədər yatırımlar edilib. Ancaq məsələ bundadır ki, səslənən arqumentlər heç bir tənqidə dözən arqumentlər deyil. Əgər, təyyarə biletlərinin baha olmasının səbəblərindən biri kimi təyyarələrin baha olması göstərilirsə, onda belə çıxır ki, xəttə yeni avtobuslar buraxılanda marşrutlarda da gediş haqları artırlmalıdır. Bu, ciddi arqument deyil. Hər bir nəqliyyat vasitəsinin özünün istismar müddəti var və həmin müddət bitdikdən sonra o dəyişdirilməlidir. Bu, qiymətə təsir edən bir amil hesab oluna bilməz. Burada problemin başlıca səbəbi AZAL-ın monopolist mövqeyindədir”.
Azərbaycan Hava Yolları QSC-nin həyata keçirdiyi uçuşların qiymətlərini müqayisə edən iqtisadçı bildirdi ki, bu şirkət yaxın məsafələrə uçuşları baha, uzaq məsafələrə uçuşları isə xarici şirkətlərlə müqayisədə ucuz təklif edir: “Bunun səbəbi odur ki, qonşu ölkələrə olan reyslərə tələbat daha yüksəkdir və bu səbəbdən də qiymətlər baha olur. AZAL rəhbərliyi anlayır ki, azərbaycanlılar qonşu ölkələrə, Moskva və Kiyev kimi iri şəhərlərə, Türkiyəyə, Qazaxıstana və sairə daha çox səfərlər edirlər, biznes əlaqələri qururlar, turist kimi bu ölkələri seçirlər, nəinki Avropa şəhərlərini… Bu baxımdan, AZAL bu amildən istifadə edərək, qiymətləri bahalaşdırır”.

 

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın