Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / AZAL Lənkərandan Moskvaya birbaşa reys açdı

AZAL Lənkərandan Moskvaya birbaşa reys açdı

“Azərbaycan Hava Yolları” QSC Moskva-Lənkəran-Moskva marşrutu üzrə birbaşa reyslər həyata keçirməyə başlayıb.

APA-nın verdiyi məlumata görə, ilk təyyarə iyunun 8-də Moskvanın “Vnukovo” Beynəlxalq Aeroportundan yola düşüb.

Moskva-Lənkəran-Moskva marşrutunun açılması münasibətlə “Vnukovo” aeroportunda təntənəli tədbir keçirilib. Reysin təntənəli açılış mərasimində “Vnukovo” Beynəlxalq Aeroportunun baş direktoru Vasili Aleksandrov, satış üzrə direktoru Maksim Şişko, AZAL aviaşirkətinin icraçı direktorunun müavini Cəmil Mənizadə, AZAL aviaşirkətinin Rusiya Federasiyasındakı baş nümayəndəsi Rahib İsayev iştirak ediblər.

Moskva-Lənkəran reysi ilə uçan təyyarədə ilk qeydiyyatdan keçən sərnişin Şölə İsmayılovaya “Vnukovo” hava limanı və AZAL şirkəti tərəfindən xüsusi hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Moskva-Lənkəran-Moskva reysi “Airbus A320” təyyarələri ilə hər həftənin cümə günləri yerinə yetiriləcək. “Vnukovo” Beynəlxalq Aeroportundan uçuş yerli vaxtla saat 10:00-da, Lənkəran Beynəlxalq Aeroportuna eniş yerli vaxtla saat 14:10-da həyata keçiriləcək.

Lənkərandan isə yerli vaxtla saat 15:40-da qalxacaq təyyarə Moskvaya yerli vaxtla saat 17:50-də eniş edəcək. Aviabiletləri AZAL-ın saytında bronlaşdırmaq və şirkətin kassalarında, eləcə də rəsmi agentliklərində əldə etmək mümkündür.

Yay cədvəli çərçivəsində Moskvaya Azərbaycanın digər bölgələrindən də – Gəncə (aprelin 13-dən) və Qəbələ (iyunun 4-dən) AZAL-ın reysləri yerinə yetirilir. Bu istiqamətlər üzrə reyslər Rusiyanın turizm şirkətləri ilə birgə tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilir.

Bundan başqa, ilk milli loukoster “Buta Airways” Gəncədən Moskvaya birbaşa reyslər həyata keçirir.

Həmçinin oxuyun

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz SİYAHI

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 22-dək 3 şəhər, 3 qəsəbə və 133 kənd işğaldan azad …