Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / AZAL-ın qiymətləri niyə “göylə uçur”?

AZAL-ın qiymətləri niyə “göylə uçur”?

Natiq Cəfərli: “AZAL ölkəyə digər şirkətləri buraxmadığına görə aviaxidmət bazarını təkbaşına idarə edir”

Məhərrəm Səfərli: “Aprel ayının 15-dən sonra qiymətləri 20 faiz endirəcəyik”

Azərbaycanda aviabiletlərin baha olması ciddi müzakirə mövzusuna çevrilib. Müzakirələrin əsas xətti bu olub ki, AZAL  ölkədə yeganə yerli aviaşirkət olması və bazarda hökmran mövqeyə sahib olması səbəbindən qiymətləri istədiyi kimi tənzimləyir. 
Vəkil Aslan İsmayılov facebook sosial şəbəkəsindəki səhifəsində bayram günlərində xaricə səfər etmək istərkən qarşılaşdığı qiymətlərdən narazılığını belə ifadə edib: “Bilet qiymətləri ilə bağlı qısa araşdırmalar göstərdi ki, AZAL  bu sahədə inhisarçıdır və istənilən istiqamətə bilet qiymətləri başqa ölkələrlə müqayisədə təxminən iki dəfə bahadır. Bakıya uçan başqa ölkə reysləri də AZAL-ın diktəsi ilə biletləri qat-qat baha qiymətə satmağa məcbur edilir.Novruz bayramı ərəfəsində Bakı-İstanbul-Bakı reysi 600 avro olur. Təxminən eyni məsafə olan Tiflis-İstanbul-Tiflis isə 200 avrodur.Bakıdan Kiyevə uçan reyslərdə qiymətlər 450-600 avro olur. Ukrayna Hava Yollarının eyni məsafədə olan digər ölkələrə uçuş qiyməti 200 avro civarındadır”.
İqtisadçı ekspert Natiq  Cəfərli  “Yeni Müsavat”aaçıqlamasında bildirdi ki, qiymətlərin baha olması ilə bağlı əsas səbəb AZAL-ın inhisarçı mövqeyi və hökumətin də bu şirkətin qərarlarının arxasında durmasıdır: “AZAL ölkəyə digər şirkətləri buraxmadığına görə aviaxidmət bazarını təkbaşına idarə edir və istədiyi qiyməti tətbiq edir. Bundan ən böyük zərbə isə səyahət etmək istəyən Azərbaycan vətəndaşlarına dəyir. Bütün dünyada neftin qiyməti ucuzlaşdığı üçün aviaşirkətlər də çox ciddi endirim kampaniyaları həyata keçirirlər, qiymətlərdə xeyli dərəcədə ucuzlaşma hiss olunur. Məsələn, Gürcüstan və Türkiyənin aviaşirkətlərinin qiymətlərinə nəzər salsaq görərik ki, xeyli dərəcədə enmələr müşahidə olunur. Avropa şirkətləri bizim üçün ağlasığmaz dərəcədə ucuz görünən qiymətlərlə uçuşlar həyata keçirirlər. Azərbaycanda Bakıdan Gəncəyə avtobusla getmək üçün xərclənən vəsaitlə Avropada Parisdən Madridə uçmaq mümkündür. Bütün dünyada ucuzlaşma getdiyi bir vaxtda Azərbaycanda AZAL inhisarçı mövqeyindən istifadə edib qiymətləri tənzimləmək istəmir, həm də bazara daha ucuz xidmət göstərən şirkətləri buraxmır. Nəticədə Azərbaycanda çox ciddi bir proses başlayıb, xaricə uçmaq istəyən insanların əksəriyyəti Gürcüstan üzərindən uçmağa üstünlük verirlər. Hətta Türkiyə və  Avropaya belə Gürcüstan aviaşirkətləri ilə uçuş həyata keçirirlər. Bazarda AZAL-ın ciddi rəqibləri olmadıqca bu proses davam edəcək. Qiymətlərin aşağı düşməsi üçün mütləq rəqabətli mühit yaradılmalıdır”.
İqtisadçı ekspert Vüqar Bayramov isə qeyd etdi ki, AZAL-da qiymətlərin tənzimlənməsi rəqabətin gücləndirilməsi baxımından vacibdir: “AZAL-da qiymətlərin xarici kompaniyalarla müqayisədə ucuzlaşdırılmasına ona görə ehtiyac var ki, vətəndaşlarımız yerli şirkətin xidmətlərindən istifadə etsinlər. Çünki xarici şirkətlərin xidmətindən istifadə edilməsi bu pulların ölkədən getməsi deməkdir. Bu baxımdan AZAL-da qiymətləri müəyyənləşdirən zaman digər aviaşirkətlərin eyni istiqamətdə olan uçuş tariflərinin nəzərə alınmasına ehtiyac var.  Ancaq bir faktı da qeyd edək ki, London və Amerika istiqamətində həyata keçirilən uçuşlarda AZAL-ın tətbiq etdiyi qiymətlər daha aşağıdır. Daha yaxın şəhərlərə İstanbula, Moskvaya AZAL-ın daha ucuz biletlər təklif etməsinə ehtiyac var. Bu da imkan verəcək ki, rəqabət nəticəsində vətəndaşlar nisbətən ucuz qiymətə yerli şirkətin xidmətindən istifadə etsinlər”.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli “Yeni Müsavat”a danışarkən bildirdi ki, birmənalı şəkildə qiymət artımına yol verilməyib: “AZAL heç bir qiymət artırmayıb. Əksinə, aprel ayının 15-dən sonra aksiya keçiriləcək, qiymətləri 20 faiz endirəcəyik”.
AZAL-ın ölkədə inhisarçı mövqeyini qorumaq üçün xarici aviaşirkətləri ölkəyə buraxmaması iddiasına gəlincə, Məhərrəm Səfərli bu fikirlərin əsassız olduğunu bildirdi: “Bu deyilənlər heç bir həqiqətə söykənmir. AZAL Türki Hava Yollarına necə rəhbərlik edə bilər, necə təzyiq göstərə bilər? Bu fikir qətiyyən düzgün deyil”.
Xarici aviaşirkətlərin eyniistiqamətli uçuşlarının daha ucuz olmasına gəlincə, AZAL sözçüsü bildirdi ki, qiymətlərin baha olması xidmət keyfiyyətinin yüksək olması ilə bağlıdır: “Türkiyə Hava Yolları da eyni qiymətə uçur, biz də eyni qiymətə uçuruq. Necə onlar bizdən ucuz ola bilər? “British Airways” aviaşirkəti də Londona eyni qiymətə uçur, biz də eyni qiymətə uçuruq. Deyirsiniz ki, vətəndaşlar Gürcüstan üzərindən uçmağa üstünlük verirlər. Ancaq bizim təyyarələr onlardan keyfiyyətlidir, komfortludur, servisimiz yüksəkdir, uçuşlarımız təhlükəsizdir. Həmin şirkətlər bir vafli, bir də limonad verirlər, biz isə xüsusi yeməklər veririk. “Air Baltik” aviaşirkəti daha ucuz qiymətə uçur, digər şirkətlər isə ondan iki dəfə baha uçur. Ancaq ucuz uçan şirkətlərdə bir stəkan suyu belə pulla verirlər. Bizdə isə istənilən içki servis olunur. Qiymət fərqi xidmətin keyfiyyətinə görədir, bizim bütün təyyarələrimiz hamısı təzədir”.
Musavat.com

Həmçinin oxuyun

Azərbaycanda aliment ödəməyən müəllim dərs zamanı həbs edildi – VİDEO

Azərbaycan rəsm müəllimi dərs zamanı polis tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb. Unikal.org xəbər verir ki, bu …

Bir cavab yazın