Ana səhifə / Aktual / Azad Rəhimov bu adamı 7 ildir süründürür… – GİLEY

Azad Rəhimov bu adamı 7 ildir süründürür… – GİLEY

Bakı sakini Heydər Cəfərov metronun «20 Yanvar» stansiyasının yaxınlığında yerləşən əmlakına görə 7 ildir ki, Gənclər və İdman Nazirliyi ilə çəkişir. DİA.AZ bildirir ki, bu çəkişmənin son iki ili məhkəmələrdə olub və prosesə Maliyyə Nazirliyi də qoşulub.

Nəsimi rayonu, Moskva (keçmiş Tbilisi-red.) prospekti, 3007-ci məhəllədə H.Cəfərova məxsus 33.75 kvadratmetr qeyri-yaşayış sahəsi olub. O, sadəcə tikinti sahəsinin 33.75 kvadratmetr, ikimərtəbəli obyektin ümumi sahəsinin isə 322.5 kvadratmetr olduğunu iddia edir. Əlində olan mülkiyyət hüququ haqqında şəhadətnamə isə 33.75 kvadratmetrə aiddir.

Əmlakının 2012-ci ilin noyabrında dağıdıldığını, yerində Gənclər və İdman Nazirliyinin tabeliyində olan Respublika Velotrekinə məxsus bina və qurğular tikildiyini deyən H.Cəfərovun sözlərinə görə, dağıntı vaxtı obyektin içindəki bütün avadanlıqlar da məhv olub. Amma ona 1 manat da kompensasiya ödənilməyib.

Bu dağıntılar nəticəsində ona 2 milyona yaxın ziyan dəydiyini iddia edən H.Cəfərov bildirir ki, o, dəfələrlə həm Gənclər və İdman Nazirliyinə, həm də başqa dövlət orqanlarına məktublar göndərib: «2016-cı ilin dekabrında nazirliyin aparat rəhbəri Rüfət Həsənov cavab məktubu göndərib obyektin cizgisini tələb elədi. Onu əlavə edib, təkrar müraciət elədim. Bu məktubuma cavab gəlmədi. Sonra 2017-ci ilin aprelində bir də müraciət etdim. Yenə cavab gəlmədi…».

H.Cəfərov bundan sonra məhkəməyə üz tutub. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Gənclər və İdman Nazirliyinə qarşı iddia qaldıran H.Cəfərov nazirlikdən 1 milyon 956 min manat kompensasiya tələb edib. Məhkəmənin gedişində Maliyyə Nazirliyi də üçüncü tərəf kimi prosesə cəlb olunub. Bu məhkəmə iddianı rədd edib. Belə nəticəyə gəlib ki, sözügedən əmlakı məhz Gənclər və İdman Nazirliyinin sökməsi müəyyən edilməyib.

H.Cəfərov bu qərardan şikayət verib və nəticədə Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişib. Apellyasiya Məhkəməsi belə qərara gəlib ki, şəxs əmlakından məhrum olduğuna görə ona vurulmuş zərər ödənilməlidir. Ancaq kompensasiyanın məbləğini 84 min 375 manat müəyyənləşdirib.

Bu qərar isə nə H.Cəfərovu qane edib, nə Gənclər və İdman Nazirliyini, nə də Maliyyə Nazirliyini. Onların üçü də Ali Məhkəməyə şikayət verib.

H.Cəfərov deyir ki, «Qiymətləndirmə Xidməti Mərkəzi» MMC-dən rəy alıb, orada Moskva (Tbilisi) prospektində qeyri-yaşayış sahəsinin 1 kvadratmetrinin real bazar qiymətinin 2500 manat olduğu göstərilib. Bu qurum onun əmlakını da 2 milyon 100 min manat dəyərləndirib. Onun sözlərinə görə, apellyasiya məhkəməsi 84 min 375 manatlıq kompensasiyanı təyin edəndə obyektin içində məhv edilmiş avadanlıqları da nəzərə almayıb.

«Mövcud olmayan, yeri bilinməyən obyektin yalnız mülahizələr əsasında olmasının qeyd edilməsi heç bir məntiqə uyğun gəlmir. İddiaçıya məxsus obyektin və ya torpağın dövlət ehtiyacları üçün alınması barədə hər hansı sübut yoxdur», – bunu isə Gənclər və İdman Nazirliyinin nümayəndəsi bildirib.

Maliyyə Nazirliyi də yazıb ki, sözügedən obyektin hansı sahədə yerləşməsi, sökülmə tarixi, sökülmənin hansı təşkilat tərəfindən həyata keçirildiyini müəyyən etmək mümkün olmayıb. Ona görə də kompensasiya ödənilməsi barədə qərar əsassızdır.

Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını ləğv edib və işi yenidən araşdırılması üçün həmin instansiyaya qaytarıb. Bakı Apellyasiya Məhkəməsində Həmid Həmidovun sədrlik etdiyi hakimlər kollegiyası yenidən həmin işə baxıb. Bu dəfə nazirliklərin xeyrinə qərar çıxarılıb – 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Yəni əmlak sahibinə kompensasiya ödənilməməlidir.

H.Cəfərov yenidən Ali Məhkəməyə şikayət vermək niyyətindədir.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …