Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / “AZƏRSU” VƏ “HİDRO-LOTUS” ƏCNƏBİ İŞ ADAMININ PULUNU NİYƏ VERMİR?– ŞİKAYƏT

“AZƏRSU” VƏ “HİDRO-LOTUS” ƏCNƏBİ İŞ ADAMININ PULUNU NİYƏ VERMİR?– ŞİKAYƏT

TÜRKİYƏLİ İŞ ADAMI ÖLKƏ BAŞÇISINDAN İMDAD DİLƏYİR

Son bir neçə gün ərzində Bakıya yağan yağış paytaxtın kanalizasiya sisteminə cavabdeh olan “Azərsu” adlı dövlət qurumunun yarıtmaz fəaliyyətini üzə çıxarmış oldu. Məlum oldu ki, paytaxtın kanalizasiya və drenaj sistemləri elementar yüklənməyə belə cavab vermir. Bununla bağlı kifayət qədər yazılıb və hesab edirik ki, media vasitəsilə tirajlanan bu qəbildən olan məlumatlara sözügedən qurumun rəsmiləri tərəfindən tutarlı cavab verilməyib.

s1

Görünür, bu cür vəziyyətin yaranmasının kökündə duran başlıca səbəblərdən biri də qurumun gördüyü işlərdə halallıq və şəffaflıq prinsipinə əməl olunmmasıdır.  Redaksiyamıza şikayətlə müraciət edən xarici ölkə vətəndaşını dinlədikdə və onun təqdim etdiyi sənədlərlə tanış olduqda buna inanmaya bilmirsən. Aldadıldığını iddia edən  iş adamının dediklərindən belə nəticəyə gəlmək olar ki, onlar “Azərsu”ya aid işləri həyata keçirərkən fırıldaqla üzləşiblər. Azinforum.az “Kayalar İnşaat” MMC-nin direktoru Sefa Kayanın redaksiyaya ünvanladığı şikayətin tam mətnini təqdim edir:

“Hörmətli Redaksiya!

“Kayalar İnşaat” MMC “Hidro-Lotus” MMC-nin sifarişi əsasında subpodratçı qismində Ceyranbatan ərazisindən keçən 1600 mm-lik su boru xəttinin çəkilişləri işlərinə cəlb edilmişdir. Razılığa əsasən biz su boru xəttinin ikili xətt olmaqla 5000 metr uzunluğa malik hissəsinə dair işləri yerinə yetirməli idik. Razılaşmaya əsasən borunun 1 metrinin döşənməsi üçün 365 AZN xidmət haqqı bizə ödənilməli idi. 8 avqust 2012-ci il tarixdən başlamaqla ikili xətt olaraq 358 metr boru (ümumilikdə 716 metr) tərəfimizdən döşəndi. İşlərin davam etdirilməsi üçün gərəkli olan boru təchizatı “Hidro-Lotus” MMC tərəfindən yubadıldığından, işlərin vaxtlı-vaxtında bitməsini təmin etmək üçün “Hidro-Lotus” MMC-nin göstərişi ilə ikili boru xətlərinin döşənməsi üçün nəzərdə tutulmuş torpaq-qazma işləri 3863 metr olmaqla tərəfimizdən icra edilmişdir. 14 dekabr 2012-ci il tarixində “Hidro-Lotus” MMC tərəfindən bizə bildirildi ki, razılaşdırılmış əvvəlki qiymət çox baha olduğundan işlər dayandırılır. Təklif edilən qiymət çox aşağı olduğundan və iqtisadi baxımdan sərfəli olmadığından işləri dayandırmaq məcburiyyətində qaldıq. Lakin həmin günə qədər borunun 1 metrinin döşənməsi üçün 365 AZN xidmət haqqının ödəniləcəyini bizə dedilər.

s2
2 ay ərzində əvvəl görülmüş işlərin ödənilməsi üzrə hesablaşmanın qiyməti barədə aramızda danışıqlar davam etdi. Qiymətin aşağı salınmasına razı olmasaq da, başqa çıxış yolumuz olmadığından “Hidro-Lotus” MMC ilə razılaşmağa məcbur olduq. Belə ki, 1 metr boru işlərinə görə ödənilməli olan 365 AZN əvəzinə 1 metr boru işlərinə görə bizə 252 AZN pul ödənildi. Bunun nəticəsində 479.765 AZN pulumuz kəsildi. Lakin kəsilən bu məbləğin (479.765 AZN)  ” Hidro Lotus ”  tərəfindən bizə dəfələrlə ödəniləcəyi sözü verildi, amma heç bir şəkildə ödəniş edilmədi, məsələni ört-basdır etmək istədilər və o zaman “Hidro Lotus”un baş direktoru işləyən Bülent Torun, onun müavini Ömer Ölmez, layihələr müdiri Ali Cesur, ve şantiye şefi Rüstem Yağcını işdən uzaqlaşdırdılar.
Bu hadisələrdən bir müddət sonra yarımçıq qalmış həmin işlərin yenidən görülməsi üçün “Hidro-Lotus” MMC ilə 1 metri 192 AZN olmaqla yenidən razılaşdıq. Sifariş olunmuş işlər tərəfimizdən lazımi qaydada və vaxtlı-vaxtında icra edildi və “Hidro-Lotus” MMC- yə təhvil verildi.

s3
Qeyd etmək istərdik ki, “Hidro-Lotus” MMC-nin dediyinə görə, büdcədə vəsait olmadığından əvvəllər ikili xətt kimi çəkilməsi nəzərdə tutulmuş və tərəfimizdən qazıntı işləri ikili boru üçün icra edilmiş layihə ləğv edilmiş və borunun ikili deyil bir xəttli olması bizə “Hidro-Lotus” MMC tərəfindən bildirilmişdir. Bunun nəticəsində biz ümid etdiyimiz pul vəsaitlərindən məhrum olmuş və əldə edilməsi nəzərdə tutulan maliyyə vəsaitlərini itirməyimizə baxmayaraq yuxarıda qeyd edildiyi kimi işlərin davam etdirilməsinə razı olduq. Bundan əlavə,  “Hidro-Lotus” MMC tərəfindən ləğv edilmiş ikili xəttin ikinci xəttinin qazılmış boru yerlərinin doldurulması göstərişi verilmiş və bunun müvafiq olaraq “Hidro-Lotus” MMC tərəfindən ödəniləcəyi bildirilmiş, həmin işlər də lazımı qaydada və vaxtlı-vaxtında icra edilərək “Hidro-Lotus” MMC-nə təhvil verilmişdir.
Lakin hal-hazırda da “Hidro-Lotus” MMC ləğv edilmiş ikili xəttin ikinci xəttinin qazılmış boru yerlərinin doldurulması işlərinə görə ödənilməli olan pul vəsaitlərini bizə ödəməmiş və bunun səbəbi kimi “Azərsu” ASC-ni göstərmiş, bizdən Cəmiyyətin rəhbərliyinə müraciət etməyimizi istədilər. “Azərsu” ASC isə ödəniş ilə bağlı “Hidro-Lotus” MMC-yə müraciət edilməli olmasını bizə bildirdi. Beləliklə bizi bu ünvandan o ünvana göndərdilər, pulumuzu da ala bilmədik.

s4
Şifahi olaraq müraciət etməyimizə baxmayaraq, xeyli müddətdir ki, məsələnin müsbət həlli ilə bağlı bizə cavab verilmir.
Yuxarıda göstərilənləri nəzərə alaraq gördüyümüz işlərə görə “Hidro-Lotus” MMC tərəfindən bizə birinci işdən ödənilməli olan (479.765 AZN) və ikinci işdən (136.824 AZN) məbləğində pul vəsaitinin ödənilməsində və yaranmış anlaşılmazlıq halının həll edilməsi üçün yuxarıda təsvir edilmiş halları ölkə başçısı cənab İlham Əliyevin, birinci xanım Mehriban xanım Əliyevanın diqqətinə çatdırılmasında yardımçı olmağınızı Sizdən xahiş edirik.

Əvvəlcədən minnətdarlığımızı bildiririk!
Hörmətlə,

“Kayalar İnşaat” MMC-nin Direktoru Sefa KAYA”.

s5

Redaksiyadan: Şikayətçilərlə edilən söhbətdən bəlli olur ki, “Hidro-Lotus” MMC  – ni  “Azərsu”nun törəmə şirkəti saymaq olar. Çünki “Azərsu”nun bahalı layihələrinin bir neçəsi məhz bu MMC tərəfindən həyata keçirilir. Şikayətçilərin dediyinə görə,   onlara külli miqdarda borcu olan və onu ödəmək istəməyən “Hidro-Lotus” MMC “Azərsu”nun prezidenti Qorxmaz Hüseynovun yaxın qohumları tərəfindən idarə olunur. Şikayətçilərin bizə təqdim etdiyi digər faktlar və sənədləri aydınlaşdırandan sonra, daha məzmunlu və geniş material təqdim edəcəyik.

Yazıda adları çəkilən qurumların da münasibətini dərc etməyə hazırıq.

M.MİRZƏ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın