Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / “AZƏRCELL” ASAN XİDMƏTİ GÖZDƏN SALIR

“AZƏRCELL” ASAN XİDMƏTİ GÖZDƏN SALIR

Mobil operatorun Azərbaycanın brendinə çevrilən layihəyə qarşı hörmətsizliyinin səbəbi nədir?

Yəqin ki, dünyada öz abunəçilərinə qarşı sayğısız, etinasız münasibətinə, vətəndaşın cibini soyan tariflərinə və digər neqativ xüsusiyyətlərinə görə Azərbaycandakı mobil operatorların tayı-bərabəri yoxdur. Müasir bazar münasibətlərinə və ümumiyyətlə sivil insan davranışlarına sığmayan bu xüsusiyyətlər hərdən elə ifrat dərəcəyə çatır ki, vətəndaş nəinki həmin mobil operatorlardan, onların bu özbaşınaqlarına göz yuman hökumət strukturlarından da narazı və şikayətçi olur.

Bunun əyani şahidi olmaq üçün uzağa yox, Xətai metrostansiyası yaxınlığında, “Amay” Ticarət Mərkəzinin binasında yerləşən 2 saylı Asan Xidmətdəki “Azərcell” müştəri xidməti nöqtəsinə baş çəkmək kifayətdir. Burada baş verənlər asan xidmət arzusu ilə bu binaya üz tutunların sözün əsl mənasında əsəb sarsıntısı keçirməsinə səbəb olur. Ən pisi də odur ki, həmin situasiyanın heç də təsadüfən yox, qəsdən yaradıldığı qənaətinə gəlməyə əsas verir.
“Azərcell”in 2 saylı Asan Xidmətin binasında fəaliyyət göstərən xidmət nöqtəsi sıravi vətəndaşların, xüsusilə də sahibkarların işini asanlaşdırmaq yox, çətinə, dolaşığa salmaqla məşğuldur desək, yanılmarıq. Bu Asan Xidmətdə təmsil olunan heç bir dövlət və özəl sektor təmsilçisinin pəncərəsi qarşısında “Azərcell”dəki növbəni görməzsiniz. Kifayət qədər çoxsaylı personalı və böyük məbləğdə gəlirləri olan şirkət o boyda Asan Xidmətə yalnız 1(!) əməkdaş təhkim edib.

Hansi ki, normal xidmət göstərmək üçün ən azı 3 əməkdaşa ehtiyac var. Məsələ ondadır ki, buradakı “Azərcell” nöqtəsi digər xidmətlərlə yanaşı, ən çox sahibkarlıqla məşğul olan fiziki şəxslərə Asan İmza(nömrə) verilməsilə məşğuldur. Asan İmza isə vergi orqanından sertifikat alınması üçün lazımdır ki, onun da vasitəsilə sahibkar muzdlu işçilərilə bağladığı əmək müqaviləsini qeydiyyata qoyur və qeydiyyatdan çıxarır. Elə Asan Xidmət rəhbərliyi də “Azərcell” nöqtəsilə Vergilər Nazirliyinin xidmət pəncərəsini yan-yana yerləşdirib ki, sahibkarlar üçün rahat olsun. Ancaq “Azərcell” bu rahat işi çətinə, cəncələ salmaqla məşğuldur. Necə olur ki, həmin nöqtədə Vergilər Nazirliyi 3, “Azərcell” isə cəmi 1 əməkdaş saxlayır. Əlbəttə ki, Vergilər Nazirliyi Asan İmza vasitəsilə sertifikatların verilməsi xidmətinə böyük tələbat olduğu üçün oraya 3 əməkdaş cəlb edib. Lakin “Azərcell”-in səhlənkar münasibəti vergi orqanının da işini ləngidir.

Onu da nəzərə alın ki, “Azərcell”dən Asan İmzanı almadan, vergi orqanı sertifikat verə bilmir. Hər Asan İmzanın Azərcell tərəfindən verilməsi isə 1 fiziki şəxs üçün 15-20 dəqiqə, hüquqi şəxs üçün isə əksər hallarda 30 dəqiqədən də artıq vaxta başa gəlir. Məsələn, dünən 2 saylı Asan Xidmətdə saat 10-da fəaliyyətə başlayan “Azərcell” nöqtəsi sırada 7–ci olan abunəçini qəbul edəndə saat artıq az qala 13.00-ı göstərirdi. Yəni həmin şəxs artıq 3 saata yaxın idi ki, gözləyirdi. Növbədə isə hələ 20-21-ci olan vətəndaşlar vardı. Bu o deməkdir ki, həmin günün sonuna qədər onlara xidmət göstərilməsi şansı 0-a yaxın idi və təbii ki, onların əsəblərini tarıma çəkirdi. İnsanlar “daha bunun nəyi asan xidmət oldu” deyə, haqlı olaraq Asan Xidmət nəzarətçilərinə irad bildirirdilər. Daha sonra vətəndaşlar ciddi şəkildə etiraz edərək, səs-küy salmağa başladılar ki, belə hallara da Asan Xidmət şöbələrində çox gec-gec rast gəlmək olar.

Məsələnin ən ilginc tərəfi isə Asan Xidmətin nəzarətçilərinə və daha yüksək vəzifəli təmsilçilərinə müraciətimizə aldığımız cavab oldu. Qurum təmsilçisi şikayət edən vətəndaşlara dedi ki, artıq onlar “Azərcell” şirkətilə bağlı şikayət və narazılıqlara cavab verməkdən yorulublar. Sən demə, bu situasiya hər gün təkrarlanır. Məlum oldu ki, Azərbaycan üçün az qala strateji bir qurum olan Asan Xidmətin rəhbərliyi dəfələrlə “Azərcell”i idarə edənlərə əməkdaşların sayını artırmaq və xidmət səviyyəsini yüksəltmək üçün müraciətlər edib. Lakin şirkət rəhbərliyi bu xahişləri vecinə də almayıb. Artıq xeyli müddətdir mövcud olan aclınacaqlı və Asan Xidmətin fəaliyyətinə kölgə salan, imicinə zərbə vuran bu durumu düzəltmək üçün “Azərcell” tükünü də tərpətmir. Sanki bilərəkdən əhalinin Asan Xidmət mərkəzlərinə olan inamını və münasibətini korlamağa çalışır.

Belə çıxır ki, “Azərcell”in idarəçiləri Asan Xidmətin ölkə rəhbərliyi üçün hansı sosial və həm də siyasi əhəmiyyət kəsb etdiyini ya dərk etmirlər, ya da siyasi hakimiyyətin maraq və məqsədləri onların vecinə də deyil. Yeri gəlmişkən, bir sıra mətbu orqanlar “Azərcell”i hakimiyyətin yuxarı eşelonları ilə “bağlayırlar”. Əgər belədirsə, burada əcaib bir paradoks yaranır – necə olur ki, hakimiyyətin böyük önəm verdiyi Asan Xidmət layihəsi elə ona yaxın şirkət kimi təqdim olunan bir qurum tərəfindən sabotaj edilir? Doğrusu, mobil operatorların əhaliyə qarşı etinasız, soyğunçu münasibətinə öyrəşmişik. Lakin siyasi hakimiyyətin olduqca ciddi yanaşdığı, hətta şəxsən prezidentin dəfələrlə korrupsiya ilə mübarizə göstəricisi hesab etdiyi Asan Xidmət layihəsinə “Azərcell”-in belə hörmətsiz şəkildə yanaşması və onu gözdən salması təəccüb doğurur. Sual yaranır – sözügedən şirkətin idarəçləri bu qədərmi toxunulmaz və özlərinə arxayındırlar? Belə qənaətə gəlmək olur ki, bütün regionda Azərbaycan prezidentinin layihəsi kimi tanınan və tanıtdırılan bir layihənin rəhbərliyinin xahiş və tələbi “Azərcell” üçün quru səsdən başqa bir şey deyil.

Məsələnin maliyyə tərəfi də maraqlıdır. Bir Asan İmza(nömrə) sahibkara 25 manata başa gəlir. Aylıq istifadəyə görə ödənilən məbləğlər də öz yerində. Gün ərzində bir əməkdaş 20-30 arası vətəndaşı yola sala bilər. Bu işə 3 əməkdaş cəlb edilərsə, ortaya kifayət qədər ciddi gəlir çıxmış olur. Ancaq belə çıxır ki, məsələnin maddi tərəfi də “Azərcell”-i bir o qədər maraqlandırmır. Çünki təkcə dünən biz, onlarla sahibkarın və adi vətəndaşın “Azərcell”-in pəncərəsində növbə gözləməkdən bezərək, Asan Xidməti tərk etdiyini və yaxınlıqdakı başqa mobil operatorların xidmət mıərkəzlərinin harada yerləşməsilə maraqlandığının şahidi olduq. Bu, reklamlara milyonlar xərcləyən “Azərcell” üçün müştəri və gəlir itkisi deyilmi?

Yeri gəlmişkən, həmin Asan Xidmət Mərkəzində yalnız bir mobil operatorun – “Azərcell”-in pəncərəsi var. Halbuki, hər 3 operatorun xidmət nöqtəsinin yerləşdirilməsinə heç nə mane olmamalıdır. Bu, həm vətəndaşlara seçim imkanı yaradar, həm də uzun və üzücü növbələrin yaranmasının qarşısını alardı, asan xidməti də gözdən salaraq, çətin xidmətə çevirməzdi. Yuxarıda qeyd etdiklərimiz bir daha sübut edir ki, əslində, bütün bu etinasızlığın və saymazlığın əsas səbəbi inhisarçılıqdır. 10 milyona yaxın əhalisi olan ölkədə cəmi 3 ədəd biri-birindən keyfiyyətsiz və bahacıl mobil operatorun mövcudluğu belə bir əcaib situasiyanı şərtləndirən əsas səbəbdir. Onların sayı daha çox və rəqabət mühiti də normal olsaydı, belə özbaşınalıqlara da nadir hallarda rast gəlinərdi.
Bir sözlə, dünən biz çoxlu sayda vətəndaşın 2 saylı Asan xidmətin binasını narazı halda tərk etdiyinin şahidi olduq. Və onlar sadəcə “Azərcell”-dən yox, həm də Asan Xidmətdən narazı getdilər.

Azpolitika.info

1n
2n3n

Həmçinin oxuyun

Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə …

Bir cavab yazın