Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / “Azərbaycanlılar böyük xəyalpərəstlərdir” – doktor Azər Ağalarov

“Azərbaycanlılar böyük xəyalpərəstlərdir” – doktor Azər Ağalarov

“Heç nə ümumbəşəri dəyərlərin inkarı üçün bəhanə ola bilməz”

Mənim budəfəki qəhrəmanım 1959-cu ildə Bakıda doğulub. Azər Ağalarov rejissor olmaq, heç olmasa, Moskva Dövlət Universitetinin (“MQU”) jurnalistika fakültəsinə daxil olmaq, lap uzağı, dillər institutlarından birinə daxil olmaq istəyirdi. Atası – Azərbaycanda neyrocərrahlıq xidmətinin banisi, Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırda universitet – red.) neyrocərrahiyyə kafedrasının müdir müavini Əliqulu Ağalarov isə övladının tibbi təhsil almasında təkid edirdi.

Yekunda – 1976-cı ildə o, müalicə fakültəsinə daxil olur. Oranı bitirdikdən sonra Təcili Yardımda işləyir. 1992-ci ildə Almaniyaya emiqrasiya edir. Almaniya və Çexiyada radio jurnalisti kimi çalışır. Almaniyada tibbi təcrübə sahəsində 14 illik staja malikdir. 4 övladı var. Hazırda İspaniyada yaşayan azərbaycanlı musiqiçi və həkim Azər Ağalarovla müsahibənin 2-ci, sonuncu hissəsini təqdim edirik.

(Əvvəli burada)

– Mirzə Xəzər sizdən ötrü şefdən daha çox müəllim idimi?

– Məhz müəllim idi. Mənə Azərbaycan dilinin gözəlliklərini, incəliklərini, nüanslarını açdığı üçün ona ömrümün sonuna kimi minnətdar olacağam. Sən demə, bizim çox füsunkar, mükəmməl dilimiz varmış. Mənim xəbərim yox idi, təsəvvür edirsizmi?

Başa düşməyiniz üçün deyim ki, hər şey çox ciddi və sərt idi. Redaksiyada biz bir-birimizlə yalnız azərbaycanca danışa bilərdik. Hər gün ingilis dilində dünya mətbuatını alır, Azərbaycan dilinə tərcümə edir və efirdə oxuyurduq. Bu, daha çox bizim regionla, keçmiş SSRİ ölkələri ilə bağlı xəbərlər idi. Beləcə, tədricən azərbaycanca danışmağı öyrəndim. Prosesin özü mənə zövq verirdi. Bütün həyatını Azərbaycanda yaşayasan, öz ana dilini kifayət qədər yaxşı bilməyəsən və onu Almaniyada öyrənəsən – razılaşın ki, burada məzəli nəsə var. Radiodakı stress də az deyildi. Fəqət, Bakıda Təcili Yardımda qazandığım çox qiymətli iş təcrübəm stress situasiyalarını önləməyi mənə öyrətdi.

Amma hər yaxşı şey nə vaxtsa yekunlaşır: radioda işləyəndən bir il sonra, nə vaxt ki, artıq Münhendə oturuşmuş, Mirzə Xəzərlə dost olmuş, radio-aparıcı olmuş, hətta Azərbaycan dilini mənimsəmişdim, ABŞ qərara gəldi ki, radionu bağlasın. “SSRİ daha yoxdur, missiya yerinə yetirilib, odur ki, fəaliyyəti qapada və xərcləri ixtisara sala bilərik”. Konqresdə bağlanma əleyhdarları ilə tərəfdarları arasında savaş gedirdi. Yekunda Vatslav Havelin (Çexiyanın ovaxtkı mərhum prezidenti – red.) radionun mənzil-qərargahını simvolik 1 krona Çexiyadakı keçmiş parlamentin binasına köçürmək təklifi ilə razılaşırlar.

Beləcə, Havelin sayəsində biz 1994-cü ildə Praqada peyda olduq. Münhendən bura, Mirzə Xəzər də daxil, radionun üç əməkdaşı uçdu. Praqada biz yeni rəqəmsal sistem aldıq ki, bu da  bir çox problemləri sadələşdirdi və iş qabağa getdi – ta mileniuma kimi. Görünür, 2000-ci ildə nəsə baş verməli idi və verdi. Səmimi deyim ki, ağılsızlıq kimi görünürdü: mən radiodan getmək və tibbi peşəm üzrə işləmək üçün Münhenə qayıtmaq qərarı verdim.

WhatsApp-Image-2018-04-20-at-17.31.06.jpeg (201 KB)

“Hələ ki, Monteskye, Russo, Axundovun təkliflərindən daha yaxşısını təklif edən olmayıb”

Məsələ ondadır ki, Münhendə Avropada ilklərdən olan Diaqnostik Mərkəz açılmışdı. “General Electrik”dən ən yeni avandanlıqlar, o cümlədən üçölçülü diaqnostika aparatı gətirilmişdi. Bu aparatı işlətmək mənə təklif edilirdi. Əsas üstünlüyüm o idi ki, alman dilini bilmək tələb olunmurdu, klinika yerli dili iş prosesinin gedişində öyrənməyimə razı idi. Mənim ingiliscəm, ruscam, hətta azərbaycancam onlara daha çox lazım idi, çünki klinika dünyanın hər yerindən pasiyent axını gözləyirdi. Elə də oldu: biz kral ailələrinin üzvlərini, futbol klublarını, ulduzları və biznesmenləri müayinədən keçirirdik.

– “Azadlıq” radiosunun xəbər aparıcılığından – sanballı cənablara xidmət üçün Münhen klinikasına. Qulaqcıqları çıxarıb tibbi xalatı geymək yəni belə asan oldu?

– Mirzə Xəzər də nə baş verdiyini anlaya bilmirdi. Bizim uzun söhbətimiz oldu. O, çox narahat idi ki, bunca il fasilədən sonra mənə təbabətə qayıtmaq çətin olacaq. Ancaq qərar qəbul edilmişdi. Mənə elə gəlirdi ki, “ikinci nəfəsim” açılıb və alman səhiyyə sisteminə adaptasiya ola biləcəyəm.

Münhendə anatomiyanı bərpa eləməli və yada salmalı oldum ki, patologiyanı başa düşüm, tibbi informatikanı, rekonstruksiya olunmağı öyrənməli oldum, damarlara, sümüklərə təzədən diqqət yetirməli oldum. Yekunda bu klinikada 2014-cü ilədək üçölçülü diaqnostika şöbəsinin müdiri işlədim. Sonra isə, bildiyiniz kimi, İspaniya.

– Sizin iki övladınız Almaniyada doğulub. Onlar – Azərbaycan əsilli almanlardır. Onlarda nə vaxtsa öz identiklikləri haqda suallar yaranıbmı? Övladlarınız üçün azərbaycanlı kökü hansı önəm kəsb edir?

– Mənim təkcə uşaqlarım yox, qız nəvəm də Almaniyada doğulmağa macal tapıb. Onlarda identikliklə bağlı heç bir problem olmayıb. Onlar hər şeyi çox tez başa düşüblər və alman cəmiyyətində öz yerlərini müəyyən ediblər. Bəli, onlar Azərbaycan əsilli almanlardır. Ancaq onlardan ötrü azərbaycanlı kökü, sadəcə, bir folklor deyil, həyatın aspektidir. Mənim uşaqlarım Azərbaycanı tanıyır və sevirlər, məmnuniyyətlə orada olur və fəxr edirlər ki, valideynləri belə gözəl ölkədəndir. Azərbaycan isə ona görə gözəldir ki, uşaqların həyatında ilk azərbaycanlılar onların valideynləri olub – hansı ki, onlara dürüstlük, mədəniyyət və savad nümunəsi göstəriblər. Onlar bizi Azərbaycanla eyniləşdiriblər və bizim vasitəmizlə ölkəni seviblər.

Mən həmişə öz övladlarıma deyirdim: “Sizin qiymətiniz olmayacaq, əgər Azərbaycanla bağlı yaxşı nə varsa, onu almanların bütün yaxşıları ilə birləşdirə bilsəniz. Cənublular kimi istiqanlı və açıq, səmimi və ehtiraslı qalın”. Bunlar hamısı, elə almanlarda fəlakətli şəkildə çatışmayan cəhətlərdir.

“Biz azərbaycanlı avropalılar tort üzərində Qafqaz albalısı kimiyik”

Düz başa düşün, mənim heç bir illüziyam yoxdur və Azərbaycanın problemləri barədə də əla məlumatım var. Mənim vaxtımda onlar qat-qat çox idi – ölkədən gedəndə orada qarışıqlıq hökm sürürdü. İllər ötdükcə, ələlxüsus emiqrasiyada beyin bütün neqativ epizodları keçmiş həyatdan uzaqlaşdırır. Beynimiz bu cür qurulub. Xatirələrdə yalnız yaxşı, işıqlı məqamlar qalır və bunda da nəsə ilahi bir məna var.

Bax, belə. Azərbaycan – Qərb dəyərlərini bəyan edən dövlətdir. Ondan çıxış edirəm ki, bizdə hakimiyyət dünyəvidir və o, ölkənin sekulyar kursuna böyük önəm verir. Razılaşaq ki, Azərbaycanın belə əhatəsi, qonşuları ilə bu vektoru qoruyub saxlamaq asan məsələ deyil. Biz – İranla sərhəddə kiçik, dünyəvi dövlətik, üstəlik, bizdə də onlardakı kimi şiəlik, plov və muğam var. Bu, nəsə bir qeyri-adilikdir.

Təhsil və mədəniyyət – tam xoşbəxtlik üçün bizə lazım olan əsas şey budur. Əhali ilə işləmək, onu yetişdirmək lazımdır. Hərdən həssas nöqtələrə toxunmaqdan qorxmaq gərək deyil. Düz, yaxşı nə varsa, yumşaq güc vasitəsilə beyinlərə yeridilməlidir. Heç kim heç vaxt vərdiş edilmiş təsisatların kəskin sındırılmasına şad deyil. Odur ki, heç bir inqilab. Problemlər müstəsna olaraq təkamül yolu ilə çözülməlidir. Ancaq ardıcıl şəkildə, zamandan sui-istifadə eləmədən. “Təkamül yolu ilə inkişaf” lətifəyə və ya karikaturaya çevrilməməlidir.

– Sizcə, Azərbaycan Avropadır?

– Avropadır, ya yox, bilmirəm, amma bir şey yəqindir: hər bir azərbaycanlı Avropaya can atır, hətta onu söysə belə. Bu, çox yaxşıdır. Qoy gəlsinlər və buradakı xeyirxahlığı, davranış mədəniyyətini, nəzakəti görsünlər. Görsünlər ki, pul vacib şey olsa da, həyatda heç də hər şey satılmır və alınmır.

Avropadakı azərbaycanlılar böyük xəyalpərəstlərdir. Onlar Avropada yaxşı nə görürlərsə, onu xəyalən öz ölkələrinə proyeksiya edirlər və anlayırlar ki, çox şey, sən demə, asanca bizim həyatımıza düşür. Əslində bizə çox şey də lazım deyil. Hər şey özümüzdə var: texnoloji tərəqqini 100 faiz götürmüşük, müstəsna olaraq “Qərb stili”ndə geyinirik, Qərbdə təhsil almağa üstünlük veririk.

Biz azərbaycanlı avropalılar tort üzərində Qafqaz albalısı kimiyik. Heç bir halda özümüzü Avropaya və onun dəyərlərinə qarşı qoymalı deyilik. Mütərəqqi dünya bizə nə təklif edir? “İnsan haqları”, “söz azadlığı”, “yerdəyişmə və ticarət azadlığı” və s. bu kimi faydalı, yaxşı şeylər. Hətta Qərbdəki sistem zədələnə, kiçik böhranlar baş verə bilər.

Hələ ki, Avropa ölkələri bunun öhdəsindən gəlir. Və əgər biz görürüksə ki, Avropa öz dəyərlərindən geri çəkilir və ya hansısa revizionist dalğa, şərti desək, “azadlıq, bərabərlik və qardaşlığa” qarşı çıxır, o zaman bundan kam almaq yox, ciddi narahat olmaq lazımdır. Heç nə ümumbəşəri dəyərlərin inkarı üçün bəhanə ola bilməz və olmamalıdır. Hələ ki, Monteskye, Russo, Axundovun təklif elədiklərindən daha yaxşısını təklif eləmək heç kəsə müyəssər olmayıb

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …