Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Azərbaycanlı iş adamından “qəbiristanlıq” iddialarına cavab: – “Piterdə yer qəhətdir?..”

Azərbaycanlı iş adamından “qəbiristanlıq” iddialarına cavab: – “Piterdə yer qəhətdir?..”

Yenicag.ru-nun məlumatına görə, Rusiyadakı nüfuzlu azərbaycanlı iş adamlarından biri hesab olunan “Konrad” Şirkətlər Qrupunun prezidenti Vaqif Məmişovun əleyhinə Azərbaycanın bəzi nəşrlərində materiallar dərc edilib.

Sözügedən materialda iddia olunur ki, guya Rusiyanın Sankt-Peterburq şəhərinin bir qrup sakini yerli hakimiyyətin qərarı ilə sökülmüş “Sputnik” kinoteatrının yerində Ticarət-Əyləncə Mərkəzinin tikilməsinə qarşı etiraz aksiyasına başlayıb. Materialda adları göstərilməyən aksiya iştirakçılarına istinadən bildirilir ki, tikiləcək obyektin bir hissəsi yaxınlıqdakı qəbiristanlığın ərazisinə düşür.

Yenicag.ru bu məsələ ilə əlaqədar iş adamı Vaqif Məmişovla əlaqə saxlayıb və onun qeyd olunan iddialara münasibətini öyrənib. Məmişovun sözlərinə görə, həmin iddialar əsassızdır və qanun çərçivəsində həyata keçirilən tikinti qəbiristanlıq ərazisinə düşmür:

“Mən belə ucuz provokasiyalara əhəmiyyət vermək istəmirəm. Onsuz da müxtəlif mətbuat orqanlarında Azərbaycanın əsl vətənpərvər insanlarına qarşı bu cür böhtan xarakterli çirkin materiallar dərc edirlər.

Məni həm şəhər sakinləri, həm də regionun rəhbərliyi tanıyır. Reklama ehtiyacım olmasa da deyim ki, belə çirkin kampaniyaya Azərbaycanın bəzi KİV orqanlarının qoşulması məyusluq doğurur.

Hazırda şirkətimiz o iddialarla əlaqədar bəyanat hazırlayır. İstəyənlər şəhər rəhbərliyi ilə əlaqə saxlayıb tikintinin qəbiristanlıq ərazisinə düşmədiyini və Sankt-Peterburqun Baş Planına uyğun aparıldığını dəqiqləşdirə bilərlər. Ticarət-Əyləncə Mərkəzinin tikintisi üçün tələb olunan sənədləşmə işləri qaydasında və qanunlara uyğun aparılıb.

Özünüz fikirləşin, mən acından ölürəm, yoxsa şəhərdə Ticarət-Əyləncə Mərkəzi tikməyə başqa yer qəhətdir? Belə iddilar adamda ikrah yaradır. Bir daha deyirəm, tikinti aparılan ərazidə heç bir qəbiristanlıq yoxdur”.

Qeyd edək ki, Vaqif Məmişovun şirkəti əsasən, maşınqayırma və tikinti sahələri üzrə fəaliyyət göstərir.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …