Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Azərbaycanlı ailə Almaniya hökumətinin qərarına etiraz edir

Azərbaycanlı ailə Almaniya hökumətinin qərarına etiraz edir

Samir və Türkan Qasımovlar iki uşaqları ilə birlikdə Almaniyanın Bavariya federal torpağının Noymarkt şəhərinin meriyasının qarşısında etiraz aksiyası keçiriblər. Virtualaz.org Bavariyada dərc edilən “Мittelbayerische” nəşrinə istinadən xəbər verir ki, azərbaycanlı cütlük federal hökumətin onları vətənlərinə deportasiya etməklə bağlı çıxardığı qərara etiraz ediblər.

Mənbəyə əsasən, azərbaycanlı ailə 5 ilə yaxındır ki, Almaniyada yaşayır, lakin 2016-cı ildə Miqrasiya İşləri üzrə Federal İdarə onların Almaniyada sığınacağın verilməsi barədə ərizələrinə rədd cavabı verib. Qasımovlar ailəsi Regensburq şəhərinin məhkəməsinə alman hökumətinin qərarı ilə əlaqədar şikayətlə müraciət etsələr də, məhkəmə iddianı rədd edib.

Samir Qasımovun qəzetin müxbirlərinə bildirdiyinə görə, iki həftə əvvəl Almaniyanın federal hökuməti onlara xəbərdarlıq edib ki, dörd həftə ərzində ölkəni tərk etməlidirlər.

Nəşr yazır ki, məhkəməni uduzmalarına və federal hökumətin çıxardığı qərara baxmayaraq, deportasiya ilə bağlı iş hələ qapanmayıb. Belə ki, məhkəmə qərarından ali məhkəmə orqanlarına apelyasiya verilib.

Məlumata görə, Qasımovlar ailəsinin oğlu – Uğur Almaniyada anadan olub, onun bacısı Səyalə isə Azərbaycanda cəmi 8 ay yaşayıb.

Alman qəzeti xəbər verir ki, Qasımovlar ailəsinin etiraz aksiyası Noymarkt şəhərinin əhalisi tərəfindən maraqla qarşılanmayıb və azərbaycanlı ailə vaxtın böyük hissəsini meydanda tənhalıqda keçirib.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …