Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Azərbaycanın Qarabağ demarşı – Minsk Qrupu ya diriləcək, ya birdəfəlik öləcək…

Azərbaycanın Qarabağ demarşı – Minsk Qrupu ya diriləcək, ya birdəfəlik öləcək…

Son günlər Azərbaycanda ən yüksək səviyyədə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını daşıyan ATƏT-in Minsk Qrupu həmsədrləri kəskin tənqid edilir. ABŞ, Fransa və Rusiyadan ibarət həmsədrlərin işini daha sərt tənqid edən isə Prezident İlham Əliyev oldu.
Dövlət başçısı ötən həftənin sonunda gənclərlə görüşündə bəyan etdi ki, Minsk Qrupu həmsədrləri münaqişənin həllinə yox, dondurulmasına çalışırlar. “Onların bügünkü fəaliyyəti tamamilə mənasızdır” deyən İlham Əliyev bildirib ki, onlar nəinki işğalçı Ermənistana təzyiq etmir, hətta Ermənistanı mümkün olan problemlərdən qoruyurlar. Vasitəçilərin təxribatçı fəaliyyəti AŞPA-dakı son dinləmələrdə də özünü göstərib. Minsk Qrupu həmsədrlərinin fəaliyyətini mənfi qiymətləndirən dövlət başçısı bildirib ki, münaqişənin həll olunmamasında onların böyük rolu var. Vasitəçilərin ikili standartlar yürütdüyünü deyən İlham Əliyev bunun səbəbini açıq bəyan edib:

“Burada din amili rol oynayır. Müsəlman olduğumuza görə bizə ikili standartlar münasibəti göstərilir”.
Prezident bəyan edib ki, Azərbaycan xalqı və dövləti heç vaxt torpaqların işğalda qalması ilə barışmayacaq: “Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır, tarixi torpaqlarımıza qayıtmağımızdır, o cümlədən indiki Ermənistan ərazisinə Azərbaycan əhalisi qayıtmalıdır və qayıdacaq. Əlbəttə ki, bu zaman aparacaq. Ancaq bu bizim amalımızdır, müqəddəs amalımızdır. Biz hamımız bu amalla yaşamalıyıq”.
ATƏT-in Minsk Qrupunun AŞPA-nın qış sessiyasındakı müzakirələrdən öncə açıq şəkildə Azərbaycanın əleyhinə çıxış etməsi bu qurumla bağlı ümidləri tamamilə puç edib. Həmsədrlərin Strasburqa müraciət edərək Azərbaycan ərazilərinin işğalı faktını əks etdirən qətnamə layihələrini müzakirəyə çıxarmamağa çağırması anormal hal kimi diqqət çəkdi.
Sadə vətəndaşından Prezidentinə qədər ölkəmizin bütün vətəndaşları tərəfindən “arzuolunmaz” sayılan həmsədrlərdən imtina məsələsi də gündəmdədir. Paralel şəkildə ATƏT-in Minsk Qrupunun fövqəladə toplantısının çağırılması, vəziyyətin ciddi şəkildə müzakirə olunması, həmsədrlərin addımlarına qiymət verilməsi, Almaniya, Türkiyənin də həmsədrliyə qəbulu ilə bağlı addımların atılması təşəbbüsləri var.
Xatırladaq ki, 1992-ci ilin martında ATƏT-in Minsk Qrupu prosesi yaradılanda fikir ondan ibarət idi ki, ən tez bir zamanda Minsk konfransı çağırılsın və münaqişənin qarşısının alınması istiqamətində tədbirlər görülsün. Həmin dövrdə Minsk Qrupunun tərkibində 11 dövlət təmsil olunurdu.
XİN-in mətbuat katibi Hikmət Hacıyev də Minsk Qrupunun tam tərkibli iclasının çağırılmasının tərəfdarıdır: “O vaxt hələ Azərbaycanın əksər torpaqları işğal olunmamışdı və 1 milyon qaçqın-köçkün fəlakəti baş verməmişdi. 11 dövlətin iştirak etdiyi formatda danışıqların aparılmasının bir qədər çətinliyindən çıxış edərək, 1995-ci il martın 23-də həmsədrlik institutu təsis edildi. Həmsədrlərin fəaliyyətini tənzimləyən və onlara mandat verən 23 mart 1995-ci il tarixli ATƏT-in qəbul etdiyi xüsusi bir sənəd də var. Bu sənədə əsasən, BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in və beynəlxalq hüququn norma və prinsipləri, ATƏT-in Budapeşt sammitinin qərarları həmsədrlərin fəaliyyətinin əsas istiqamətlərini təşkil edirdi”.
XİN rəsmisi qeyd edib ki, illərdən sonra ATƏT-in Minsk Qrupu həmsədr institutunun fəaliyyətinin nəticəsizliyi göz qabağındadır: “Beynəlxalq ictimaiyyət tərəfindən onlara verilən mandatı doğrultmayıblar. Ona görə də Azərbaycan dəfələrlə bəyan edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri deyil, Minsk Qrupu prosesində olan dövlətlərin hamısı – ABŞ, Rusiya, Fransa, Türkiyə, Almaniya, Belarus, İtaliya, İsveç, Finlandiya, Azərbaycan, Ermənistan – bu prosesdə fəal rol oynamalıdır. Bakı bu xüsusda ilk addımlardan biri kimi təklif etmişdi və təklifində israrlıdır ki, Vyanada, ATƏT-in mənzil qərargahında bütün Minsk Qrupunun iştirakı ilə münaqişə ilə əlaqədar xüsusi bir iclas keçirilsin. Son günlərdə də bu, Daimi Şura səviyyəsində ATƏT rəhbərliyinə bəyan edilib. Eyni zamanda fərdi olaraq da Minsk Qrupu prosesində iştirak edən hər bir dövlətə müraciət olunub ki, biz onların prosesdə aktiv rolunu gözləyirik”. H.Hacıyev qeyd edib ki, bu toplantının keçirilməsinə ilk növbədə Ermənistan mane olmağa çalışır. Eyni zamanda həmsədr ölkələr Minsk Qrupu formatında görüşün baş tutmasına bir o qədər meylli görünmür: “O ki qaldı digər formatlara, Azərbaycan bundan sonra da digər beynəlxalq təşkilatlarda münaqişə ilə bağlı məsələ qaldırmaqda davam edəcək”.
Minsk Qrupunun tam tərkibli iclasının çağırılmasına zərurət varmı?
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlının sözlərinə görə, ATƏT-in Minsk Qrupu birbaşa Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı probleminin sülh yolu ilə həll edilməsi üçün qurulsa da, təəssüflər olsun ki, bu günə qədər tərəfləri ortaq məxrəcə gətirən təkliflər irəli sürməyib:

“20 ildən çoxdur vasitəçilik missiyası heç bir nəticə verməyib. Minsk Qrupu həmsədrlərindən ABŞ və Fransanın siyasi qütbləşmənin bir tərəfində, Rusiyanın isə digər tərəfində durmalarına baxmayaraq və istər bölgə, istərsə də beynəlxalq təhlükəsizlik problemlərində əsasən ortaq məxrəcə gələ bilməsələr də, yeganə olaraq Dağlıq Qarabağ problemində fərqli düşünmürlər. Bu vasitəçi dövlətlərin üçü də problemin uzanmasını istəyir və Ermənistanı qeyd-şərtsiz dəstəkləyir. Digər münaqişələrdə bu dövlətlər adətən işğalçı tərəfə siyasi və iqtisadi sanksiyalar tətbiq etmələrinə baxmayaraq, əksinə, Ermənistana siyasi və iqtisadi dəstək verir, hətta hərbi əməkdaşlığı belə genişləndirirlər. Bu isə onların vasitəçilik missiyası ilə tərs mütənasibdir. Həmsədr dövlətlər hələ də işğal edən və işğala məruz qalan tərəfi təyin etmək istəmir. Azərbaycan dövlət başçısı və digər rəsmi şəxslər Minsk Qrupunun yarıtmaz fəaliyyəti barədə dəfələrlə iradlarını bildirib və hətta həmsədrlərin dəyişdirilməsi məsələsini gündəmə gətiriblər. Amma bu proses çox ləng işləyə bilər. Bunun üçün Minsk Qrupuna üzv olan dövlətlər yenidən konfrans çağırmalı, problem geniş şəkildə müzakirə edilməli və hansı həmsədr dövlətin daha yarıtmaz fəaliyyət göstərdiyi dəqiqləşdirilməlidir. Əslində hər üç həmsədr dövlət passiv fəaliyyət göstərir. Həmsədrlərin yerinə hansı dövlətin seçiləcəyi də bir başqa problemdir. Burada hər hansı bir dövlətin adını çəkməyi hələlik uyğun görməsəm də, əlbəttə, həmsədrlərdən birini, hətta üçünü belə əvəzləyəcək dövlətlər var. Sadəcə bu mexanizmi işə salmaq çətindir, amma imkansız deyil. Uyğun siyasi şərait yetişdiyində, böyük bir ehtimalla, Azərbaycan bu məsələni həll etməyə çalışacaq. Buna kimsənin etiraz etməyə haqqı çatmır”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın