Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Azərbaycanın bu rayonunda unikal Uzunömürlülər Muzeyi var

Azərbaycanın bu rayonunda unikal Uzunömürlülər Muzeyi var

Səhiyyə Nazirliyi regionlarda fəaliyyət göstərən tibb müəssisələrində yaradılmış şərait və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti ilə tanış olmaq üçün rayonlara media-turlar təşkil etməyi qərara alıb.

Virtualaz.org-un əməkdaşı xəbər verir ki, media nümayəndələrinin baş çəkdikləri ilk ünvan Lerik Rayon Mərkəzi Xəstəxanası olub. 83 min nəfərdən çox əhalisi olan rayonda əksər ucqar dağ kəndlərində belə tibb məntəqəsi, yaxud həkim kabineti var. Rayonun mərkəzi xəstəxanası isə 82 min 800 nəfərə tibbi xidmət göstərir. Xəstəxananın baş həkim Mübariz Ağayevin sözlərinə görə, son illər Bakıya xəstə axını dayanıb, hazırda hətta İrandan müayinə olunmaq üçün gələnlər var. Üstəlik, Lerikdə işləməyə gələn həkimlərin sayı artıb. “İldə bir, yaxud iki xəstə paytaxt xəstəxanalarına göndərilə bilər. Telesəhiyyə xidməti yaradılandan sonra rayon həkimlərinin işi asanlaşıb, ağır xəstə olduqda mütəxəssislərlə onlayn əlaqə yaradılır, müayinə və müalicənin gedişi izlənilir, tövsiyələr verilir”, – baş həkim deyib.

90 çarpayılıq mərkəzi xəstəxanada konsultativ poliklinika, terapiya, cərrahiyyə, doğum, uşaq xəstəlikləri, təcili və təxirəsalınmaz tibbi yardım şöbələri var. Baş həkim əlavə edib ki, Səhiyyə Nazirliyi son illər 10-dan çox həkim göndərib, indi yalnız bir neçə ucqar dağ kəndində müəyyən ixtisaslar üzrə həkimə ehtiyac var: “Rayona işləməyə gələn həkimlərə torpaq sahəsi ayrılır, kirayə ev tutulur, hətta kommunal xərclər də dövlət hesabına ödənilir. İşləmək üçün gələnlərin maaşına əlavə ödənişlər edilir. Buna görə də, rayonlarda işləməyə gələnlərin sayı ildən-ilə artır”.

Lerikdə son illər ana ölümü baş verməyib. Baş həkim fəxrlə qeyd edir ki, nazirliyin göndərişi ilə 1 ay əvvəl işə başlayan ginekoloqun ayağı uğurludur, dünən 4 qadın ana olub. “Hamilə qadınların rayon mərkəzinə gəlməsinə ehtiyac yoxdur, bizə məlumat verilir, özümüz həkim göndəririk. Hamiləliyin gedişatı izlənilir, qadın 9 ay həkimin nəzarətində olur”, – baş həkim məlumat verir.

Ginekoloq Lalə Əsgərova isə söyləyib ki, Bakıda 10 il işləyib, sonuncu imtahandan sonra öz dogma yurduna – Lerikə işləməyə gəlib: “Anam və bacım da həkimdir, kəndlərdə həkimlərə ehtiyac var. Buna görə də, xüsusilə gənc kadrları kəndlərə dəvət edirəm”.

Qeyd edək ki, Lerikin 60-dan çox kəndi var, 6 kənd xəstəxanası, 51 tibb məntəqəsi, eləcə də 19 həkim məntəqəsi kənd sakinlərinin xidmətindədir.

Baş həkim əlavə edib ki, Lerik uzunömürlü insanların vətənidir. Çünki dağ insanları daim hərəkətdədir, keyfiyyətli məhsullarla qidalanır, stres və gərginlikdən uzaqdırlar. Uzunömürlü insanların sayına görə Lerik nəinki Azərbaycanda, eləcə də regionda liderdir, məhz buna görə 1991-ci ildə rayonda Uzunömürlülər Muzeyi yaradılıb.

Sonra jurnalistlər muzeylə tanış olublar. Muzeydə iki ekspozisiya salonu və 1200-dən çox eksponat var. Muzeyin direktoru Dilarə Fətullayeva deyib ki, dünyanın müxtəlif ölkələrindən yüzlərlə turist gəlib, muzeylə bağlı Fransa, İsrail, Belçika, Almaniya, Rusiya mətbuatında yazılar dərc edilib. “Baxın, bu fotodakı 168 il ömür sürmüş Şirəli Müslümovdur. O, 1805-ci ildə doğulub, 1973-cü ildə dünyasını dəyişib. Mahmur Eyvazov isə 150 il ömür sürüb, Macid Ağayev 145 il yaşayıb”, – Fətullayeva məlumat verib.

Statistikaya görə, uzunömürlü insanlar arasında qadınlar üstünlük təşkil edir. Direktor deyir ki, 134 il ömür sürmüş Qızıl Quliyeva, 113 yaşı başa vurmuş Məhbubə Fətullayeva və digərləri ölənədək toxuculuqla, zəhmətlə məşğul olublar.

Qeyd edək ki, Lerikin 60-dan çox kəndi var, 6 kənd xəstəxanası, 51 tibb məntəqəsi, eləcə də 19 həkim məntəqəsi kənd sakinlərinin xidmətindədir.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov isə əlavə edib ki, növbəti media-turlar Şəki və Quba rayonlarına təşkil olunacaq.

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …