Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Azərbaycandakı bu parkda maral və ceyranların içində gəzəcəksiz – Video

Azərbaycandakı bu parkda maral və ceyranların içində gəzəcəksiz – Video

Vəhşi təbiətlə insan arasındakı sərhədləri bir az daha qaldıran Safari Park bir neçə günə ölkəmizdə də insanların ixtiyarına veriləcək. Təbiət dostlarının əsas ziyarət yeri olacağı gözlənilən bu məkan Şamaxının Pirqulu adlanan dağ-meşə sahəsində salınıb.

Mənası səyahət etmək olan safari müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri kimi qiymətləndirilir.

Biz də “Qafqazinfo” olaraq yeni yaradılmış eko-parkı görmək üçün Şamaxıya yola düşdük. 

Safari parka necə getmək olar və nə qədər xərc tələb olunur?

Əgər şəxsi avtomobiliniz yoxdursa, bu zaman Bakıdan Şamaxıya gündəlik fəaliyyət göstərən taksilərlə yola düşə bilərsiniz. Şamaxıda iki seçiminiz olacaq: sürücünün təklif etdiyi məbləğə yolunuzu parka doğru davam etdirmək, şişirdilmiş məbləğ deyildikdə isə mərkəzdən başqa bir nəqliyyat vasitəsi seçmək.

Park rayon mərkəzindən təqribən 15 dəqiqə uzaqlıqda yerləşir. Girişə çatdığınız zaman sizin üçün özəl bələdçi və safari maşını ayrılacaq. Bütün xidmətlərin dəyəri isə belədir:

1 nəfər üçün 15 manat, 6 yaşına kimi uşaqlara pulsuz, 6-16 yaş aralığındakılara isə 50% endirim var.

Hazırda ərazidə son yekunlaşdırma işləri aparıldığı üçün park vətəndaşların ixtiyarına verilməyib. Ancaq buna baxmayaraq maraq böyükdür və indiyə kimi yüzdən çox avtomobilin geri qaytarıldığı bildirilir.

Safari Parkda sizi nələr gözləyir?

620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazi beynəlxalq standartlara uyğun formada çəpərlənib. Buraya Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından üç növdən ibarət 420 baş nəcib maral, lan və muflon adlı genetik qiymətli heyvanlar gətirilib.

Parkın baş instruktoru Şamxal Həsənovun sözlərinə görə, hazırda parkda heyvanların sayı iki dəfəyədək artıb. Balavermə ötən il 80, bu il isə 90% olub. Hazırda parkda 790 heyvan, o cümlədən 260 baş nəcib maral, 250 baş muflon və maral cinsinə daxil olan 280 baş lan var.

Parkda heyvanların bir-birinə zərər vurmaması, bundan başqa onları yırtıcı heyvanlardan qorumaq üçün çəpərləmə işləri aparılsa da, ziyarətçilər həmin ərazilərə daxil ola, maral və digər heyvanlarla vaxt keçirə bilər.

Sentyabr-noyabr ayları cütləşmə mövsümü olduğu üçün baş instruktor bizə erkək marallardan bir az kənar gəzməyi tövsiyə etdi.

Günel Hacı




Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …