Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Azərbaycanda Fətullah Güləni müdafiə edən KİV varmı?

Azərbaycanda Fətullah Güləni müdafiə edən KİV varmı?

Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan hakimiyyətinin Fətullah Gülənin terrorçu hərəkatı ilə mübarizəsini yüksək qiymətləndirib. Bununla belə, Milli Məclisin spikeri Oqtay Əsədovla görüşdə o, Gülən hərəkatı ilə bağlı olan bir sıra KİV-lərin fəaliyyətlərini davam etdirməsindən təəssüfləndiyini bildirib: “Gülən hərəkatı ilə mübarizədə əməkdaşlıq iki qardaş ölkənin tərəfdaşlıq ruhuna cavab verir”.

Onun sözlərinə görə, Azərbaycan Türkiyənin xarici siyasətində önəmli yer tutur və Ankara regional və beynəlxalq səviyyədə Bakının maraqlarının müdafiəsinə can atır.

Türkiyənin yüksək rəsmisinin Gülən hərəkatı ilə bağlı olan KİV-lərin ölkəmizdə fəaliyyət göstərməsinə dair fikir söyləməsi olduqca ciddi qəbul olunmalıdır. Çünki bu fikri sıradan bir şəxs yox, Türkiyənin yüksək rəsmisi deyir. Ancaq qeyd etməliyik ki, Azərbaycan qardaş ölkə kimi Türkiyəyə Gülən hərəkatı ilə mübarizədə əlindən gələn dəstəyi ifadə edib. Türkiyədə hərbi çevrilişə cəhddən dərhal sonra Azərbaycanda həmin şəbəkəyə aid olan təhsil ocaqları, kurslar bağlandı. Media sahəsində də bu yöndə addımlar atıldı. Həmin şəbəkənin təsiri altında olan bəzi KİV-lərin ölkəmizdə fəaliyyətinə qadağa qoyuldu. Hətta həmin hadisələrin fonunda ölkənin tanınmış TV-lərindən birinin fəaliyyəti birdəfəlik dayandırıldı. Ancaq, hər halda, Türkiyə parlamenti sədrinin Gülən şəbəkəsinin təsiri altında olan KİV-lərin ölkəmizdə fəaliyyəti ilə bağlı dediyi fikirlər ciddi araşdırma tələb edir. Bu səbəbdən də biz “ölkəmizdə belə KİV-lər fəaliyyət göstərirmi” sualı ilə media cameəsində olan adamlara müraciət etdik?

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli qəzetimizə bildirdi ki, Türkiyə rəsmisinin konkret adlar çəkməsi yaxşı olardı: “Şəxsən mən belə bir media nümunəsi tanımıram. Nəin ki, Gülən hərəkatına bağlı olan, hətta həmin proseslərdə yanlışlığa yol verən KİV-lərə qarşı da  Azərbaycan tərəfi konkret addımlar atdı. Hesab edirəm ki, həmin proseslər zamanı ən sərt addımlar Azərbaycanda atıldı. Əgər Türkiyə rəsmiləri hesab edirlər ki, bu istiqamətdə yenə işlər görülməlidir, onda ortaya əsaslandırılmış mövqe qoymalıdırlar. Oxu atıb yayı gizlətməyə ehtiyac yoxdur. Qoy konkret siyahı təqdim etsinlər ki, dövlət də tədbirlərini görsün. Azərbaycanda yalnız KİV-lərin deyil, bütün cəmiyyətin həmin məsələyə münasibəti sərtdir”.

“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz qəzetimizə açıqlamasında bildirdi ki, Türkiyə parlamenti sədrinin fikirlərində müəyyən yanlışlıq ola bilər: “Bəlkə də elə sayt və ya qəzet var ki, fəaliyyət göstərir, amma bizim də ondan xəbərimiz yoxdur. Görün, KİV adına iddia edən nə qədər  nümunə var. Ola bilər ki, həmin KİV-lərin içində həmin şəbəkə ilə əlaqəsi olan var. Amma üzdə olan, ictimai rəyə təsir imkanlarına malik qəzet və informasiya saytları arasında həmin şəbəkə ilə əlaqədə fəaliyyət göstərən KİV-lərin  olmasına inanmıram. Bilirsiniz ki, Türkiyədə baş verən məlum hadisələrdən sonra Azərbaycanda həmin şəbəkənin nəzarətində olan “Zaman” qəzeti və “Zaman” mətbəəsi bağlandı. Çox güman ki, Türkiyə rəsmisi bunu elə belə deməyib. Yəqin ki, Oqtay Əsədov da ondan siyahı tələb edib. Hər halda, sadə məntiq bunu deyir. Ancaq biz Türkiyə parlamenti rəhbərinin siyahısından xəbərsizik. Güman edirəm ki, onun iddiası dəqiq araşdırılacaq”. (Bakı-Xəbər)

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …