Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Azərbaycanda donuz qripinə qarşı tədbirlər gücləndirildi

Azərbaycanda donuz qripinə qarşı tədbirlər gücləndirildi

Yolçu Xanvəli: “Təsərrüfatlara qripə yoluxmuş və ya digər kənar adamların buraxılmasına yol verilmir”

Qonşu Gürcüstanda donuz qripi adlandırılan A (H1N1) virusundan 16 nəfərin öldüyü artıq laboratoriya şəraitində təsdiq olunub. Azərbaycan əhalisi bu ölkə ilə sıx əlaqədə olduğundan Gürcüstana gedən  vətəndaşlarımızda qeyd edilən virusa yoluxma riski yüksək hesab olunur.

Lakin hələ ki görülən tədbirlərin sayəsində ölkəmizdə donuz qripinə yoluxan yoxdur. Mütəxəssislər bildirirlər ki, Azərbaycanda havaların isti keçməsi bu virusun yayılma  riskini azaldır. Çünki A (H1N1) virusu isti havaya yox, daha çox soyuq havaya qarşı dözümlüdür. Məlumatlara görə, Azərbaycandan Gürcüstana gedənlərin sayında azalma var. Ümumilikdə turizm agentliklərinin açıqlamalarına görə, bu il Gürcüstanda qış turizmi ötən illərlə müqayisədə zəifdir. İnsanlar qripdən qorxaraq bu ölkəyə səfər etmək istəmirlər.

Ölkəmizdə müvafiq qurumlar donuz qripinin yayılmasının qarşısını almaq üçün xüsusi tədbirlər görürlər. Belə ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanın bütün gömrük-keçid məntəqələrində donuz qripi əleyhinə xüsusi avadanlıq quraşdırılıb. Onun sözlərinə görə, komitə bu məsələdə Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumlarla əməkdaşlıq edir: “Əhalinin təhlükəsizliyi, sağlamlığı ilə bağlı bütün parametrlər nəzərə alınıb. Hesab edirəm ki, bu sahədə biz kifayət qədər nəticələr əldə etmişik. Bu gün də gücləndirilmiş iş rejimində çalışırıq. Əhalinin həm məlumatlandırılması, eyni zamanda xəstəliyin Azərbaycana gəlməməsi üçün xüsusi dezinfeksiyaedici, karantin sahələr elan olunub. Hər bir şey nəzarətimizdədir”.

Yolçu Xanvəli ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan  Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirdi ki, Azərbaycanda heyvanlarda bu virus aşkar edilməyib: “Eləcə də Gürcüstanda və digər ölkələrdə heyvanlar arasında bu qrip növü qeydə alınmayıb.  Vəziyyət hazırda sabitdir. Lakin buna baxmayaraq, profilaktik tədbir olaraq bütün təsərrüfatlara tapşırıq verilib ki, təsərrüfatlar qapalı vəziyyətdə saxlanılsın. Bu təsərrüfatlara qripə yoluxmuş və ya digər kənar adamların buraxılmasına yol verilmir. Eyni zamanda tapşırıq verilib ki, təsərrüfatda donuzların qidalanması ilə bağlı baytarlıq-sanitariya qaydalarına uyğun olaraq tədbirlər həyata keçirilsin. Bu gün donuzlar arasında nə donuz qripi, nə də digər yoluxucu xəstəliklər aşkar edilib. Təsərrüfatlara baytarlıq baxışı keçirilib. Bütün təsərrüfatlarda mütəmadi olaraq dezinfeksiya işləri də həyata keçirilir. 2019-cu ilin ilk günlərindən başlayaraq  yerlərdə ”Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlər aparılır”.

Baytarlıq xidmətindən “Yeni Müsavat”a o da bildirilib ki, qurumun Qəbələ Rayon Baytarlıq İdarəsi 2019-cu ilin tədbirlər plana uyğun olaraq rayonda heyvanlar arasında profilaktik peyvəndləmələrə başlayıb. Peyvənd vasitələri baytarlıq tədbirlərinin səmərəli və keyfiyyətlə aparılması üçün “soyuq zəncir” rejimi gözlənilməklə sahələrə termocamadanla daşınır və heyvanlara təmənnasız olaraq tətbiq edilir. İlin əvvəlindən başlayaraq iribuynuzlu, təkdırnaqlı və donuzlar arasında qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Bundan başqa, iribuynuzlu heyvanlardan brüsellyoz xəstəliyinin müayinəsi məqsədilə qan nümunələri alınır. Həmçinin sahibli ev itlərində quduzluğa qarşı profilaktik tədbirlər aparılır. Tədbirlər yekunlaşdıqdan sonra ərazidə dezinfeksiya işləri həyata keçirilir. Hazırda baytar həkimlər tərəfindən bu tədbirlər ardıcıl şəkildə davam etdirilir.

İribuynuzlu heyvanlarda bu tədbirlərin fevralın sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur. Aparılan tədbirlər çərçivəsində ilin əvvəlindən indiyə kimi “Gilan Dairy Farms” kökəltmə fermasına məxsus təsərrüfatda 250 baş və ayrı-ayrı şəxsi təsərrüfatlarda 1000 başdan artıq iribuynuzlu heyvanda qarayara xəstəliyi əleyhinə peyvəndləmə tədbiri aparılıb, 350 baş iribuynuzlu heyvandan brüsellyoz xəstəliyinin müəyyən edilməsi məqsədilə qan nümunəsi götürülərək laboratoriyaya göndərilib və 520 kvadratmetr sahədə dezinfeksiya və dezinfeksiya işləri aparılıb. Aparılan tədbirlər sayəsində baytar mütəxəssisləri qarayara, brüsellyoz və donuz qripi xəstəlikləri barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verərək baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməsini tövsiyə ediblər. Həmçinin təsərrüfatlarda hər hansı narahatçılıq olan zaman baytar həkimi ilə sıx əlaqə saxlamalarının vacibliyi vurğulanıb.

Bildirilib ki, Dövlət Baytarlıq Xidməti tərəfindən rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, “soyuq zəncir” rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinfeksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir. Hazırda xüsusi təhlükəli xəstəliklərə görə ölkədə epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün DBX lazımi təşkilatı tədbirləri davam etdirir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …