Ana səhifə / Aktual / Azərbaycanda əhalinin təbii artımı kəskin azalır – Ölkəni nə gözləyir? – ARAŞDIRMA

Azərbaycanda əhalinin təbii artımı kəskin azalır – Ölkəni nə gözləyir? – ARAŞDIRMA

Azərbaycanda son illər ərzində əhalinin təbii artım səviyyəsində enmə müşahidə edilir. Bu enmə ötən il daha kəskin şəkildə hiss edilib.

Bakupost.az -ın araşdırmasına əsasən, Azərbaycanda əhalinin sayının artmasına baxmayaraq, son illər ərzində təbii artım əmsalı getdikcə azalır. 2021-ci ilin əvvəlinə olan məlumata görə, ölkə əhalisinin sayı artaraq 10 119,1 min nəfərə çatıb. 2020-ci ildə ölkə əhalisinin sayı cəmi 50 924 nəfər artıb. Lakin həmin ildə Azərbaycanda əhalinin hər 1 000 nəfərinə düşən təbii artım əmsalı 5,1-ə enib. Halbuki 2019-cu ildə təbii artım əmsalı 8,7 (əhali sayı 85263 nəfər artıb) olub.

Əgər bir neçə il əvvəllə müqayisə edilərsə, görmək olar ki, ölkədə əhalinin təbii artım əmsalı getdikcə azalır. 2014-cü ildə Azərbaycanda əhalinin artım əmsalı 12,2 (əhali sayı 114 855 nəfər artıb) olduğu halda, 2015-ci ildə bu göstərici 11,7-ə (111 513 nəfər), 2016-cı ildə 10,6-a (102 816 nəfər), 2017-ci ildə 8,9-a (86 932 nəfər), 2018-ci ildə 8,4-ə (81 732 nəfər) enib.

Son dövrlərdə Azərbaycanda əhalinin ən yüksək təbii artım əmsalı 1990-cı ildə qeydə alınıb. Həmin ildə Azərbaycanda əhalinin təbii artım sayı 140 170 nəfər olub.

BMT-nin orta ssenari proqnozuna əsasən, Azərbaycan əhalisinin ümumi artımı növbəti illərdə də davam edəcək və 2030-cu ildə 10,7 milyon nəfərə çatacaq.

Əhalinin yaş strukturu üzrə proqnozlar əsasında müəyyən olunub ki, növbəti illərdə təbii artım nisbətən azalacaq və bu, 15 yaşadək olanların xüsusi çəkisinin 2025-ci ildən sonra aşağı düşməsi ilə nəticələnəcək. Əmək bazarına daxil olan 15-24 yaş arasında şəxslərin sayında azalma meylinin 2025-ci ilədək davam edəcəyi, ondan sonrakı beş ildə isə artacağı proqnozlaşdırılır.

Pensiya yaşına çatmış əhalinin sayının 2015-ci ildəkinə (841 min nəfər) nisbətən 2030-cu ilədək 2 dəfə artacağı proqnozlaşdırılır ki, bu da dövlətin sosial yükünü artıra, həmçinin yaşlı insanların sosial təminatında əlavə tədbirlərin həyata keçirilməsi zərurətini yarada bilər.

2017-ci ildə Azərbaycanda 15-24 yaş arasında şəxslərin sayı 1,5 milyon nəfərə yaxın olmuşdursa, 2025-ci ildə bu yaşda olanların sayı həmin saydan 17 faiz az olacağı, sonrakı illərdə isə artaraq 2030-cu ildə 2015-ci ilin səviyyəsinə (1,6 milyon nəfər) çatacağı proqnozlaşdırılır.

Yeri gəlmişkən, qeyd edək ki, son 50 ildə Azərbaycanda nəsilvermə səviyyəsi kəskin aşağı düşüb. Bu qənaətə BMT-nin apardığı araşdırmalar nəticəsində gəlinib. Bu araşdırmalara görə, ümumi nəsilvermə əmsalı 1970-ci ildə hər qadına 4,7 uşaq, 2017-ci ildə isə 1,9 uşaq olub.

Abortların evli qadınlar tərəfindən ikinci doğuşdan sonra nəsilverməyə nəzarət məqsədilə istifadə olunması ehtimalı daha yüksəkdir. İlk hamiləliklərin yalnız 2 faizi abortla nəticələndiyi halda, beşinci və daha sonrakı hamiləliklərdə bu göstərici 80,4 faizə çatır.

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanmışdır.
https://www.youtube.com/embed/URXMufoZrH8

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …