Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “Azərbaycan siyasi mühitində bir yenilənmə baş verməkdədir” – Arzuxan Əlizadə

“Azərbaycan siyasi mühitində bir yenilənmə baş verməkdədir” – Arzuxan Əlizadə

Müsahibimiz Azərbaycan Milli İstiqlal Partiyasının Sədr əvəzi Arzuxan Əlizadədir. Ona ölkədəki son proseslərlə bağlı bir sıra suallar ünvanladıq.

Ali Məhkəmənin dünən keçirilən plenum iclasında REAL sədri İlqar Məmmədov və “İnsan Hüquqları Klubu” ictimai birliyinin sədri Rəsul Cəfərovabəraət verilməsi barədə qərar qəbul edilib. Qərarı necə dəyərləndirirsiniz, gözlənilməz deyildi ki?

– Mən bu qərara hər iki şəxsin, daha çox da İlqar Məmmədovun siyasi kimliyini nəzərə alaraq iki aspektdən yanaşmağa üstünlük verərdim, hüquqi və siyasi tərəfdən. Qərarın hüquqi tərəfi ondan ibarətdir ki, Ali Məhkəmənin Plenumu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat” fəslində əks olunmuş müddəalara istinad edərək Avropa İnsan Hüquqları Məhkəməsinin bu iki şəxslə əlaqədar qəbul etdiyi “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının pozulduğu barədə qərarını və cinayət işlərinə yeni hallar üzrə baxılması üçün əsaslar olduğunu müəyyən edərək həmin cinayət işlərinin icraatına bəraətverici əsaslarla xitam verib. Bu ilk növbədə ona dəlalət edir ki, Azərbaycan qanunvericiliyi daha çox siyasi hesab oluna biləcək bu tip işlərdə hüquqi qərar verilməsi üçün lazımi hüquqi əsasları, yəni, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərini özündə ehtiva edir. Onu da vurğulamaq istəyirəm ki, Azərbaycanın hüquq məkanında bu qərar bir ilkdir.Qərarda eyni zamanda bəraət almış şəxslərə maddi təzminat ödənilməsi də öz əksini tapıb. Çıxarılmış qərar olduqca pozitiv bir yenilikdir və hesab edirəm ki, gələcəkdə Azərbaycanda anoloji məhkəmə proseslərində verilən qərarlarının qəbulunda müsbət presedent olaraq tətbiq olunacaqdır.

Eyni zamanda qeyd etdiyim kimi, verilmiş qərarın həm də bir siyasi qərar olduğu qənaətindəyəm. Bəraət qərarı cəmiyyətdə nə qədər gözlənilməz olaraq qəbul olunsa da, əslində bu qərar verilənədək münasibətlərdə yumşalmağa doğru müəyyən bir yol keçilmişdi. Təqribən iki il əvvəl Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə İlqar Məmmədov şərti azadlığa buraxılmışdı. Həmçinin, Rəsul Cəfərov bir neçə il əvvəl Azərbaycan Prezidenti tərəfindən əfv edilmişdi. Bir məsələni də xüsusi olaraq qeyd etmək lazımdır ki, azərbaycanlı hakimlər Xanlar Hacıyev və Lətif Hüseynov hər iki işlə əlaqədar Avropa Məhkəməsində dəfələrlə ardıcıl olaraq İlqar Məmmədovun və Rəsul Cəfərovun xeyrinə qəbul olunan qərarların lehinə səs vermişdilər. Bu da ona dəlalət edir ki, ortada ölkə rəhbərliyinin, konkret olaraq Prezidentin siyasi iradəsi olmuşdur. Hər iki şəxs barədə verilmiş bəraət qərarını cənab İlham Əliyevin dəfələrlə  həyata keçiriləcəyini bəyan etdiyi  köklü islahatların tərkib hissəsi kimi qəbul edirəm və bu baxımdan da gözlənilməz hesab etmirəm. Ümumiyyətlə, Prezidentin bəyan etdiyi siyasi islahatlar kursunun Azərbaycanın ümumi inkişafı və demokratik proseslərin sürətlənməsinə, siyasi və iqtisadi sabitliyin möhkəmlənməsinə hesablandığı qənaətindəyəm. Bu baxımdan da ümid edirəm ki, məhkəmələr Prezidentin iradəsinin ziddinə olaraq heç kim barəsində siyasi baxışlarına görə və sonradan dəyişdirilməsinə zərurət yaranacaq səhv qərarlar verməyəcəklər.

Ötən həftə iki yeni siyasi partiya dövlət qeydiyyatına alındı. Bir müddət əvvəl müxalif düşərgənin nümayəndəsi olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin, hazırda isə Azadlıq Partiyasının sədri Əhməd Orucun müalicəsinə Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən xüsusi diqqət ayrılıb. Bütün bunlar siyasi islahatların tərkib hissəsi və sağlam iqtidar-müxalifət münasibətlərinin təzahürü kimi qiymətləndirilə bilərmi?

– Sadaladıqlarınızı birmənalı olaraq son dövrün müsbət hadisələri kimi dəyərləndirirəm. On illik fasilədən sonra iki yeni partiyanın dövlət qeydiyyatına alınması tərəfimizdən bu sahədə pozitiv yenilik kimi qiymətləndirilib. Prosesin uzun müddətdən bəri qeydiyyata alınacaqlarını gözləyən digər siyasi təşkilatları da əhatə edəcəyini düşünürəm. Qeyd etdiyiniz şəxslərin müalicəsi ilə bağlı verilən qərarlar isə dövlətin və onun başında duran şəxslərin siyasi baxışlarından asılı olmayaraq ölkə vətəndaşına humanist yanaşmasının göstəricisidir. Düzü mən Azadlıq Partiyasının sədri Əhməd Orucun səhhəti ilə bağlı məlumatsız idim. Yalnız dünən ailəsi adından oğlu Abdul Oruclunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu yazdığı barədə mətbuatda gedən məlumatdan bu barədə xəbər tutdum. Məlum olur ki, Əhməd Orucun səhhətində yaranmış problemə dövlət başçısı tərəfindən dərhal lazımi diqqət və qayğı göstərilib. Ailəsi bununla əlaqədar Prezidentə və Mehriban xanıma Əhməd Orucun həyatının ciddi təhlükə altında olduğu məqamda etdikləri əvəzsiz köməyə görə təşəkkür edərək bu dəstəyi heç zaman unutmayacaqlarını deyib.

Dövlətin birinci və ikinci şəxsləri tərəfindən atılan bu addımları həm yüksək insani keyfiyyətlərbaxımından, eləcə də ölkədə sağlam siyasi münasibətlərin bərqərar olmasının göstəricisi olaraq olduqca təqdir olunası nümunələr hesab edirəm və təbii ki, alqışlayıram. Görünən odur ki, Azərbaycan siyasi mühitində bir yenilənmə baş verməkdədir.

Aparılan bu siyasəti həm də iqtidar-müxalifət münasibətlərinin normal məcrada inkişaf etməsində maraqlı olmayan və hər fürsətdə bu münasibətləri qaralamağa çalışan  düşərgənin nümayəndələrinə tutarlı cavab hesab edirəm.

Vidadi, Azinforum.az

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …