Ana səhifə / Aktual / AZƏRBAYCAN ŞAHMATININ GƏNC ƏFSANƏSİ ÖLDÜ, YOXSA… – ARAŞDIRMA
FIDE Grand Master Vugar Gashimov (World Rank - 12) from Azerbaijan

AZƏRBAYCAN ŞAHMATININ GƏNC ƏFSANƏSİ ÖLDÜ, YOXSA… – ARAŞDIRMA

Azərbaycan şahmatının “arxasız” nəhəngi – Vüqar Həşimovun həzin və acı taleyi…

Bu il Ümumdünya Şahmat Olimpiadasının Bakıda keçirilməsi nəzərdə tutulub. Uzun illər, hətta sovet dönəmində Azərbaycan Şahmat Məktəbinin əldə etdiyi yüksək nailiyyətlər Azərbaycan bayrağını ali yarışlarda dalğalandırıb. Son zamanlar isə şahmat sahəsində yaranmış tənəzzül, Azərbaycan şahmatçılarının dünya yarışlarında birincilik qazanmaması, bu mövzuya yenidən qayıtmağımıza, araşdırma aparmağımıza səbəb oldu.

Niyə və nə üçün? 

Niyə bir vaxtlar dünya birinciliyinə iddialı olan Azərbaycan şahmatı, bu gün süni tənəffüz aparatına bağlanmış koma vəziyyətindəki xəstəni xatırladır? Bir zamanlar Azərbaycanı dünyada tanıdan şahmatçılarımızın tədricən arenadan uzaqlaşması, bu sahədə məşhurlaşmağa imkan tapmayan bir çox şahmatçıların isə ayrılaraq Avropaya və dünyanın aparıcı ölkələrinə üz tutmasının kökündə nə dayanır? Əgər göründüyü kimi, prezident İlham Əliyevin də bu sahədə dövlətin diqqət və qayğısının olması haqda göstərişləri varsa, o zaman şahmatı nəfəs almağa, yaşatmağa, dünya liderliyini ələ almağa qoymayan amilləri yaradan nə kimi səbəblər var? Nə üçün bir vaxtlar Azərbaycanın bayrağını ən ali yarışlarda dalğalandıran şahmatçılarımız bu gün süstlük, inamsızlıq içərisindədirlər?

Apardığımız araşdırmalar bizə bir çox məqamlara aydınlıq gətirməyə yardımçı oldu. İlk toqquşduğumuz məqam isə, artıq dünyada olmayan Azərbaycanın şahmat üzrə kişilərdən ibarət milli komandasının sabiq üzvü, 3 dəfə ölkə çempionu, dünyanın reytinq sıralamasında 26-cı mövqedə duran Vüqar Həşimovla bağlı oldu. Vüqar Həşimov həm də ona görə diqqətimizi çəkdi ki, bu böyük şahmatçının ötən ay ölüm ildönümü idi. Onu bizdən artıq qoca bir il ayırır…

Dünya şöhrətli Vüqar Həşimov kimdir?

v7

Azərbaycan vikipediyası belə yazır:

Vüqar Həşimov FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq, 11-ci yerdə qərarlaşıb. 2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə görə, 2010-cu il Şahmat Olimpiadasında yığma komandanın heyətinə dəvət edilməyib. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən “Recco-Emiliya” şahmat turnirinin qalibi olub.

Vüqar Həşimov 24 iyul 1986-cı ildə Bakıda anadan olub, 2014-cü il yanvarın 11-də beyin xərçəngindən müalicə olunduğu Almaniyanın “Heydelberq” klinikasında dünyasını dəyişib.

“Yarışlara Azərbaycan üçün qatılan” Vüqar Həşimovu isə dünya belə tanıyır:

v10

Azərbaycanın şahmat üzrə kişilərdən ibarət milli komandasının sabiq üzvü, 3 dəfə ölkə çempionu, dünyanın reytinq sıralamasında 26-cı mövqedə duran Vüqar Həşimov.

Ölümündən bir qədər əvvəl onun Milli komandanın tərkibindən uzaqlaşdırılması, özünün də dediyi kimi, bir nəfərə qarşı deyil, Azərbaycan dövlətçiliyinin əleyhinə atılan bir addım idi.

Maraqlıdır ki, Vüqar Həşimovun vaxtsız ölümünü onun əldə etdiyi nailiyyətlərə edilən sui-qəsd kimi dəyərləndirənlər də var. Onlar hesab edirlər ki, belə göstəricilərə malik bir şahmatçının Azərbaycanın milli komandasında təmsil olunması bəzi qüvvələr üçün qəbuledilməz idi.

O səbəbdən də Vüqar Həşimovun vaxtsız xəstəliyə tutulması, eyni zamanda ölkə daxilində ona qoyulan qadağalar və sonunda onun ölkədən kənarda baş tutan vaxtsız ölümü bu gün də müəmmalı suallar yaradır: Vüqar Həşimov ağır sürən xəstəlikdən ölüb, yoxsa belə bir xəstəliyə düçar edilərək, öldürülüb?

Maraqları üstələyən “Litvinenko hadisəsi” də belə qənaətə gəlməyə əsas verir.

Bir qədər əvvələ qayıdaq.

Vüqar Həşimovun dünya çempionatında ard-arda uğur qazandığı günlərə…

Dünya şahmatına olan maraq hər zaman güclü olub. O baxımdan da qədim və elitar sayılan bu oyun zaman-zaman ən ali tribunalardan izlənilib. Təbii olaraq, oyunçular da hər zaman diqqət mərkəzində olublar. Sovet dönəmində Azərbaycan Şahmat Federasiyasının “arxalı” olduğu üçün daha irəli getdiyini söyləyənlər, bunu müstəqil Azərbaycana şamil etmirlər. Bu barədə daha çox dərinə getmək və az qala bəşər övladının tüklərini biz-biz edəcək məqamlara belə toxunmaq olar. Lakin hazırda bununla kifayətlənib, Azərbaycanın şahmat sahəsini tənəzzülə uğradan səbəblərə aydınlıq gətirməyə çalışacağıq.

Azərbaycan şahmatını tənəzzülə aparan “şahmat siyasəti

Oyuna qalibiyyət qatan oyunçuların müxtəlif yollarla sıradan çıxarılması.

Bu qədər yüksək göstəriciyə malik olan bir şahmatçının Milli komandadan uzaqlaşdırılmasını, bu sahənin rəsmiləri özünəməxsus şəkildə izah etməyə çalışırlar. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov sual yaradan açıqlama verir: “Tutaq ki, onu dəvət eləmək federasiyada kiminsə yadından çıxıb, məncə o, federasiyanın nəinki qapısını, bacasını döyməliydi, maraqlanmalıydı ki, məni niyə görə dəvət eləmirsiniz?” (!!! – Red.)

(http://www.azadliq.org/content/article/2184957.html)

v3

Niyə? Mahir Məmmədov məmurdur və hər şeydən əvvəl dövlətin maraqlarından çıxış etməyə borcludur. O zaman yüksək göstəriciyə malik şahmatçının Federasiyada kimlərinsə yadından çıxması kimi açıqlamalar verməsi nə dərəcədə ağla batandır? Belə çıxır ki, dövlətin üzərində illərlə zəhmət qoyduğu istənilən idmançı hansısa məmurun marağında deyilsə, ali yarışlardan uzaqlaşdırıla və üstündən xətt çəkilə bilər – Vüqar Həşimov kimi…

Vüqar Həşimov “Azadlıq radiosu”na müsahibə verir və diqqət edin, nə deyir: “Mənim haqqımda deyilənlər hamısı yalan, şər və böhtandır. Məni heç kim heç bir yerə dəvət etməyib. Nə hansısa görüşlərə dəvət etməyiblər, nə də Vüqar Həşimov özü-özünü yığmadan uzaqlaşdırıb. Federasiyanın vitse-prezidenti Mahir Məmmədov deyir ki, onu biz Prezident Kubokuna dəvət etmişik. Ancaq Federasiyanın prezidenti həm Elman Rüstəmov, həm də vitse-prezident Faiq Həsənov, yarış ərəfəsində o vaxtı müsahibələri olub və bu müsahibələr hal-hazırda da internetdə var. Hər ikisi deyib ki, bu, federasiyanın şəxsi işi olub və buna görə də onlar məni dəvət etməyiblər. Bu, açıq-aşkar həmin müsahibələrdə var, yəni bu da digər tərəfdən göstərir ki, nə qədər yalandır”.

(http://www.azadliq.org/content/article/2183767.html)

v2

Müsahibədən də göründüyü kimi, Vüqar Həşimov yığma komandada bir qrup səlahiyyətli məmurun apardığı “şahmat gedişinin” qurbanı olub.

Vəkil Aslan İsmayılov 28 yanvar 2014-cü il tarixli azadlıq.info-ya ünvanlanan məqaləsində (http://www.azadliq.info/40715.html) yazır:

“Azərbaycan Şahmat Federasiyasının sədr müavini Faiq Həsənov Vüqar Həşimovun məzarı yanında bunları dedi: “Vüqar Həşimov uşaqlıqdan epilepsiya xəstəliyindən əziyyət çəkib və bundan da vəfat edib”. Bu, onun Vüqar Həşimov barədə yekun, iyrənc çıxışı idi. Bir müddət öncə isə keçmişdə Bakı Şəhər Partiya Komitəsinin təlimatçısı, hazırda isə Azərbaycan Şahmat Federasiyasının sədr müavini işləyən dostu Mahir Məmmədovla birlikdə onlar bunu bəyan etmişdilər:

v1
“Həşimov ulduz xəstəliyinə tutulub”, “Həşimov komandanı ruhdan salır”, “Həşimov Kasparovun klubunun tərəfində çıxış edib”, “Bizdə yetərincə Həşimov kimilər var”, “Azərbaycanın maraqlarını Həşimova etibar etmək olmaz” və s.

“Qələbə qazanandan sonra verilən kömək yavaş-yavaş yox olmağa başladı”

“Azadlıq” radiosuna verdiyi müsahibədə Vüqar Həşimov maraqlı məqama toxunub. Ona verilən “Teymur Rəcəbova ARDNŞ, Şəhriyar Məmmədyarova isə Dövlət Sərhəd Xidməti himayədarlıq göstərir. Bəs sizə hansı qurumu təhkim ediblər?”-sualına belə cavab verib: “Çox ürəkağrıdıcı məsələdir. Çünki dediyim kimi, mən şahmata 7 ildən sonra qayıtdım. 2008-ci ildə şahmatda hazırlaşmağa başladım. O zaman Bakıda qran-pri keçirilirdi. Teymur Rəcəbovla Şəhriyar Məmmədyarovun reytinqi o yarışa düşürdü. Mən də o zaman Azərbaycanın üçüncü şahmatçısıydım. O yarışa dəvət aldım. Həmin yarışda qələbə qazandım. Qələbə qazanandan sonra ona qədər kömək vardısa, artıq yavaş-yavaş yox olmağa başladı. Neçə vaxtdır, 1-2 ildir, sıfır dərəcəsinə çatıb. Bu, doğrudan da çox pisdir. Çünki keçən il cənab prezident şahmatın inkişafı ilə bağlı sərəncam imzalamışdı. Orada mənim kimi səviyyəli şahmatçılara hər bir kömək olması haqqında göstərilib. Ancaq çox təəssüf ki, bunun heç biri görünmür. Təəssüf edirəm ki, hal-hazırda belə bir hal, yəni belə hadisələr baş verir, ona görə mən deyirəm, cənab prezidentə məktub da yazmışdım. Çox təəssüflər olsun ki, o da çatmayıb. İnanıram ki, sonunda cənab prezidentə bu məsələlər hamısı çatdırılacaq və tədbir görüləcək”.

v8

Daha sonra Federasiyada baş verən qanunsuzluqlar Aslan İsmayılovun məqaləsində bu cür ifadə olunur: “Beynəlxalq yarışların birində uğurlu çıxışdan sonra beynəlxalq usta İlahə Qədimova “Zerkalo” qəzetinə belə müsahibə verir: “Bu yarışdakı uğurdan sonra mən qadın yığmasının məşqçisi Fikrət Sideifzadəni görüb ona tərəf getdim ki, yarışla bağlı təəssüratlarımı bölüşüm, o isə özünü elə apardı ki, guya nə məni görür, nə də ki, uğurlarımı. Bu cür münasibətdən sonra mən Şahmat Federasiyasından yalnız ziyan görmüşəm. Başa düşə bilmirəm ki, nə baş verir…”

Tanış etirafdır! Azərbaycan çempionu, beynəlxalq usta Firuzə Vəlixanlı bir sıra qəzetlərdə dəfələrlə deyib: “BP şirkəti Azərbaycanın aparıcı şahmatçı xanımlarına kompüterlər hədiyyə edib. Faiq Həsənov mənə verilmiş kompüteri ələ keçirib”.

Kimdir Faiq Həsənov?

v

Faiq Həsənov Azərbaycan şahmatında olduğu kimi, Vüqar Həşimov məsələsində də kilid adamdır. Bu səbəbdən onun haqqında bir az ətraflı danışmalı olacağıq. Amma ilk başdan maraqlı bir problemlə qarşılaşdıq. Faiq Həsənovun adı Azərbaycan Şahmat Federasiyasının Vikipediya səhifəsində vitse-prezident olaraq keçir və oradan Faiq Həsənovun Vikipediya səhifəsi açılır. Orada bu məlumatlar yer alıb:

“1958-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1963-cü ildə həmin fakültəni bitirmişdir. 1963-cü ilin avqust ayından 1964-cü ilin fevral ayına qədər Gəncə alüminium zavodunda işləmiş, 1965-ci ilin avqust ayına qədər Sovet ordusu sıralarında xidmət etmişdir. 1965-ci ilin sentyabrında ATU-nun üzvi kimya kafedrasına assistent vəzifəsinə qəbul edilmişdir. 1973-cü ildən baş müəllim, 1980-cı ildən isə dosent vəzifəsində çalışır. 1979-cu ildə kimya elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 50-dən çox elmi əsərin müəllifidir. “Üzvi kimya praktikumu”, “bioüzvi kimya” dərsliklərini və 10-dan çox dərs vəsaiti və tədris metodik işləmələr nəşr etdirmişdir. Əczaçılıq və tibbi biologiya fakültəsinin tələbələrinə üzvi kimya və bioüzvi kimya fənnlərindən mühazirə və təcrübi məşğələ dərsləri aparır.”

v4

Amma əldə etdiyimiz məlumatlara görə, burada yazılanlar doğru olmaya bilər. Araşdırmalarımız nəticəsində məlum oldu ki, Faiq Həsənov Gəncə Kənd Təsərrüfatı İnstitutunda təhsil alıb və ondan sonra Bakıda uzun müddət Kənd Təsərrüfatı Nazirliyində çalışıb. İxtisası aqronomdur. Göründüyü kimi, yuxarıdakı məlumatlar bunu əks etdirmir. Bütün hallarda biz hər iki informasiyanı təqdim edirik. Qoy hansı doğrudursa, o olsun. Amma bilinən tək şey odur ki, Faiq Həsənov şahmatçı deyil və şahmat çevrələrinin məlumatlarına görə, əldə etdiyi bütün maddi nemətlər də şahmata gəlişindən sonra başlayıb. Yəni şahmat Faiq Həsənov üçün sözün bütün mənalarında “çörək ağacı” olub…

v5

Və… Şahmat Federasiyasının vitse-prezidenti olan bu adamın göründüyü kimi, şahmatla bağlı heç bir təhsili, şahmatla heç bir bağlılığı yoxdur. Amma onu Azərbaycanın Şahmat üzrə milli yığmasına baş hakim təyin ediblər. Təbii ki, belə olan halda, Azərbaycanın milli sərvəti olan istedadlı idmançılarımız hansısa sifarişin qurbanı olaraq kənarda qalarsa, təəccüblənmək lazım deyil. Bir vaxtlar dünyaya meydan oxuyan şahmatçılarımız, bu cür kadrlar hesabına tənəzzülə məhkumdurlar. Onsuz da hər zaman bu məmləkətdə “atın qabağına ət, itin qabağına ot atıblar”.

Ən dəhşətlisi də odur ki, – başqa sözlə ifadə etmək olmur – Faiq Həsənov kimi aqronom Azərbaycanda minlərlədir, ancaq Vüqar Həşimov kimi istedadlar isə millətin sərvətidir. Faiq Həsənovun şahmat hakimliyinə gəlincə isə, 10-12 vərəqdən ibarət broşürlə tanış olub, hakimliklə məşğul olmaqmı olar?

Sabir Rüstəmxanlı və Aynur Sofiyeva niyə düzünü danışmırlar?!

Aynur_Safieva

Azərbaycan Şahmat Federasiyasının üzvü kimi də Faiq Həsənovun legitimliyi ilə bağlı çoxlu suallar var. Azərbaycan Şahmatçılarının Plenumu Sabir Rüstəmxanlını Azərbaycan Şahmat Federasiyanın sədrliyi vəzifəsindən azad edib, yerinə Aynur Sofiyevanı sədr seçəndə, plenum demək olar ki, yekdilliklə ona qarşı səs verdi və Həsənovu Fahmat Federasiyasının Prezidiumunun tərkibinə seçmədi.

Aynur Sofiyeva yenidən onun xeyrinə səs verməyi təklif etsə də, nəticə dəyişmədi. Ertəsi gün isə elan edildi ki, Faiq Həsənov Şahmat Federasiyasının sədr müavini vəzifəsinə “seçilib”. Faktiki olaraq bütün bu müddət ərzində Faiq Həsənov qeyri-legitim sədr müavini olub.

Bir neçə gündən sonra gözlənilmədən Faiq Həsənovun familiyası Azərbaycan Şahmat Federasiyasının Prezidiumunun üzvlərinin siyahısında peyda olur. Bunun nə cür baş verdiyi ilə bağlı çoxsylı suallara cavab verməkdən yayınan Sabir Rüstəmxanlı və Aynur Sofiyeva belə əsaslandırmağa çalışdılar ki, ikinci dəfə səsvermə keçirilib və Faiq Həsənov bu səsvermədə seçilib.

Araşdırmalarımız nəticəsində məlum oldu ki, birincisi, belə prosedurların təkrarlanması Federasiyanın Nizamnaməsində nəzərdə tutulmur və ikincisi də, haqqında danışılan ikinci səsvermə ilə bağlı heç kimin xəbəri olmayıb.

Aynur Sofiyeva niyə hönkürərək ağladı?

Ona görə də istər Sabir Rüstəmxanlı, istərsə də Aynur Sofiyeva “ikinci səsvermə” məsələsinə aydınlıq gətirməli və bununla da yaranmış suallara cavab verməlidirlər. Əks təqdirdə, Vüqar Həşimovun ölkədən didərgin düşməsinin, yarışlardan bilərəkdən uzaqlaşdırılmasının, böyük gərginlik və əsəb içində qalmasının baiskarı olan Faiq Həsənovu müdafiə etməklə Aynur Sofiyeva böyük günaha batır. Şahidlərin sözlərinə görə, Vüqar Həşimov dəfn olunan zaman Aynur Sofiyeva hönkürtü ilə ağlayırmış. Ona qarşı edilən haqsızlığa laqeyd qaldığı üçün Aynur Sofiyevanın tökdüyü göz yaşlarına da artıq heç kəs inanmayacaq.

Məsələnin həssasiyyətini nəzərə alıb Sabir Rüstəmxanlı, Faiq Həsənov və Aynur Sofiyeva ilə əlaqə yaratmaq istədik. Faiq Həsənovun ünvanına Şahmat Federasiyasının rəsmi elektron poçtuna sorğu göndərdik. Amma sorğuya cavab ala bilmədik. Faiq Həsənovun göstərilən ünvandakı telefonları da çatımlı deyildi. Görünür, ünvanlar dəqiq deyildi.

sabirrustemxanli-1

Sabir Rüstəmxanlının facebook səhifəsindəki mesaj qutusuna da sorğu göndərdik və Sabir bəy çox keçmədi ki, sorğumuza cavab verdi: “Şahmat Federasiyası respublikada ilk müstəqil idman birliklərindən biri idi. Valideynlərin və idmançıların təklifi ilə prezidentliyə razılıq vermişdim. Çox çətin illərdi. Federasiyaya maliyyə dəstəyi verən tapmaq zülüm idi. Belə çətin şəraitdə biz şahmatçılarımızın demək olar ki, bütün beynəlxalq yarışlarda iştitakına nail olduq. Mənim vaxtımda bir neçə idmançımız qrossmeyster oldu. Sonra işim çox olduğundan istefa verdim. Faiq Həsənovu mən işləyəndə də, məndən sonra da federasiyanin işgüzar, hörmətli, ölkəmizi beynəlxalq şahmat aləmində ləyaqətlə təmsil edən əsl peşəkar kimi tanımışam. Federasiyanın prezidentliyindən çıxandan sonra şahmatçılarla əlaqəm üzüldü. Ağır illər idi, iş başdan aşırdı. Yalnız Aygün Sofiyevanı görürdüm. Federasiya barədə tez-tez soruşmaq düzgün anlaşılmazdı. Ona görə də sualların qalanına cavab vermek imkanım xaricindədir…”

Göründüyü kimi, Sabir Rüstəmxanlı verdiyimiz suallar haqqında ümumiyyətlə, danışmayıb. Bu da aldığımız məlumatların həqiqət olduğunu göstərir. Bütün cəhdlərimizə baxmayaraq Aynur Sofiyeva ilə əlaqə saxlamaq isə mümkün olmadı.

Rüşvət və korrupsiya

Bütün sahələrə yol tapan bu dağıdıcı amil Şahmat Federasiyasından da yan keçə bilməzdi. O baxımdan, ayrı-ayrı idmançıların dilindən səsləndirilən bu fikirlər eyni qənaəti yaradır. Şahmat Federasiyası daha çox  “başıaşağı, söz dinləyən, səsi çıxmayan, bir sözlə, manqurt” axtarışındadır. Onlara dikbaş, istedadlı, Azərbaycanın adını birincilər sırasına qatacaq gənclər lazım deyil. Əgər bu sahəni həqiqətən də inkişaf etdirmək dövlətin maraqlarında olsaydı, o zaman Aslan İsmayılovun təbirincə desək, “Gürcüstanda benzin satan Mahir Məmmədov və gübrə üzrə mütəxəssis Faiq Həsənov” kimi adamlar bu sahəni idarə etməzdilər. (Yeri gəlmişkən, Tiflisin eyni məhəlləsindən olan bu dostları hələ də şərikli biznesləri bir-birinə bağlayır). İdarəçilik bu gün də şahmat sahəsindən şər və böhtanla, yalan məlumatlarla uzaqlaşdırılan insanlara həvalə olunardı. Halbuki maliyyə və bank sektorunu yerlə sürükləyən Elman Rüstəmovun Şahmat Federasiyasının prezidenti olaraq, onu da hansı istiqamətə apardığını düşünmək o qədər də çətin deyil.

elman_rustemov_001

Yazıya zəruri haşiyə:

“Ağası Gülüm olanın başına külüm olar” deyib Azərbaycan ataları. Elman Rüstəmov Azərbaycan manatının taleyinə nə gün ağladı ki, Şahmat Federasiyasının da gününə nə gün ağlasın. Bu da dəyişən Azərbaycan manatı deyil ki, Mərkəzi Bankın anbarlarından “KamAZ”la çıxarıb daşıyasan. Bu, intellektdir, bu, başdır, bu, ağıldır – bunu iri yük maşınları ilə daşımaq olmur. Ya da Avstriya banklarında milli pulumuzu çap etməyin qarşısında “otkat” deyil ki, rahatca alıb həzmi-rabedən keçirsin. Elman Rüstəmov-Faiq Həsənov ancaq bunu edə bilər – arxası olmayan bir gənci, Azərbaycanın başını zirvələrə qaldıracaq bir intellektual Vətən övladını çürütmək və ölümə tərk etmək. Onlar ağıllı başlardan pul qazana bilmirlər, “otkat” ala bilmirlər axı.

Bir neçə il əvvəl Azərbaycanın şahmat üzrə milli komadasının kapitanı Zurab Azmayparaşvili mətbuatda demişdi ki, əgər yarışlara Vüqar Həşimovsuz getsək, komanda medalsız qalacaq. Onun təsbitləri özünü doğruldu. Artıq neçə ildir ki, Azərbaycan beynəlxalq şahmat yarışlarında qızıl medalsız qalıb.

Qeyd: Deyilənlərə görə, Azərbaycandan uzaqlaşdırılsa da, Vüqar Həşimovun “sakit durmaması” səlahiyyətli məmurları ciddi narahat etməyə başlamışdı. Onun həm Azərbaycan şahmatının reallıqları barədə mətbuata verdiyi açıqlamalar, həm də bu məsələ ilə bağlı prezidentə etdiyi müraciətlər ola bilsin ki, bir yerdən yuxarıya sıza bilərdi. Baxmayaraq ki, prezident ölkədə baş verən neqativ hadisələrdən peşəkarcasına qorunurdu.

O zaman qərar verildi: Vüqar Həşimov bir daha Azərbayanın milli yığmasının tərkibində olmayacaq, xaricdəki fəaliyyəti onu Azərbaycandan uzaqlaşdıracaq və tədricən ictimaiyyət bu adda şahmatçını tamamilə unudacaq.

Lakin onlar yanılmışdılar. Vüqar Həşimovun müəmmalı ölümü, onun yenidən və açılmayan sirlərin üstü açılana qədər gündəmdə qalmasına imkan yaradacaqdı.

v12

İ.S. Vüqar Həşimovun ölümündən sonra Şəmkirdə beynəlxalq şahmat turnirinin keçirilməsi nəzərdə tutuldu. Bu, çox düzgün və doğru qərardı, ancaq ortada bir “əmma” olmasaydı. Turnirə məhz Faiq Həsənov baş hakim təyin olundu. Bu da o deməkdir ki, sağlığında Azərbaycanın Şahmat üzrə Milli Yığmasının tərkibindən uzaqlaşdırdığı Vüqar Həşimovun hesabına Faiq Həsənov Şəmkirin lüks mehmanxanasında bir ay yeyib-içir, ona dövlət maşını təhkim olunur, üstəlik də qonorar və şirinlik. Bax, bu, taleyin ironiyasından başqa bir şey deyil. İlahi ədalətin nə vaxt bərqərar olacağını dəqiq bilməsək də, bunun nə vaxtsa baş verəcəyinə əminik. Əminik ki, Vüqar Həşimovun ölümü ilə nəticələnən faciədən əvvəl və sonra qazananları Allah özü cəzalandıracaq. O isə hər zaman olanları beləcə təbəssümlə seyr edəcək…

v9

Məlahət Zeynallı

Xural.com

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın