Ana səhifə / Aktual / Azərbaycan mətbuatı – üçü birində: Rövşən Hacıbəyli, Rauf Arifoğlu, Əvəz Zeynallı

Azərbaycan mətbuatı – üçü birində: Rövşən Hacıbəyli, Rauf Arifoğlu, Əvəz Zeynallı

 
 

Aydın Canıyev

25 illik müstəqillik dönəminin sonunda mətbuata boylananda çox acınacaqlı bir duruma şahid olursan! Bir az kənardan və bir az da yad gözlə, bütövlükdə isə obyektiv baxanda mənzərə tam aydın görünür: mətbuat çökdürülüb, zərərsizləşdirilib! Müxalif mövqedən mübarizəsiylə, müstəqilliyiylə (xüsusi vurğulayıram – müstəqilliyiylə!) hakimiyyətə təhlükə yarada biləcək “qiyamçı mətbu ordu” yoxdur! O boyda ordudan gücdən salınmış, heydən düşmüş bir neçə bölük qalıb! Napoleon Bonapart deyirdi ki, mənə dörd qəzet verin, istənilən ölkədə inqilab edim – Azərbaycanda müxalif adına bir cüt-bir tək qəzet qalıb, onun da ikisi bir-birini satqınlıqda ittiham edir, baxmayaraq ki, mən hələ də onların müxalifliyinə və müstəqilliyinə inanıram və bu yazını onların varlığına həsr edirəm!

AzadlıĞın və “AZADLIQ”ın unudulmaz siması

Mən Rövşəni tələbəlikdən tanımışam. Məndən sonra qəbul olunub. Elə bilmişəm yaşca da məndən balacadı və ta bu ilin əvvəlində Ramin DEKO-nun onun 50 yaşının tamamında haqqında yazdığı yubiley yazısını fb-də oxuyana qədər. Sonra şəxsən təbrik etmək üçün “Azadlıq”a getdim. Məlum oldu ki… bu yazı 5 il qabaq yazılıb. Sən demə, Rövşənin 55 yaşı olurmuş. Şəkil çəkdirdik və mən yazı boyun oldum. Son vaxtlar “Azadlıq”a getmədiyimdən, bir az da həbs olunduğum vaxtı sərgilənən biganəlikdən kollektivə qərəzim olsa da, arada-bərədə rastlaşdığım “Azadlıq”çılardan həmişə hamıya replika atan Elşən Şirinov mənə də “Rövşən haqqındakı yazın əlaydı” atmacasından qalmadı və cavab verdim: bu il Rövşənin ilidi.

Az sonra gördüm ki, Rauf Arifoğlunun da 50 yaşı olur – ilin yarısı da oldu Rauf bəyin. Elə yubileyə sözardı təbrik yazmaq istəyirdim ki, Əvəz Zeynallı “Qaynar qazan”ında Arif Hacılını “yandırmağıyla” bütün planları alt-üst etdi: mənim həmin andakı yazım tərəf kimi çıxış etməyə bərabər olardı. Mən isə çoxdan bilərəkdən və ya bilməyərəkdən tərəf olmaqdan imtina etmişəm. Lap bu yaxınlarda isə məlum oldu ki, elə Əvəzin də yaşı az deyil: 45-i keçib – hər ilin cəmi 15 günü onun olur!
Amma hər üçündə oxşar olan odu ki… onlar müstəqillik dönəminin imzaları olaraq həmişəlik tarixdə qalacaqlar!


Deməli, məni Rövşəndə heyrətləndirən, təkcə onun birdən-birə məndən 7 il böyük olmasının üzə çıxması yox, həm də bütün bu illər ərzində məhz “Azadlıq”da olmasıydı! Sabit qalmasıydı – işində, əqidəsində…
Bəri başdan deyim ki, mən “Azadlıq”da çox az işləmişəm. Kiminsə ağlına və ağzına gələni iclasda deməsi sayəsində Qənimət Zahidov mənə heç nə demədən, məndən xəbərsiz məni işdən çıxarıb, baxmayaraq ki, ayın əvvəlində hətta baş redaktor müavini Bahəddin Həziyev mənə maaşımın artırılmağını bəyan edib, yazılarımı daha intensiv göndərməyi tapşırıb. Fəqət…
1993-cü ilə qayıtmaqda bir məqsədim var: “Azadlıq”ın müstəqillik uğrunda, müstəqillik dönəmində müstəsna xidmətləri olsa da, heç də həmişə (özümü sıxaraq, daha yumşaq yazıram) “normal kollektiv” olmayıb. “Azadlıq”ın ən müxtəlif oyunlara çəkilməsi, qruplaşmalara qoşulması, konkret simaların əsarətinə düşməsi, əldən-ələ olmasa da, təsirdən-təsirə keçməsi, hakimiyyət və müxalifətdaxili intriqalara qoşulması, bəzən hətta hakimiyyətdəki ən qəddar adama belə dolayısıyla dəstək olması, müxalifətin hakimiyyətə ən nataraz olan nümayəndəsinə qılınc çəkməsi, konyunktur siyasi manevrləri, nataraz və yekəxana təpkiləri zaman-zaman insanları, ilk növbədə oxucuları, xalqın narazı kontingentini küsdürüb, baxmayaraq ki, hər gün bu qəzetin səhifələrində iqtidar əleyhinə ən sərt yazılar olub!
Mən üstümə hücum çəkəcək kimsələrə bu qəzetin ilk redaktoru Nəcəf Nəcəfovun keçmiş “Azadlıq”çı jurnalistə etirafıyla möhür vururam: “Mənim iş yerimə ən yaxın yol “Azadlıq”ın qarşısından keçir, amma mən hər gün öz yolumu bir küçə o yandan salıram”.
Və…
“Azadlıq”ın var olduğu illərdə ondan yararlanan onlarca jurnalist olub: hansısa qəzetə baş redaktor keçməkdən tutmuş İlham Əliyevin sərəncamıyla vəzifə alanınacan, məhz “Azadlıq”da yazdığı üçün bütün qapılar üzünə bağlanmaq da daxil olmaqla hər şeydən məhrum olanına kimi!
“Azadlıq”dakı bircə yazısıyla özündən ümummilli zərərdidə qayırıb dividend alanı da olub!
“Azadlıq”da qısa müddət işləməyi hesabına geniş dost-tanış şəbəkəsinə yiyələnib vəzifə, ev-maşın alan da həmçinin! Sayta, qəzetə baş redaktoru gedəni də bəs qədər! “Azadlıq”ı öyəndən “Azadlıq”ı söyənə çevriləni də yox deyil!
“Azadlıq” nəinki yazmağa təzə başlayan sıravi yazarlar üçün, hətta ayrı qəzetdə baş redaktor olub da sonradan “Azadlıq”da sıravi müxbir olmaq qədərincə əziz bir ünvan olub həm də – burasını da unutmayaq!
Amma “Azadlıq”ın “qara fəhlələri” də en sayda… Onlar indi də “Azadlıq”dakı ruhu yaşayırlar və yaşadırlar! Onlar hər yerdə elə AZADLIQ ADAMLARIdır – Praqada, Bakıda, Parisdə, Moskvada, Mingəçevirdə, Naxçıvanda, Brüsseldə…
“Azadlıq”a gələnlərlə gedənlərin, qazananlarla itirənlərin, alver edib ucalanlarla haqsızlığa məruz qalıb həm “Azadlıq”ı, həm də bütövlükdə jurnalist gələcəyini itirənlərin ciddi bir fərqlilik məqamı var: bu məqamların hamısına cavabı məhz Rövşən Bahadır oğlu Hacıyev – Hacıbəylinin timsalında vermək olur!
Rövşən… “Azadlıq”a qınaq olanların, qınaq gətirənlərin, yuxarıda sadaladığım bütün möhnət və çətinliklərin qarşılığında heç hara getməyərək, heç kimdən küsməyərək, heç kimi ittiham etməyərək, heç kimə əyilməyərək, heç kimə qoşulmayaraq, heç hara sığınmayaraq, “Azadlıq”dakı stolunda oturub və hər gün, hər gün “Azadlıq”ın çıxması üçün özündən asılı olanı edib!
Edib ki, “Azadlıq” sevilsin, gözdən düşməsin, uduzmasın, ritmini və tempini itirməsin!
Nə “Azadlıq”ın şöhrətindən yararlanıb, nə də əziyyətindən qaçıb!
Redaktorluq da edib!
Korrektorluq da!
Dizaynerlik də!
Operatorluq da!
Müxbirlik də!
Maliyyə və texniki problemlərin həllində, yaradıcı mühitə impuls verməkdə, hər günü yola verməkdə və çıxılan yolda büdrəməməkdə ikinci bir imza tanımıram. Görmədim! 1993-cü ildən 2010-cu ilə qədər əməkdaşlıq etmişəm, bu qəzetin redaksiyasına ərklə getmişəm, əksəriyyəti tanıdıqlarım, dostum olub. Dalaşdığımız, küsüşdüyümüz, incidiyimiz olub, amma onların heç birinin adı Rövşən olmayıb!
Və…
25 ildə Rövşən yazılarında belə qənirsiz olub! Yazısını oxuyandan sonra heç vaxt görmədim ki, əlavə sual yaransın. İnanıram ki, hədəfə və qələmə aldıqlarının içində bir kimsə olmayıb ki, ona “bunu niyə yazmısan, yazdığın nədi” sualı ilə baxsın – istər iqtidardan, istərsə də müxalifətdən. Hər zaman jurnalistikanın qızıl qaydalarına əməl etdi.
Onun yazılarında nə böyük qardaşı Xaliq Bahadırın “siyasi çılğınlığı”, incikliyi, aşırı patriotizmi, nə də kiçik qardaşı Rahim Hacıyevin konyunktur “siyasi müdrikliyi”, pedantlığı hiss olunmadı!
Özünün yazdığını da, yazısını təqdim etdiyini də qeyd-şərtsiz qəbul etməkdən başqa yol saxlamadı.
Rövşən təkcə özünün, jurnalistliyin, mübarizənin bakirəliyini qorumadı, həm də bir evin beş kişisinin ümumxalq mübarizəsində töhfəsinə kölgə salmadı!
Azərbaycan siyasətində bir evin bir neçə nümayəndəsi var. İki və daha artıq qardaşla təmsil olunan bu xalq mücahidlərinə də Bahadır kişinin beş oğlunu etalon nümunə kimi göstərmək olar: Xaliq, Ənnağı, Rövşən, Rahim, Şamil!
Otuz ilə yaxın bu həlqəni qırılmaz saxlamaq Azərbaycan reallığında həqiqi mənada çox böyük mərdlik, fədakarlıqdır!
Qardaşların təmsil olduğu digər partiyaların və qəzetlərin heç birinə AXCP-yə və “Azadlıq”a edilən zülm olmayıb. Bir şilləyə fələyini şaşırıb, doğma qardaşına badalaq gələnlərin olduğu məmləkətdə özünü və dörd qardaşını da qorumağı bacarmaq ictimai-siyasi, əxlaqi nümunədir!
Rövşən mənim üçün həm də həmkarlarımın içində tanıdığım ən əxlaqlı yazardır! Yaxşı adamdır! Yaxşı atadır! Hamımızın eyni şəkildə yaşadığı problemləri hamıdan daha az imkanlarla yaşayıb sıfırlayan Rövşən Hacıbəyliyə bu mənada daha bir minnətdarlıq borcumuz var: bizim nümunə göstərə biləcəyimiz insanlar bir o qədər də çox deyil!

Elə “Azadlıq”dan küsüb gedənlərə də!
Elə “Azadlıq”dan yararlananlara da!
Elə…
“Azadlıq”a gəlib qalan, gəlib gedən çox oldu! Amma AzadlıĞın və “AZADLIQ”ın unudulmaz siması olmaq yalnız Rövşən Hacıbəylinin payına-qismətinə düşdü. Bunu haqq etmək ona nəsib oldu!
İndi daha “Azadlıq”a və onun əməkdaşlarına elçi düşən yoxdu! Olmayacaq da. Səbəbini girişdə yazmışam.
Ancaq Rövşən hələ də azadlıqda və “Azadlıq”dadır!
Məmələkətin mediasına bütün ümidlərin tükəndiyi bir məqamda öz yerində olmaq və son anacan ayaqda durmaq da bir fəzilətdir!
Biz onun dadını Rövşən kimi bilmərik!
Son söz əvəzi: Rövşən Hacıbəyli qəzetdə çox az baş redaktor olsa da Gündüz Tahirlidən sonra, ona həmişə bu qəzetin “birinci olmayan birincisi” kimi baxmışam! Amma mətbuatda

“Birincilik yarışının  birincisi” Rauf Arifoğlu olub.
Biz unutmağa meylliyik. Sanki “oğru qanunları” ilə yaşayırıq və mühakimə edirik. Hamının hər kəsi ittihama kökləndiyi məmləkətdə demokratiya da bir az əndrabadi alınır. “Dünənin üçün sağ ol, bu gününə cavabdehsən” qəddarlığıyla  adamın üstündən anında “krest” qoymağa hazır cəmiyyətin də tələbləri, iddiaları aşırıdır, zənnindəyəm.
Və…
Dəqiq bildiyimdir ki, indi cəmiyyətin narazı kontingentinin müəyyən qismi, əsasən də Əli Kərimli qanadının təmsilçiləri, həm də Rauf Arifoğlunun özünün və partiyasının zamanında çığnadığı narazı elita onu haqlı və haqsız ittihamlardan yorulmur!
Bütün ittihamlara və verdiyi cavablara baxıram. Sanki futbola baxırmış kimi, Az.TV-nin idman şərhçiləri sayaq az qala qışqırıram ki, Rauf bəy…
Və hər dəfə Rauf bəyin ən tutarlı arqumentindən istifadə etməməsini yüzfaizli qol şansını əldən buraxması kimi qiymətləndirirəm!

 


Rauf Arifoğlunu ittiham edənlərə bir sual vermək olar: əgər Rauf bəy özü və qəzeti hökümətə tərəfə keçibsə, sizin dilinizlə desək, satılıbsa, necə olur ki, xalqa, hökümətə, müxalifətə, Amerikada Trampa, Rusiyada Putinə, Vatikanda Roma Papasına ağıl verən, yol göstərən Zamin Vəzir Hacı bunu görmür? 18-ci əsrdə II Yekaterinanın nə işlə məşğul olduğunu gözəl şəkildə qələmə alan Zamin Vəzir Hacı hancarı olur ailəlikcə burada çalışmaqda davam edir? Axı gündəlik problemlərinizə ən kəskin olmasa da, dolayısıyla və lağlağısıyla münasibəti onun yazılarından oxuyursunuz!
Hüseynbala Səlimov, Xalid Kazımlı, Kənan Rövşənoğlu, Elşad Məmmədli on il qabaq, beş il qabaq nə yazırdılarsa, necə yazırdılarsa, yenə elə yazırlar da! Bir vaxtlar  “Azadlıq”da işləyən Aygün Muradxanlı, Jalə Mütəllibova yenə həminki kimi imza olaraq öz iradlarına, təkliflərinə, tənqidlərinə davam etməkdədirlər!
Rauf Arifoğlunu DİN-ə işləməkdə ittiham edənlər DİN-in bir bölməsinin dəstəyi ilə gündəmə gəlir!
Lap belə qəbul edək, Rauf Arifoğlu DİN-dən yazmaqdan yan keçir, əvəzində ki MTN-dən siz yazmayanda o yazır. Anlaşa bilmirsiniz ki, DİN-dən siz yazın, MTN-dən də “Yeni Müsavat”!?
Və bir kimsə durub demir ki, 2003-cü ildən Azərbaycanda müxalifət güc olaraq yoxdur! Lider olaraq xalqı toparlayacaq bir kimsə yoxdur! Əgər İsa Qəmbər özü müsahibə verib etiraf edirsə ki, İlham Əliyev güclü rəqibdir, Əli Kərimli bütün dünyanın dəstəyiylə bu hökümətdən bir pasport ala bilmirsə, iki mitinqə dalbadal yüz min nümayişçi yığa bilmirsə, “Yeni Müsavat” qəzeti sizin üçün neyləməlidi?
Uduzmaqdısa, topdan uduzulub, pərakəndə satışa hamı yaramır!
Mən əlli yaşını qeyd edən Rauf Arifoğlunun pərən-pərən salınmış, perik düşmüş siyasi düşərgənin sıfırlandığı məqamda hələ də sayt işlətdiyini, qəzet buraxdığını təqdir edirəm. Bu xalq heç olmasa hər gün obyektiv informasiya alır!
Və bu xalq artıq başa düşür ki, bu iqtidar uduzmayacaq qədər güclənib!
Hər hansı radikal tərpəniş torpaqların daha bir hissəsinin itirilməsi, məhkumluğun təşəkkülü, cəza sisteminin daha da ağırlaşması deməkdir.
Başqa ölkələrin, başqa xalqların timsalında müqayisələr belə Azərbaycanın lehinə işləmir – rəngbərəng inqilabların alternativi Azərbaycan üçün deyil. Ümumiyyətlə isə, siyasi kəsim dərk etmədikcə ki, Azərbaycan taleyi öz əlində olmayan ölkədi, daha ağır durum qaçılmazdı.
Bir xalqın böyük bir irəliləyişə nail olması üçün ilk növbədə bütün təbəqələri özündə birləşdirən monolit hakimiyyət elitası olmalıdı. İqtidarı və müxalifəti yüzdəyüz həmrəy olan, bir-birini həzm edən, bir-birinə ədalətlə dəyər verən, qiymətləndirən xalqın ekstremal və təbii situasiyalardan diri çıxmaq şansı var! Şansı var, sadəcə, buna nail olacaqmı, o da hələ sual altındadır!
Avropanın nəhəngliyə yüksəlmiş ölkələri vətəndaş müharibəsindən keçəndən sonra hansısa uğura imza atıblar – vətəndaş müharibəsini sonuclaya bilməyən Suriya darmadağındır. Əfqanıstanda baş verənlər və onun faciəli nəticələri hələ də qan verir! Biz vətən uğrunda belə birləşə bilmirik, quru pafos… həqiqətləri belə ört-basdır etməyə sövq edir. Zəifliyimizi dilə gətirmək belə xəyanət sayılır!
Və belə bir durumda uduzmaq günahını boynuna yükləməyə adam axtaranda, adama deyərlər: əgər Rauf Arifoğlunun iqtidara dəstəyi olduğu üçün yıxa bilmirsinizsə, ona gücünüz çatmırsa, onda nə ağılla iddialanırsınız – sabah hakimiyyətdə olsanız, eyni uğurla Rauf Arifoğlu sizi yenəcək. Məntiqsiz ittihamın naqolay cavabı olur və mən 2002-ci ildə “müxalifətin ən real namizədi” İsa Qəmbərdən yazdığım portret yazısında belə bir fikrə yer vermişdim: İsa Qəmbər əvvəlcə Rauf Arifoğluna, sonra müxalifətə qalib gəlsə, lap sonda seçkidə rəqibinə qalib gələ bilər. Qalib gəlmək məqamında bir-birini qıranların 2016-cı ildə Rauf Arifoğlunu ittiham etməsi absurddur!


Əgər bu bir ad və iki evə, üç mandata görədirsə, Rauf Arifoğlu bu iqtidara dirəniş göstərəndə sizlər ondan da artığını almışdınız!
Bu qədər aydın və bu qədər bəsit – Rauf Arifoğlu əlli yaşına çatanda onu ittiham etməyə bir kimsə saxlamadı.
İstədimi oldu, istəmədimi oldu, gözləyirdimi oldu, gözlənilmədənmi oldu, hər halda olan bu ki, ona daş atmaq haqqı bir kimsədə qalmadı – onu ittihama qalxanların hər birinin öz ləkəsi var, üç-beşindən başqa!
Bu siyasi gəzişmələrin və ümumiləşmiş faktların Rauf Arifoğlunun əlli yaşına o dəxli var ki, adam 28 ildi meydandadı!
Bu 28 ildə silahdaşlarından – qəzetdəki həmkarlarından bircəsini də qurban vermədi! “Yeni Müsavat”dan da yararlananlar oldu, “Yeni Müsavat”da da yananlar oldu, amma və lakin, Rauf Arifoğlu onunla yol gedənləri darda saxlamadı. Əlli yaş üçün kifayət qədər dəyərli bir uğurdur.
Əlli yaşında ona müxalifətdən müxalif olanlardan fərqli olaraq, indi bir iqtidar yetkilisi bir kəlmə də yaza bilməz! Halbuki tənbəllik etməyən ən sıravi biriləri belə ağlına və ağzına gələni yazırdı, yayırdı!

 Rauf Arifoğlu hakimiyyətin “killer yazarlar”ını qətl etdi!

Rauf Arifoğlu hakimiyyətin üstünə yeriyən iribuynuzlularını çökdürdü – susdurdu: “mıqq” edə bilmirlər!
Rauf Arifoğlunun 28 illik dirənişini bu hakimiyyət şərəfləndirdi, təltif etdi!
Əlli yaşın daha bir uğuru bu ki…
Jirinovskinin Rusiya haqqında dediyi fikri Rauf bəyə şamil etmək istəyirəm: “Rossiya prodayetsya optom i v roznitsu, no ne prodayetsya” – Rusiya topdan və pərakəndə satılır, amma satılıb qurtarmır!
Rauf bəy haqqında bu qədər haqsızlıqlardan, arada lap haqlılıqlardan sonra belə kollektivini qorumasını, yaşatmasını, sabaha addımlatmasını ancaq alqışlamaq olar!
Əziz Vladimir İliç Lenin deyirdi ki, siyasət mümkün olanı əldə etməkdi!
Rauf Arifoğlu bu mübarizədə əldə edə biləcəyini maksimum əldə etdi!
Müstəqilliyin 25 ilinin hamısı “Yeni Müsavat” üçün rahat olmayıb – o illərin it zülmü ilə qəzet buraxılan günləri olub, redaksiyalara sığınılan, ayaq üstündə, əllərdə, küçələrdə, qarda-sazaqda, istidə-bürküdə satılan, əl-əl gəzdirilən, təqiblərə, təhqirlərə məruz qalınan, cərimələrdə boğdurulan dönəmləri olub! Unutmayaq ki, o qəzeti o zülmlərlə buraxan kollektivin üzvləri ailəli olublar, qohum-əqrəbalı olublar, körpələriylə kirayə evlərə daşınıblar, həbsxana qapılarında əzizlərini gözləyiblər, qohum-əqrəba toyunda, elin xeyir-şərində qədərincə iştirak edə bilməyiblər, xanımlarına-uşaqlarına bəs qədər vaxt ayıra bilməyiblər!
Rauf Arifoğlu hökümətdən maya alıb onun əleyhinə qəzet buraxan, hökümətdən Rauf Arifoğlunun əleyhinə kompromatları əldə etsə də, “etibarlı mənbə”nin məlumatı kimi əməkdaşlarına soxuşduran-yedizdirən, sonda proyekti iflasa uğrayan, hamını baqaja qoyub nəsillikcə oliqarx qucağında gizlənən, əməkdaşlarının taleyini heç harasına almayan və özünü təmizə çıxarmaq üçün Rauf Arifoğlunun hüzurunda “mənim səninlə nə işim vardı ki, Aydın Canıyevlə Əvəz Zeynallı elədi hamısını” “etirafında” bulunan nadürüst rəqiblərlə üz-üzə gələrək, elələri ilə yan-yanaşı hakimiyyətə qarşı vuruşaraq bu əlli yaşa çatdı.
Bu tip “səmimi etiraflar” həm həmkarları, həm də silahdaşları tərəfindən dəfələrlə olub!
Hamısını bilirik!
Amma və lakin…
Bu gün “Yeni Müsavat”ın müxbirləri dünyanı gəzir!
Bu gün “Yeni Müsavat”ın müxbirləri rəsmi və qeyri-rəsmi beynəlxalq tədbirlərə dəvətlər alır!
Bu gün “Yeni Müsavat”ın müxbirləri ev-eşik sahibidir.
Bu gün “Yeni Müsavat”ın… çox şeyi var və bu Rauf Arifoğlunun mübarizəsinin nəticəsidir. Mübarizə yoldaşlarının ona dəstəyinin mükafatıdır və bu mükafatı o işçilərinə aylarla qələmhaqqı verməyib hansısa restoranlarda özü kimisiylə yoldan ötənlərlə kefə, eyş-işrətə, əyyaşlığa, vələdüznalığa yox, ona sadiq dostlarıyla – işçiləriylə bölüşür!
Anlamaq lazımdı: həyat və siyasət öz korrektələrini diqtə edir!
Rauf Arifoğlu artıq dünənin sıravi müsavatçısı deyil, irimiqyaslı layihəsi, qlobal niyyətləri olan, artıq özünü etiraf etdirmiş bir personadır!
Mənsub olduğu partiyaya nə qədər lazımdısa əsgərlik etdi!
Partiya silahdaşlarına nə qədər lazım oldusa, dəstək oldu!
Batan gəmidə hamıyla niyə batsın ki – durub adama deməzlərmi ki, əlli yaşın var, haçan müdrik olassan?
Rauf Arifoğlunun əlli yaşındakı müdrikliyi “Yeni Müsavat”ı brend olaraq xilas etməsidi!

Dəfələrlə əleyhinə layihələrlə çıxış etsələr də, fiaskoya uğratdı hamısını!
Hamısını da sonda danışıq masasına oturtdu! Şərtləri diqtə edəcək qədər cəsarətlə!
“Yeni Müsavat” hələ bu xalqa çox lazım olacaq.
Rauf Arifoğluna (“Yeni Müsavat” elə Rauf Arifoğlu deməkdir həm də) qarşı bütün ittihamlar ondan nə alırsa alsın, qloballaşan və sosiallaşan cəmiyyətdə onun üçün tükənməyən imkanlar yaranır!
Rauf Arifoğlunu bitirmək cəhdləri əbəsdir – onu yalnız və yalnız sırf diktatura rejimində silmək olar.
Bizdə isə nə qədər olmasa da, demokratiya var: dəxli yoxdur nə qədər…
Rauf bəy həmişə birincilik uğrunda yarışıb. Qəzetçiliyində bu xüsusilə özünü büruzə verib. Humanist qəzetçidən çox, siyasətçi ağlıyla qəzetçilik edib, rəqiblərini zərərsizləşdirib. Zamanın, məkanın bütün imkanlarından maksimum yararlanıb.  “Birincilik yarışının  birincisi” olmaq üçün ona əlli yaşına çatmaq gərək oldu!
Hər mübarizə qələbəylə sonuclanmır. Amma əgər bugünkü durumundan razıdırsa, deməli, o, qələbəni əldə edib!
Heç biz də narazı deyilik bu qələbədən! Bilməyənlər üçün deyim ki, ən kəskin narazı imzalardan biri də mən olmuşam! Elə bu yazıda haqqında yazdığım hər ikisi də narazılardandır, onlardan fərqli olaraq, mən etiraf edirəm: O, birinci olmaq istəyirdi! Biz əleyhinə işləyirdik! Uddu!
Təbrik edək! – etika xatirinə də olsa, heç olmasa ad gününü!
Və bu bölümün sonunda xatırladım: jurnalistikaya kim hardan istədi gəldi. Azərbaycanda jurnalistikanın düzənini jurnalistikaya dəxli olmayanlar düzdü-qoşdu! Bu heç də o demək deyildi ki, jurnalist təhsili yetərli deyildi!
Yox! Sadəcə, Azərbaycanda ali jurnalist təhsili alanlar jurnalist təhsili almayıb jurnalistlik edənlərin etdiklərini etmək üçün heç vaxt onlardakı “cəsarəti” və cəsarəti tapmadılar, tapmırlar, tapmayacaqlar da – yüzlərlə səbəb var və bu ayrı yazının mövzusudu! Bircə faktla keçid verim, növbəti qəhrəmanımızdan danışaq: mediada hakimliyə yüksəlmək üçün həm siyasi, həm hüquqi, həm iqtisadi baza olmalıdı, həm də… sərkərdəlik məharəti!
Jurnalistika fakültəsində şeirləri ilə nəfəs alan, sevdiyi qızın üzünə “səni sevirəm” deməyə cəsarəti çatmayıb istəyini məktubla çatdıran, humanizm, fəlsəfə, sufizm və s. izmlərdən bəhrələnən, “nərmənazik qələm”, sentimental düşüncə, humanitar “aşk kokulu” uşaqlardan böyük siyasət və böyük rəhbər gözləməyə dəyməz. Azərbaycan iqtidarında ən yüksək vəzifədə jurnalist ixtisaslı iki nəfər olub, ikisi də… MTN naziri… – şərhə ehtiyac varmı?
Əlqərəz…

 

evez

 

Birincilik Zamanına, Zamanın Birinciliyinə gecikmiş… Əvəz Zeynallı

Əvəz haqqında Əvəzin bugünkü durumuna elə onun fb-də öz statusunda yazdığı təqdimatla başlayıram: “Böyük və dərdli şair Məhəmməd Hadidən 6, Böyük Şıx Əli Qurbanovdan 5, ömrünü millətinə qurban verən Əhməd Cavaddan 2 il çox yaşadım. Bir ildən sonra Haqqı dediyinə görə dərisi soyulan Nəsimi ilə yaşdaş olacağıq, bu millət üçün ömrünü qurban edib ciyərini parçalayan Mirzə Ələkbər Sabirə 2, Kişi ömrü yaşayan Qaçaq Kərəmə 3 il qalır. Mənsur Həllaca isə hələ çox var… Bu da belə bir ömürdür…”
Səhv etmirəmsə, Əvəz Zeynallı həbsdə olanda xanımı Məlahət Qüsuri Zeynallı onu Redyard Kiplinqə oxşatmış və qəşəng müqayisələr aparmışdı. Bəyənmişdim o yazını və nəsə yazmağı artıq yazmışdım.
Əvəz Zeynallı bu günə qədər də bilmir ki, mən niyə onu həmişə yüksək qiymətləndirmişəm! Bu şəxsi münasibətdən daha çox, həm də Azərbaycan xalqına lazımdı və pafosdan uzaq sayılmasını istərdim: taleyin qismətindən həmişə bu xalqa gərəkli, bu xalqın ləyaqətli övladlarını tanımaq, onlarla canbirqəlb olmasam da, bir əhatə dairəsində olmaq mənim alın yazım olub! Əvəzi ilk gördüyümdə bunu nəinki hiss etmişəm, yüzdəsəksən əmin də olmuşam. Zamanında, təxminən on il qabaq yazdığım fikirləri təkrarlamayacam – “Mətbuatın onuncu problemi” adlı portret yazı tam tamına təsdiqini tapdı! O yazıda Əvəz Zeynallıya verdiyim dəyərin kökündə həmin bu səbəb dururdu, amma mən onda qələmə almadım. Etiraf edirəm: fikirləşirdim ki, zamanla bu qənaətimi yanlışa ürcah edər. Etməzsə də, istənilən vaxt bu fikrə imza atmaq gec deyil. İndi yazıram: Əvəz Tapdıq oğlu Zeynallı böyük millətçidir, böyük siyasəti tərcih edir, açıq təfəkkürlü, qlobal düşüncəli, böyük fikirlər adamıdır, yüzdəyüz demokrat etalonudur.
Rövşən Hacıbəylinin cəbhəçi, Rauf Arifoğlunun müsavatçı demokratlığından da ötə, tam özgür bir demokrat. Hər ikisinin demokratlığında mənsub olduqları bəlli çevrənin maraqları redaktələrə məhkum oluna bilər, amma Əvəz Zeynallını heç nə çərçivəyə salmaz!
Əvəz Zeynallı Azərbaycanın tum jurnalistlərini yığasan bir yerə, bir boy hündür demokratdır və hər zaman tərəfsiz dediyimiz, amma tərəfləri bəsbəlli bir demokrat – onun tərəfi-hədəfi millətdir! Millətin və ümumi işin xeyrinə olan hər bir layihədə onun imzasını gözləməyə dəyər – harda olsa, özünü yetirəcək.
Bəli, ilk görüşümüzdə məhz bu anı-məqamı tutduğumda mən ona yüksək baxdım!
Amma onda – 1998-ci ilin oktyabrında, “Günaydın” qəzetində bu məqamı heç kimə demədən, bu oğlanı gələcəkdə görmək və gözləmək ümidiylə “Günaydın”ı tərk etdim.
HAŞİYƏ: Baş redaktoru olduğum “Azərbaycan XXI əsr” qəzetindən ayrılandan sonra, keçmiş tələbə və iş yoldaşlarıma hətta korrektor işə götürməkləri niyyətiylə ağız açdım. Təkcə… təsadüfən yolda rastlaşdığım keçmiş iş yoldaşım Zöhrab İsmayıl Şahvələd Çobanoğluyla görüşməyi təklif etdi və həmən də yaxınlıqdakı redaksiyaya qalxdıq. Şahvələd Çobanoğluyla “Azərbaycan” qəzetində iş, BDU-da tələbə yoldaşı olmuşuq. Düşünmədən “sabah gəl işə başla şöbə redaktoru kimi” dedi. Səhər gəldim. Şahvələd təqdim etdi: Əvəz Zeynallı bu şöbənin redaktoruydu, bu gündən sənsən. Əvəz ayrı işə keçir. Tutuldum. Ancaq Əvəz Zeynallı məni şöbənin işçiləri ilə taniş etdi, bəh-bəhlə nə plan qurduqlarını, hansı yazıları nəzərdə tutduqlarını, hansını hazır etdiklərini bəyan edib, uğurlar arzuladı. O ana qədər rəsmi qəzetdə şöbə redaktoru da olmuşdum, başqa bir qəzetdə məsul katib, iki ayrı-ayrı qəzetdə baş redaktor statusunu da yaşamışdım.
İlk heyrətləndiyim Əvəzin redaksiyada redaksiya yaratdığını görməyim oldu – təbii ki, Şahvələd Çobanoğlu kimi nəhəng demokrat redaktorun sayəsində. İnanın, o şöbəni Əvəzin əlindən almaq Azərbaycana xəyanət olardı! Hər bir əməkdaşın qəlbində, qələmindəydi Əvəz! Qrup yoldaşının xəyanətini görən biri kimi mənə ləzzət edən hərəsi bir dərədən olan əməkdaşlarının Əvəzə məhəbbətiydi! Günü bu gün də Əvəz Zeynallının Azərbaycan adına sərgilədiyi vətənpərvərliyi mən o bir neçə nəfərlik şöbə əməkdaşlarına aşıladığını və yazılarına həkk etdiyinin şahidi oldum!
Və yenə də inanın: mən bunu ilkin olaraq Türkiyədən məzun olmuş bir gəncin pafosu saysam da, təqdir etdim!
Redaksiyanı ertəsi gün heç kimə heç nə demədən tərk edib Moskvaya getdim: qalsaydım, Şahvələd bəy tapıb zəng eləsəydi, gərək işə gedəydim! Ondakı sarsıntımı bəy bilirdi! İşsiz qalmamağım üçün hətta təkid edəcəkdi!
Biz yenidən 2001-ci ildə üz-üzə gəldik və bir yerdə işləyəsi olduq. Mən yenə də həmin Əvəzi gördüm!
Yenə də ayrıldıq! Artıq bir-birimizin dəyərini bilirdik. Artıq bir yerdə işləməsək də, hər an bir-birimizlə əməkdaşlığa hazır idik!
Əvəzin vətənpərvərliyi və milliliyi, millətçiliyi dəyişməz olaraq, hətta yüksələn xətlə inkişaf edirdi!
Sonra “Vətəndaş həmrəyliyi”, sonra “Xural”… mənim Moskvadan Əvəzə indi çıxmayan “Məkan” qəzetindəki açıq məktublarım, silsilə yazılarım, davam edən mübarizə yazıları, haqsızlıqla barışmazlıq…
Əvəz Zeynallı mənim ən yaxın dostumdan, ən hörmət etdiyim imzadan belə mənə doğma olaraq qalırdı!
Ona görə yox ki, Əvəz mənə yaxşıydı, yazdığım yazılara cəmi-cümlətanı iki manat aldığım dönəmlər də olub, amma milyon bilmişəm! Əvəz hər ləhzədə üz tutası adam olub! Əvəzlə qırğına da çıxmışıq, hətta evində çörək kəsib, yersiz-yurdsuz vaxtlarımda evində gecələməyimə də baxmayaraq, kəskin şəkildə tənqid edib, acılayıb-atmacalayıb, illərlə də küsülü qalmışam! Eyniylə də o mənə qarşı!
Dəyişməyən Əvəz Zeynallının sadaladığım kursuydu! Yerindən oynamaması, yeri yerindən oynatması idi! Buna nəfəsinin çatmasıydı.
Yəni: mübarizə adamı olaraq, Rövşən Hacıbəylini öz ocağında, Rauf Arifoğlunu öz səngərində nə qədər sabit görmüşəmsə, Əvəz də öz cəbhəsində elə sabit olub!
Bu, təkzibolunmazdır!
Deyirəm, siz də Əvəz Zeynallının “Xural”lı dönəmlərinə sərf-nəzər edin: əgər Eynulla Fətullayevə və onun timsalında digərlərinə ayrılan vəsait, daha doğrusu, o qədər vəsait Əvəz Zeynallıya ayrılsaydı, onda olsaydı, indi Azərbaycan mətbuatının mənzərəsi bir ayrı cür olardı!
Rövşən Hacıbəylinin təmsil olunduğu “Azadlıq” qəzetinə olan ictimai-siyasi, iqtisadi dəstək Əvəz Zeynallıya olsaydı, indi Azərbaycan mətbuatı tamam ayrı cür olardı!
Rauf Arifoğluna olan dəstək, ayrı yerə yozmadan deyirəm, ən azından yazarların timsalında, yəni imzası sanbal daşıyanlar Əvəz Zeynallıyla da Rauf Arifoğluyla aylarla maaşsız-qonorarsız ötüşsəydilər, indi Azərbaycan mətbuatı tamam ayrı cür olardı!
Niyə olmadı, niyə elə alınmadı – bax məqam həm də budur!
Zamanına gecikmişdi, inciyəndə, küsəndə söydüyüm, normalda mənim dostum və qardaşım Əvəz Zeynallı!
Və Azərbaycan oxucusu da, iqtidarlı-müxalifətli bu xalq da bütövlükdə heç zaman bilməyəcək ki, “Əvəz Zeynallının mətbuatı” – “Azərbaycan mətbuatının dünya üçün brendi”nə çevrilməsi ona görə baş tutmadı ki, mətbuat şəbəkələşmişdi! “Proseslər isə çox sürətlə gedirdi!”
Və… qəzetinin çapı üçün hər “beş şirvanı” kimdən aldığını rəsmən bəyan və təşəkkür edən Əvəz Zeynallı külli miqdarda rüşvət alma tələbi ilə ittiham olundu!
Halbuki…
Əvəz Zeynallı və “Xural” yeni mərhələ idi! Bu mərhələ isə təəssüf ki… başlanğıcından məğlubiyyətə məhkum idi! Vaxtında… sözün söz olan zamanında… gəlmək lazım idi! Çünki sözün söz zamanı olanda gələnlər yeni sözə dəstək olmaq iqtidarında deyildilər, artıq vətənpərvərlik və mübarizə ruhunu qırmağa, dağıtmağa, satın almağa imkanlar yaranmışdı!
Bəli, mübarizə itki deməkdi!
Bunu XXI əsrdə anlamayıb bilməyib siyasi və yaxud mətbu, lap elə ədəbi mübarizəyə girişən adam ciddi adam sayılmaz, deyək.
Şair şahı təqdir, tərif, təbliğ etməlidi. Ki… evi-maşını, bu arvadı getdisə, yenisi, işi, ezamiyyəti, ordeni-medalı olsun. Əksidirsə, zindandır yeri! Razı deyilsən, xalqı istəyirsən, xalqı sevməyin, onun dərdini vəsf etməyin bədəli zindandır, qaranlıq zindan!
Tarix dünyanın heç yerində başqa variant tanımır!
Hakimiyyətə asisən – yerin yenə zindandır! Xalq sənin üçün türməyə “peredaça” daşımayacaq.
Tarixdə başqa variant yoxdur!
Mətbuat? Mətbuat da eləcə!
Əbədi asilər zümrəsinin aqibəti… ya zindan, ya da sürgündür!
Manevr etməyi, qələbə naminə manevr etməyi bacarmırsansa, özünü də, gəmini də batırarsan!
Bu gün “Azadlıq” və “Xural” adında qəzet köşklərdə yoxdur!
Bu gün manevr etməyi bacarmış “Yeni Müsavat” məğlub ordunun sonuncu bölüyüdür!
Üç nəfərin timsalında mətbuatımızı şərh etdim.
Rövşən bəyin ad günü yanvardadı – özünun ad günündən növbəti ad gününə kimi qəzetinin də il ərzində meydanı oldu manevr etməyə!
Rauf bəyin ad günü ilin yarısından oyanadı – özünun ad günündən növbəti ad gününə kimi qəzetinin də ilin qarşıda olan yarı aylarının timsalında şansını dəyərləndirməyə imkanı vardı.
Amma və lakin Əvəz Zeynallının ad günü dekabr ayının 16-dı – özünün ad günündən növbəti ad gününə kimi yaşadığı ildə manevr şansı cəmi… 15 gün çəkir, daha doğrusu çəkdi! Bax, bu manevr çatışmazlığı onun bütün mübarizəsində özünü büruzə verdi!

Əvəz Zeynallını bir daha mənə sevdirən və inanıram ki, xalqa da sevdirəcək daha bir amil var: o, həbsdən və özünə qarşı olan haqsızlıqlardan sonra da yenə əvvəlki ruhla harda Azərbaycan varsa, harda Azərbaycanlı varsa, ordadı!
Şəxsən mən onun xüsusi entuziazmla həyata keçirdiyi layihələrin hər birinə qibtə edirəm! Ən mənasız adamı da, “siyasi ölü”nü də qıdıqlayır ki, dirilsin, həyata qayıtsın, “Azərbaycan” deyib yaşasın, “Azərbaycan” deyib ölsün!
Yeri gəlmişkən, bu xüsusiyyətlər Rövşən Hacıbəylidə də, Rauf Arifoğlunda da var!
Hər üçünə görə həm təəssüf və hər üçünə görə həm də qürur!
Bu cür üç imzanın yenidən və bir daha Azərbaycan mətbuatında örnək olması üçün gərək Azərbaycan bir də müstəqil ola, bir də meydanlar dola-boşala… Ki… mübarizə meydanı qəhrəmanlarını gözləyə!
İstənilən halda, bir daha bu ranqda, sanbalda imzalar olmayacaq. Bu imzalardan başqa siyasi mübarizə tarixində nə varsa, ürək ağrısı ilə yazıram: epizodikdir!
Meydanda qalan bunlardır və ürəyimin ağrısıyla bu son fikrimi də yazıram:
… əgər bu yazını “Azadlıq”a göndərsəm, əzizim Rövşən Hacıbəyli verməz – Rauf bəyə görə!
… əgər bu yazını “Yeni Müsavat”a göndərsəm, Rauf Arifoğlu verməz – Rövşən bəyə görə!
… əgər bu yazını Əvəz Zeynallıya göndərsəm… verər – hər ikisinə görə!
SON: “Söhbət nə qədər yaşamaqdan getmir, necə yaşamaqdan gedir!”, – deyilənə görə hansısa ağıllı belə deyib. Etiraz etmirəm… necə ki, bu zamanın özünə və birincilərinə etiraz edə bilmirəm!
İştə, həqiqət bu!

p.s. Azərbaycanda yazıları ilə nümunə olası yüzlərlə sıravi yazar var, yazıdakı bəzi kəskin seçdirmələrə, üstün tutmalara qıcıq olmazdan əvvəl nəzərə almaq lazımdır ki, söhbət bu üç imzanın sərkərdəliyindən, mübarizə örnəyindən, siyasi səbatından, sərgilədiyi xarakterdən gedir və dəfələrlə bunu vurğulamalı olmuşam!

p.p.s. Həzrəti-Əli deyirdi ki, bir insanın xasiyyətinin yetmiş pis tərəfi varsa, onu bircə yaxşı cəhətinə görə bağışlayın – bunu da elə belə yazdım!

Miq.Az

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın