Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Azərbaycan İranla Anlaşma Memorandumu imzalamaqla gələcək mümkün riskləri sığortalayır”

“Azərbaycan İranla Anlaşma Memorandumu imzalamaqla gələcək mümkün riskləri sığortalayır”

“Azərbaycan və İran arasında kommunikasiya bağlantılarının yaradılmasını nəzərdə tutan Anlaşma Memorandumu çox vacib iqtisadi sənəd olmaqla yanaşı, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin ciddi diplomatik və siyasi qələbəsi hesab olunmalıdır”.

Bunu deputat Bəhruz Məhərrəmov bildirib.

Deputatın sözlərinə görə, Azərbaycan Zəngəzur dəhlizi ideyasını qüvvədə saxlamaqla, işləri sürətlə davam etdirməklə bərabər alternativləri müəyyən edərək gələcək mümkün riskləri sığortalayır: “Azərbaycan Ermənistana münasibətdə kommunikasiya xətlərini açmaqla yeni rıçaqa sahib olur. Əvvəlki variantlarda Ermənistan öz ərazisindən bu dəhlizin keçən hissəsinə münasibətdə inhisarçı mövqeyə malik idisə, bu gün Bakı alternativləri ortaya qoymaqla diqtə edən mövqeyini daha da gücləndirdi. Yəni Ermənistanın hansı yüklərdən, hansı tranzit daşımalardan gömrük və rüsum ala biləcəyini Bakı müəyyən edəcək. Bununla da İrəvan Azərbaycana münasibətdə xüsusi ehtiyatlı davranmaq məcburiyyətində qalacaq. Digər önəmli məqam isə, Azərbaycan-İran münasibətlərinin yeni mərhələyə çıxmasıdır. Bilirsiniz ki, əvvəlki dövrlərdə İran Azərbaycanın işğaldan azad edilən ərazilərində bərpa-quruculuq prosesində, həmçinin kommunikasiya xətlərinin açılmasında və ortaya qoyulan formatlarda çox da maraqlı görünmürdü. Artıq İran bu proseslərin tərkib hissəsinə çevrilməklə dalana dirənən Ermənistanla əməkdaşlıqdansa, qalib, müzəffər Azərbaycanla əməkdaşlığın faydalı olduğu qənaətini ortaya qoyub. Bu da dünya xalqları ilə sülh-əminamanlıq şəraitində yaşamaq, əməkdaşlıq etmək niyyətini ali niyyət olaraq qəbul edən Azərbaycan üçün məqbul variantdır. Azərbaycan İranla Anlaşma Memorandumunu imzalayaraq 44 günlük müharibədəki hərbi, Soçi və Brüssel görüşlərindəki diplomatik müstəvidə qazanılan qələbələrinə siyasi, iqtisadi güc də qatmış olur”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …