Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Azərbaycan İlahiyyat İnstitutunda təhsil pulsuz olacaq

Azərbaycan İlahiyyat İnstitutunda təhsil pulsuz olacaq

Dini Komitə rəsmisi: “İnstitutun fəaliyyətə başlaması ilə bu sahədə milli kadr çatışmazlığına da son qoyulacaq…”

Azərbaycanda İlahiyyat İnstitutu yaradılır. Belə ki, prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaratmaq, Təhsil Nazirliyinə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsini təmin etmək tapşırılıb.

Sərəncama əsasən DQİDK iki ay müddətində Azərbaycan İlahiyyat İnstitutunun nizamnaməsini Azərbaycan prezidenti ilə razılaşdırmaqla təsdiq etməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir. İnstitutun bina ilə təmin edilməsi üçün iki ay müddətində tədbirlər görülməsi tələb olunub.

Beləliklə, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsini də strukturuna daxil edəcək yeni İlahiyyat İnstitutu dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrlar hazırlayacaq. Ən maraqlısı isə odur ki, İlahiyyat İnstitutunda təhsil pulsuz olacaq. Bu haqda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Xəzər TV-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, hələlik ixtisasların konkret sayı məlum olmasa da, məzunların işləyəcəkləri sahələr bəllidir. Həmçinin yeni təhsil ocağına hazırda inzibati bina axtarılır. İnstitut üçün yataqxana ayrılması da planlaşdırılır. Qəbul prosesi nöqteyi-nəzərdən isə buranın digər təhsil ocaqlarından heç bir fərqi olmayacaq.

Gündüz İsmayılovun sözlərinə görə, yeni təsis olunacaq struktura təkcə təhsil məsələsi kimi yanaşmaq olmaz. Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətə başlaması ilə bu sahədə milli kadr çatışmazlığına da son qoyulacaq. Çünki qanunla xaricdə dini təhsil alan şəxsin ideoloji fərqlilik baxımından ölkədə fəaliyyətinə müəyyən məhdudiyyətlər qoyulub.

“Artıq bizim ölkəmizə din sahəsində heç bir xarici dairə mənfi fikirlər aşılaya bilməyəcək”.

Dosent Əkrəm Həsənov ile ilgili görsel sonucu

Bu sözləri isə ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Əkrəm Həsənov isə axar.az saytına İlahiyyat İnstitutunun əhəmiyyəti haqqında danışarkən bildirib. O, qeyd edib ki, yeni yaradılan institutda ölkəmizin adət-ənənələri, milli-mənəvi dəyərləri, müxtəlif dinlər haqqında informasiyalar və islam dininin elmi şəkildə bütün dərinlikləri gənclərimizə öyrədiləcək: “Əminəm ki, həmin institutu bitirən savadlı gənclər gələcəkdə ölkəmizdə din sahəsində yüksək ixtisaslı kadrlar olacaqlar. Bu institut Azərbaycan cəmiyyətinin mənəvi cəhətdən saflaşmasında mühüm rol oynayacaq. Fikrimcə, İlahiyyat İnstitutunda müxtəlif dinlər və islam dini ilə yanaşı, dinlər tarixi, islam tarixi, Azərbaycan tarixi, bir çox xarici dillər, fəlsəfə, fəlsəfə tarixi, kəlam, hədis, fiqh, dünyəvi elmlər, dövlətçilik, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan bütün vacib elmlər tədris olunacaq. Bu, gələcəkdə Azərbaycan tarixinə çox böyük faydalar verəcək. Həqiqət budur ki, məhz İlham Əliyevin bu möhtəşəm addımı Azərbaycan tarixində gələcək nəsillər üçün böyük hərflərlə yazılacaq. Mən inanıram ki, həmin institutu bitirən gənclər gələcəkdə dünya arxivlərində Azərbaycan həqiqətlərini üzə çıxararaq dünyaya təqdim edəcəklər. Biz, Azərbaycan alimləri Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …