Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “Azərbaycan danışıqlardan çıxmalı, hərbi əməliyyatlara başlamalıdır” -Akif Nağı

“Azərbaycan danışıqlardan çıxmalı, hərbi əməliyyatlara başlamalıdır” -Akif Nağı

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşünün nəticələri ilə bağlı Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə göstərilir: Biz Sizdən müharibə əmri gözlədiyimiz bir vaxtda Sizin xarici işlər naziriniz Moskva görüşündən sonra xalqa işğalçı Ermənistanla jurnalist mübadiləsi, kənd təsərrüfatı işçilərinə atəş açmamağa, yaxınlarının əsirlərə baş çəkməsinə dair razılığın əldə olunması ilə bağlı müjdə xəbərini çatdırır. Bir daha bildirmək istəyirik ki, işğalçı Ermənistanla başlamış bu yeni sülh prosesi oyunları, xarici işlər nazirlərinin Moskva görüşündə əldə olunmuş “razılaşmalar” Azərbaycanın maraqlarına, Qarabağın işğaldan azad olunması işinə qətiyyən cavab vermir. Bu proses yalnız ermənilərin maraqlarına, onların bizə qəbul etdirmək istədikləri ssenariyə uyğun gəlir. Ermənilər istəyirlər ki, torpaqların işğal altında qaldığı şəraitdə münasibətlərin normallaşması, hərtərəfli dialoq prosesi başlasın. Bu proses az sonra kütləvi xarakter ala, işğal faktını arxa plana keçirə bilər. Bu, təslimçilik və unutqanlıq prosesidir.Biz də sülh və münasibətlərin normallaşmasının tərəfdarıyıq. Amma bu proses yalnız torpaqlarımız işğaldan azad edildikdən sonra başlaya və səmərəli ola bilər. Azərbaycan danışıqlarda hansısa dialoq və münasibətlərin  istiləşməsi deyil, birmənalı şəkildə Ermənistanın işğalçı qüvvələrinin Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərimizdən çıxarılması tələbini qoymalıdır. Danışıqlar yalnız bu tələb ətrafında davam etdirilə bilər. Əks halda, Azərbaycan danışıqlardan çıxmalı, hərbi əməliyyatlara başlamalıdır.Biz hazırkı danışıqlar prosesini, əldə olunan razılaşmaları Azərbaycanın milli maraqlarına, Qarabağın azadlığı işinə xəyanət kimi dəyərləndirir, Azərbaycanın dövlət rəhbərliyini, vətəndaş cəmiyyəti unstitutlarını bu xəyanət prosesində iştirak etməməyə çağırırıq. Torpaqlarımızın işğaldan azad olunması yalnız müharibə yolu ilə mümkündür. Biz, Qarabağ Azadlıq Təşkilatı olaraq Sizdən Qarabağımızın işğaldan azad olunması naminə ədalətli müharibə əmrinin verilməsini xahiş edir və bu müqəddəs savaşda son nəfəsimizə qədər iştirak etməyə hazır olduğumuzu bildiririk.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …