Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / “Azərbaycan Dəmir Yolları” və FHN  fors-major hadisələrə hazır deyillər

“Azərbaycan Dəmir Yolları” və FHN  fors-major hadisələrə hazır deyillər

Dəyərli dostlar, hörmətli həmkarlar!
Aşağıda qeyd edəcəklərim məni çox narahat etdiyinə görə, istədim ki, sizlər də bu haqda məlumatlı olasınız və imkanınız daxilində bəzi dövlət və hökumət yetkililərini yaxşı mənada silkələyəsiniz. Söhbət bizim hamımızdan, yaşadığımız ölkədən getdiyinə görə, istərdim ki, əlaqədar qurumlar ciddi nəticə çıxartsınlar.
Çox istərdim ki, qeydlərimi “Azərbaycan Dəmir Yolları” QSC-in sədri hörmətli Cavid Qurbanov və Fövqaladə Hallar Naziri (FHN) general-polkovnik Kəmaləddin Heydərov, həmçinin bu sahəyə cavabdehlik daşıyan yoldaşlar onlara müraciət kimi qəbul etsinlər və vəziyyətə bir qədər aydınlıq gətirsinlər. Məsələ adi məsələ olsaydı, mən heç bir halda bunu ictimailəşdirməyə lüzüm görməzdim və üstündən sükütla keçərdim. Amma, mən görəndə ki, minlərlə Azərbaycan və bəlkə də aralarında hansısa qonşu ölkələrdən, yaxud başqa məmləkətlərdən gələn insanlar taleyin ümidinə buraxılmış acınacaqlı bir vəziyyətdədirlər, mən susmağı ən azından vicdansızlıq sayıram. Tam məsuliyyətimlə deyirəm ki, nə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC, nə də FHN belə fors-major hadisələrə hazır deyillər. Və sizin həmin gün ilə bağlı yaydığınız məlumat da həqiqəti əks etdirmədiyinə görə istərdim ki, gələcəkdə belə yalanlara imkan verməyəsiniz. 3-5 cümləlik həqiqəti əks etdirməyən məlumat heç bir halda minlərlə insanın, o cümlədən mənim düçar olduğum mənəvi və fiziki iztirabları heç bir halda əvəz edə bilməz və etməməlidir.
Sizə birbaşa müraciət edirəm, hörmətli ADY QSC-nin sədri, millət vəkili Cavid Qurbanov və FHN naziri cənab Kəmaləddin Heydərov!
Sizi tam əmin edirəm ki, əgər sizlərdən kimsə həmin gün yaşananların 10 faizini yaşasaydınız, vallah ya özünüzə, ya da kiməsə əl qatmış olardınız. Mən bir daha əmin oldum ki, bəzi yoldaşların gözə kül üfürmək üçün “ay belə bağ, ay belə bostan”sözləri sadəcə havaya buraxılmış boş sözlərdir. Keçirəm əsas məsələyə.
Ötən həftə 666 saylı Bakı-Böyük Kəsik marşrutu üzrə hərəkət edən sərnişin qatarının sərnişinlərindən biri də mən idim. Qatar qrafik üzrə Bakıdan saat 21-də yola düşməliydi və düşdü də. Onu da qeyd edim ki, qatara minən andan kəskin havasızlıq, dəhşətli isti adamın nəfəsini kəsir və az qala bayılmaq dərəcəsinə çatırdı. Qatar bələdçisi isə söz verirdi ki, inşallah sürət 40 olanda kondisionerlər işə düşəcək və hər şey yaxşı olacaq. Düz Bakı vağzalından 5 dəqiqə yol getmişdik ki,qatar dayandı.Və düşündük ki, yəqin adi hallardan biridir və bir azdan hərəkət davam edəcək. Dəqiqələr, saatları əvəz etdikcə, vaqonlarda olan havasızlıq mühiti kiçik yaşlı körpələrdən tutmuş hər kəsi özündən çıxartmağa başladı. Vəziyyətin çıxılmaz və kritik olduğunu görəndə, mən əvvəl ADY-un rəsmisi hörmətli Nadir Əzməmmədova, daha sonra isə FHN-nin “112 Qaynar Xətti”ni müraciət etməli oldum. Əsl tragikomediya da məhz bundan sonra başladı.

FHN-nin özünü 64-cü kimi təqdim edən xanım əməkdaşı isə, məni şoka salacaq hərəkətləri ilə onsuz da tarıma çəkilən əsəbləri daha da dərinləşdirdi. Xanımla aramışda olan söhbəti sizi yormamaq üçün qısa olaraq nəql edirəm. Çox istərdim ki, mənim mobil rabitə vasitəsiylə, havasızlıq şəraitində xanımla olan danışığıma diqqət yetirəsiniz. Özü də telefon səsgücləndirici rejimdə qoyulmuşdu ki, ətrafdakılar da bir az toxtasınlar ki, indi FHN bizi düşdüyümüz bu kritik, havasızlıq və dözülməz isti vaqonlardakı vəziyyətdən çıxarılmamız üçün lazım olanı edəcək.FHN-in xanım əməkdaşı ümumiyyətlə Azərbaycanın Böyük Kəsik adlı yaşayış məntəqəsinin varlığından xəbərsiz kimi başladı ki, “vətəndaş, o hansı kənddir?, qatarda neçə nəfərsiniz, ünvanınızı deyin” kimi absurd suallar yağdırmağa. Bu vəziyyətdə belə savadsız sualların verilməsini eşidən mən və ətrafdakılar az qala şokda idik. Məcburiyyət qarşısında FHN-nin əməkdaşına axşam saatları olduğun agörə, qatarın stansiyadan düz 5 dəqiqə məsafədə 1 saatdan artıq müddətdir ki dayandığını başa salmağa başladıq. Əslində mən danışır və düşdüyümüz acınacaqlı vəziyyəti o xanıma başa salmağa çalışırdım.

Telefonun o biri başında FHN-nin xanım əməkdaşının özünü son dərəcə savadsız və yerində olmayan suallar verməsini görüb əsəblərinə sahib olmayan digər sərnişinlər də az qala dəli olmaq dərəcəsinə çatmışdılar. Axırda mənim xanıma Böyük Kəsik yaşayış məntəqəsinin harda olmasını izah etməyə başlamağım onunla nəticələndi ki, FHN-nin xanım əməkdaşı məndən adımı, soyadımı və atamın adını soruşub, “indi sizinlə hüquq-mühafizə orqanları məşğul olacaqlar hədəsi ilə bitdi. Üstündən 5 dəqiqə keçməmiş, özünü 66-cı kimi təqdim edən FHN-nin başqa bir çox mədəni və son dərəcə qabiliyyətli xanım əməkdaşına vəziyyəti nəhayət ki anlada bildik. Ədalət naminə deyim ki, adını bilmədiyim bu xanım rəhbərliyə məruzə edildiyini bizə bildiməklə yanaşı tez bir zamanda tədbir görüləcəyini qeyd etdi. Doğrudur, hörmətli Nadir Əzməmmədovun və FHN-nin xanım əməkdaşlarının verdikləri heç bir vəd vaxtında yerinə yetirilmədi. Bütöv bir dolu qatar heyətinin minlərlə sərnişini sankı işlanmış cücə kimi, əsəblərinə hakim ola bilmədən qatar bələdçilərinin üzərinə şığımaqla nə vaxt bizim bu bəladan qurtarılacağımızı soruşsalar da düz 2 saatın tamamında nəhayət ki, tam saz vəziyyət olan Bakı – Böyük Kəsik sərnişin qatarı teplovoza qoşularaq elektrik naqillərinin qırıldığı ərazidən uzaqlaşdırıldı və biz böyük bir əsəbdən sonra yolumuza davam etdik.
Mən özüm keçmiş SSRİ zamanında ilk zabit illərimdə o vaxtkı Dəmiryolu Qoşunlarının əməkdaşı kimi indiki nəqliyyat naziri Ziya Məmmədovla bərabər çalışmışıq.Və onu da gözəl anlayıram ki, sadəcə adi bir naqilin qırılmasına görə 40-45 dərəcə istinin altında saxlanmış sərnişim qatarını yoluna davam etdirmək üçün heç 30 dəqiqə vaxt da tələb olunmur.

Özü də düz Bakının içində. İndi hörmətli Cavid Qurbanov və hörmətli Kəmaləddin Heydərov necə deyə bilərlər ki, onların rəhbərlik etdikləri qurumlar sutkanin 24 saatını öz vəzifə borclarını lazımınca yerinə yetirirlər? Müharibə aparacaq ölkənin ən strateji qurumlarından biri olan dəmir yolu əgər 2 saat ərzində ən xırda bir qüsuru aradan qaldıra və minlərlə insanını düşdükləri kritik durumdan 2 saat ərzində xilas edə bilmirsə, kimə lazımdır belə qurumlar və onların rəhbərləri? Mənə elə gəlir ki, ölkə rəhbərliyinin belə səhlənkar hökumət nümayəndələri ilə yollarının ayırmaslının vaxtı çoxdan çatıb.Ən xırda bir problem məsələnin öhdəsindən gələ bilməyən qurumlar hansı ixtiyarla mənim kimi insanların həyatı və əsəbləri ilə oynamalıdırlar?
Baxın, hörmətli dostlar, mən ən xırda bir məsələ ilə bağlı olan real vəziyyətdən bəhs etdim.Əslində isə bir çox strateji sahələrdə bəzi vəzifəli şəxslər tutduqları postların məsuliyyətini deyəsən tam anlamırlar. Həm “Azərbaycan Dəmir Yolları” QSC-in sədri hörmətli Cavid Qurbanov və Fövqaladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərov nə adi qurumlar, nə də adi rəhbərlərdən deyillər. Onlar uzun illərin Azərbaycan dövlətinin idarəçilik sistemində böyük təcrübələri vardır. Bəs belə olan halda, onların rəhbəri olduqları mühüm qurumlar nədən ən xırda məqamlarda belə çaşqın və ya məsuliyyətsiz şəkildə öz vəzifə borclarına bu şəkildə yanaşırlar?
Sonda onu da qeyd etməyi vacib sayıram ki, “Azərbaycan Dəmir Yolları” QSC-i dəmir yollarımızla bağlı hələ çox işlər görməlidir. Mən hesab edirəm ki, bu sahədə uzun illər böyük durğunluq olub və vəziyyət bəzilərinin düşündüyü kimi, heç də yaxşı deyil…
Tanrı Xalqımızı və Azərbaycanımızı qorusun!

Üzeyir Cəfərov, hərbi jurnalist
Azinforum.az

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın