Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “Azərbaycan çekistləri heç vaxt özlərini ləyaqətsiz göstərməyib” – MƏDƏT QULİYEVƏ MƏKTUB

“Azərbaycan çekistləri heç vaxt özlərini ləyaqətsiz göstərməyib” – MƏDƏT QULİYEVƏ MƏKTUB

Siyasi elmlər üzrə fəlsəfə doktoru professor, MTN-nin sabiq əməkdaşı, Milli təhlükəsizlik məslələri üzrə tanınmış ekspert, politoloq Rövşən Novruzoğlu (Vəlizadə) Milli Təhlükəsizlik Nazirliyinə və general-leytenant Mədət Quliyevə Açıq Məktub yazıb. Azinforum.az mövzunun aktuallığını nəzərə alaraq, həmin məktub-məqaləni təqdim edir. 

“Cənab general! Hörmətli Mədət müəllim.

Göründüyü kimi Milli Təhlükəsizlik Nazirliyi ilə bəzi məsələlər səngimək bilmir. Xarici mətbuat iddia edir ki, Azərbaycanda təhlükəsizlik sistemi sıradan çıxıb. Və yaxud, ingilis mətbuatı yazır ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi dövlət içində kiçik bir dövlət idi. Onun illik haram və çirkli pul gəliri (başqa sərmayələri demirəm) 12 milyard dollar olub. Və yaxud ABŞ mətbuatı iddia edir ki, Ağ Ev bundan sonra Azərbaycan dövlətilə bazarlaşmalarında diqqətli olsunlar. Rus mətbuatı isə xatırladır ki, Azərbaycanda nə baş verib? Ölkənin lideri, mərhum Heydər Əliyevin “Çekist məktəbi”nə kimlər və nə üçün soxulur. Şübhəsiz , bunlar geniş təhlillər tələb edir. Amma fikrimcə Azərbaycan MTN-də bədnam, şərəfli çekist adını qoruya bilməyən, dar düşüncəli, millətini, xalqını sevməyən, onu başqa maraqlara satan ən azından ölkə başçısının müqəddəs adına, şərəf və ləyaqətinə xələl gətirən, zərbə vuran, adamlarla yanaşı sıralarda vicdanlı, namuslu, mübariz insanlar da var. Nazirlik bəzi mətbuatın yazdığı kimi başdan-başa çirkaba batmayıb. Orada özlərini mübarizə meydanlarına atan və sonra təklənərək işdən qovulan, qeyri qanuni nazirlikdən gedənlər var. Yaxşıları yamana qatmayaq. Məsələn, ulu öndərimizin məktəbindən çıxan, şərəf və namuslu çekist həyatını yaşayan mərhum general Arif Heydərovun, Şəmsi Rəhimovun, Müslim Abdullayevin, Kamal Əliyevin, bu gün sıralarımızda dayanan Bahadur Hüseynovun, Əkrəm Səlimzadənin, Albert Salamovun adlarını eləcə də işlərini davam etdirən 37 yaşında təhlükəsizlik məktəbinin ən cavan generalı Hafiz Musayevin, Ceyhun Rzayevin, Nizami Hüseynovun, İsmayıl Bağırovun, Ağababa Babayevin, Elmar Ələsgərovun, Mütəllim Usubovun fəaliyyət dairələri başqalarına örnək olaraq qalır. Bu adamlar ulu öndərimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə irəli çəkilən çekistlər olub. Amma onların sıralarındakı məhşur Andropov məktəbini bitirən və bu vaxtsız təhlükəsizlik orqanlarından uzaqlaşdırılan Cavanşir Vəliyev, Gündüz Mayılov və başqaları hələ də yol gözləyir.

Cənab general! Amma heç kəs bu siyasi aləmi öyrənmək istəmədi, oxumadı. Fikirlərimi küçənin o biri üzündəki Milli Təhlükəsizlik Nazirliyində saxlamaq istədim, o qaşqabaqlı binada. Düşündüm: Görən bu nazirlikdə neçə nəfər şərəf və ləyaqətlə ölmək istəyərdi? Şübhəsiz ölüm haqdır, amma şərəf və ləyaqətlə ölmək istəyən yoxdur.

Bir tərəfimdə tariximizi ləkələyən bina o biri tərəfimdə tariximin təmiz, ləkəsiz səhifəsi. Bir tərəfimdə kötük, qafası dar, qəlbiqara, paxıl və xain ürəklərdən, pis qoxulu nəfəslərdən divarları çat verən, qaralan bina, o biri tərəfdə gülündə, çiçəyində gileyi olan saf bir dünya.Yaşamaq üçün hansına inanım? Küçənin o biri tərəfindəki Fəxri Xiyabana, yoxsa küçənin bu biri tərəfindəki Azərbaycan Milli Təhlükəsizliyinin binasına? Və o binaya sığınıb qalanlara xatırladıram ki, öyrən qardaş, öyrən. Qarabağı öyrən, milləti öyrən, xalqı öyrən… Öz içini öyrən, sözünün söhbətini öyrən, xalqının, millətinin irsini, nəslini, ölüsünü, dirisini öyrən. Gör nə görərsən. Onda nə kar olarsan, nə kor olarsan, nə də lal olarsan…

Hələ 1945-ci ildə ABŞ-da yaradılmış Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri general Dalesxəritədə Azərbaycanı nişan verərək deyirdi: “Gedin. Azərbaycana gedin. Özünüzlə pul götürün, sərvət götürün… qızıl briliant götürün. Ətrafınıza bacardıqca axmaq, dayazağıllı, milliyəti bilinməyən adamlar yığın. Onlar – pula həris adamlar həmişə sizinlə olacaq. Lap yuxarı rütbə verin, ağıllı başları ləkələyin, məhv edib sıradan çıxarın. Gedin. Azərbaycana gedin. Var gücünüzlə yaranmaqda olan hüquq-mühafizə orqanlarına soxulun. İcra orqanlarında yer tutun. Parlamentdə ölkəni təmsil edin. Barlar, əxlaqsızlıq yerləri üçün sərmayə qoyun. Radio, televiziya verlişlərində, mətbuat səhifələrində milli-mənəvi dəyərləri məhv edən layihələr işləyin. Pulumuz, imkanımız çoxdur. İqtisadi kəşfiyyatı iflic edin. Gedin…”

Fikrini araşdırmaq üçün, ağıl və düşüncələri təhlil etmək üçün müraciət etdiyin tarix həmişə cavandır. O səni azdırmaz, yarı yolda qoymaz. Əksinə, əlindən tutub, səninlə birgə qayalardan, tufanlı bərələrdən qasırğa tutmuş keçidlərdən keçirlər. Biz o vaxt ölürük ki, tariximizə xəyanət edib, onun həqiqət dolu səhifələrini bataqlıqlarda azdırırıq, dirilməyə qoymuruq.

Biz o vaxt ölürük ki, şərəf və ləyaqəti əldən verib sonra arxasınca yüyürürük… Hansı xalqın tarixində “QARA ləkə” daha çoxdur?… “ Qara ləkə”lər altında doğulan uşaqları, ailələri… necə, unutmaq olarmı?

Qanı bilinməyən, nəsli, əsli dumanlı qəlbi kələ-kötürlü, içi başdan-başa tikana dönənləri… sonra bu tikanlarla dövlətin ən yüksək məqamlarına pilləkan hörənləri necə unudaq?

Fransız sərkərdəsi Bonapart Napaleon 1812-ci ildə Moskvanın ayağında 72 nəfərdən ibarət bir kəşfiyyat qrupu yaradır. Öyrənmək istəyir ki, Moskvada nə var nə yox? Kəşfiyyatçılar qayıtdıqdan sonra görür ki, onların əksəriyyəti var-dövlətlə qayıdıb. O əsəbləşir və yaratdığı kəşfiyyat qrupunu buraxır, əksəriyyətini edam edir. Bu tarixdə ən qısa ömürlü kəşfiyyat qrupu olur. Napaleon edam olunanları işarə verərək deyir: “Baxın, bu adamlara bel bağladım, ürək qızdırdım, amma onlar məni və mənim tariximi təhqir etdilər. Onlar Moskvada sadə adamları, varı-yoxu talan olunmuş insanları yenidən soyub viran qoydular. Axı siz bu kimsəsiz və tənha qalmış insanlardan, millətdən nə istəyirsiz?… Biz bu milləti talan etmək üçün gəlmədik. Siz isə soyub talan etdiniz. Siz – mənim satqın əsgərlərim, ürəyi əzab və iztırabdan neçə yerdən çat vermiş insanlardan, daxilən çürüyən, işgəncələrdən saflığını itirən bu binəvalardan nə istəyirsiz?…”

Bizim sərkərdələr arasında heç kəs Napaleon ola bilmədi.

Mən küçənin tən ortasında dayanmışdım. Bir tərəfimdə Milli Təhlükəsizlik Nazirliyi idi. Vaxt var idi orada qeydsiz, şərtsiz neçə illər bundan qabaq güllələnmiş insanların toz basmış, didilib tökülmüş qovluqlarında yatan ruhlarına and içirdim… Küçənin o biri tərəfində isə Fəxri Xiyabandır. İndi isə ürəyimdə illərdən bəri yatıb qalan bir and var: “And olsun Fəxri Xiyabana”…

Fikrimcə hər hansı bir dövlətin həyata keçirdiyi funksiyalara uyğun olaraq onun siyasətində təsnifat var. Məsələn böyük alim N.Tusinin yazdığına görə var ölkə siyasəti, qələbə siyasəti, kəramət siyasəti və bir də camaat siyasəti.
Ölkə siyasəti – camaatı elə dolandırmağa deyərlər ki, bundan onların fəziləti artsın.

Qələbə siyasəti – nakəs, əclaf və şərəfsiz adamlar haqqında görünən tədbirlərdir.

Kəramət siyasəti – camaatı elə idarə etməyə deyirlər ki, bunun nəticəsində onların kəraməti inkişaf edib ölməsin.

Camaat siyasəti – ilahi namus, ədalətli vicdan əsasında edilmiş müxtəlif qayda-qanuna deyirlər ki, bununla camaatı idarə etsinlər. (N.Tusi)

Düşüncələrimi yenə saxlamalı oldum.

Özlüyümdə götür-qoy etdim və gördüm ki prezident İlham Əliyev təkcə Milli Təhlükəsizlik Nazirliyinə deyil, bütün hüquq-mühafizəni təşkil edən orqanlara, digər strukturlara dərs verdi. Bu dərs ağır dərsdir. Onu hər birimiz çəkməlidir. Çünki Azərbaycan çekistləri heç vaxt özlərini ləyaqətsiz göstərməyib. Yenidən dirilə biləcəyikmi? Yenidən başımızı dik tutub, qəddimizi düzəldə biləcəyikmi? Bilmirəm. Amma bildiyim budur ki, bizim şərəfi və ləyaqəti, ədaləti üstün tutan, Azərbaycanı sevən prezidentimiz var.

P.S. Hörmətli oxucular! Xatırladaq ki, məşhur politoloq Rövşən Novruzoğlunun MTN və onun bir qolu olan hərbi əks kəşfiyyatında baş verənlərlə bağlı analoqu olmayan bədii sənədli romanı hazırdır və yaxın günlərdə “Xüsusi İdarə” adı ilə çap olunacaq.

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın