Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / “Azərbaycan bu problemə görə tarixi rekord həddə çatıb”

“Azərbaycan bu problemə görə tarixi rekord həddə çatıb”

İqtisadçı – ekspert Samir Əliyevin “Qafqazinfo”ya müsahibəsi:

 – Ötən həftə  “Dəmir bank” ın lisenziyası ləğv edildi.  Bu bank ölkənin uzun müddət fəaliyyət göstərən məşhur banklarından biri idi. Bağlanılmasını gözləyirdinizmi?

– Əvvəlcə qeyd edim ki, biz 2011- ci ildən başlayaraq Azərbaycanda bank sahəsində araşdırma edirik.  Həmin hesabatlarda da göstərmişdik ki, ölkədə bankların sayı çoxdur. Məlum oldu ki, bazarda 20  bankın payı 90 faizdir. Azərbaycan Lüksemburq ya da Almaniya deyil ki əhalinin həyat səviyyəsi yüksək və bankların sayı da çox olsun. Məlum devalvasiyalar nəticəsində ölkədə 13 bank bağlandı. 2 bank isə birləşdi. İndi 30 bank var. Düşünürəm ki, proses bitməyib. Daha bir neçə bank bağlanacaq.

“Dəmir bank” xarici kapitallı bankdır. Daha başqa bir bank var idi ki, o da “Dəmir bank”ın vəziyyətində idi. Ötən ildən başlayaraq bu bankla bağlı problem mövcuddur. Keçən il bankın səhmdarları kapitalı artırmaqla bağlı öhdəlik götürdülər. Palata bununla bağlı öz mövqeyini bildirdi və dedi ki, əgər bank  kapital problemini həll etməsə onun lisenziyasını ləğv edəcəklər. Görünür, son anda hər hansı bir dəstək olmayıb.  Ancaq  “Dəmir bank” çoxdan bağlanmalı idi.

– Bankın xarici kapitallı olması əmanətlərin qaytarılması ilə bağlı məsələdə hər hansı problemə səbəb olurmu?

– Xarici kapitallı bankın əsas üstünlüyü ondan ibarətdir  ki, bu banklar yerli banklara nisbətən daha çox şəffaf olur.

– Eyni problemi yaşayan hazırda bir neçə  bankın olduğunu da deyirsiniz. Onlar da xarici kapitallıdır?

– Bəli, içərisində xarici kapitallı banklar da var.  Ad çəkmək istəmirəm. Banklar kommersiya təşkilatıdır. Bu onların işgüzar nüfuzuna zərbə gətirə, əmanətlərin geri çəkilməsinə səbəb ola bilər. Palata tərəfindən banklara vaxt verilsə də təəssüf ki, bu vaxt bankların əleyhinə işləyir. Getdikcə də problemlər artır.

Problem kreditlərin həcmi  tarixi rekord həddə gəlib çatıb. Azərbaycan tarixində bu qədər problemli kredit olmayıb. Hazırda bu 15,5 faizdir. Belə ki, iqtisadiyyata yönəldilən hər 100 manatın 15, 5 faizi geri qayıtmır. Bu rəsmi göstəricidir. Real göstərici isə düşünürəm ki, daha yüksəkdir. Hesab edirik ki, əslində bu rəqəm 20-25  faiz arasında dəyişir. Bank sektoruna birinci devalvasiydan sonra hökumət tərəfindən dəstək verilməli idi. Ona görə də ikinci devalvasiya onlara öldürücü təsir göstərdi.

– Siz bayaq qeyd etdiniz ki, banklarla bağlı araşdırmalar aparırsınız. Bizim banklar maliyyə hesabatlılığı baxımından cəmiyyətə o qədər də açıq deyil. Siz məlumatları necə əldə edirsiniz? Yəqin ki, beynəlxalq dəstəkdən faydalanırsınız…

– Yaxşı  məqama toxundunuz. Qeyd etdiyiniz kimi  məlumatların Azərbaycanda tapılması çox çətindir. Biz daha çox Mərkəzi Bankın hazırladığı statistik hesabata istinad edirik. Bankların özündən isə məlumat əldə etmək olmur. Əsas istinad etdiyimiz mənbələr xarici beynəlxalq təşkilatlardır. Bunlar “ Fitch” , “Moody`s”, Standard and Poors” təşkilatlarıdır. Beynəlxalq Valyuta Fondunun mənbələrinə də istinad edirik. Özəl və şəxsi tanışlıq mənbələrimiz də olur. Bank sektorun vəziyyəti ilə rəsmi məlumatlar arasında çox böyük təzad var.

– Beynəlxalq dərəcələndirmə quruluşları “Dəmir Bank”ı hansı göstəricidə dəyərləndirmişdilər?

– Azərbaycanda bankların reyitinqi ölkə reytinqi ilə birbaşa bağlıdır. Ölkə reytinqi aşağı düşəndə bankların da reytinqi aşağı düşür. Devalvasiyadan sonra ölkənin reytinqi aşağı salındı. Təkcə “Dəmir bank” yox, digər banklar da daxil olmaqla reytinq agentliyində qeydiyyatdan keçən bankların reytinqində azalma müşahidə olundu. Vəziyyət stabildən mənfiyə endi. Ancaq qeyd edim ki, heç də bütün banklar o təşkilatlardan qeydiyyatdan keçmir.

– Azərbaycan kimi ölkə üçün bankların sayının az olmasını təklif edirsiniz. Ancaq nəzərə alsaq ki, banklar iqtisadiyyatın qan-damar sistemidir. Və onun nüfuzunun aşağı düşməsi  iqtisadiyyata yaxşı heç nə vəd vermir…

– Əgər ürəyə, beynə qan normal şəkildə  çatmırsa o orqanizm sağlam ola bilməz. Azərbaycan iqtisadiyyatı qan damarında tromp yaranmış iqtisadiyyata bənzəyir. Bankların sayının azaldılması onların daha yaxşı işləyəciyinə dəlalət etmir. Məsələ ondan ibarət idi ki, Azərbaycanda banklar neft bankları idi. Buna parnik bankları da demək olar. Çünki neft pulları onları soyuqdan qoruyurdu. Bəzisi hansısa şirkətin kassası rolunu oynayırdı, bəzilərinin nə ilə məşğul olduğu bilinmirdi. Pul azalandan sonra onların sayı azaldıldı.

Bankların xidmətləri aşağı səviyyədə idi. Təqdim etdiyi məhsulların çeşidi də az idi. Yeganə olaraq rəqabət depozitlərdə formalaşdı. Əgər bankların sayının çoxluğu rəqabət yaratmırsa, bunun indiki səviyyədə  saxlanılmasına gərək yoxdur. Onun sayını azaldıb sağlamlaşdırmaq lazımdır. Birinci çıxış yolu ölkəyə xarici bankların dəvət olunmasıdır. Ancaq onların ölkəyə daxil olmasında məhdudiyyətlər var.

– Azərbaycan iqtisadiyyatını şaxələndirmək üçün  hansı sahələrin inkişafını perspektivli görürsünüz? 

– Azərbaycan iqtisadiyyatını şaxələndirmək çox  vacibdir. Bu çoxdan atılmalı olan addımdır. Belə olmazsa ölkə iqtisadiyyatı daim risk altında qalar. Bizim iqtisadiyyat xammal iqtisadiyyatıdır. Qısa bir müqayisə aparaq. Rusiya, Qazaxıstan, Azərbaycan- hər üçü də neft ölkəsidir. Ancaq Rusiya iqtisadiyyatı şaxələnib. Devalvasiyanın hər üç ölkəyə təsiri tamam fərqli oldu. Rusiyada tədiyyə balansında ixrac artdı və rus rublu sabitləşməyə başladı. Qazaxıstan isə ölkəsinin qapısını xarici investorların üzünə açdı. Azərbaycanda isə vəziyyət fərqli oldu. Devalvasiya olan kimi üzən məzənnəyə keçdilər. Məzənnənin adı üzən olsa da manatı  inzibati yolla saxlayırlar. Neftdən kənar şaxələndirmə dedikdə biz kənd təsərrüfatını nəzərdə tuturuq.

Biz xammal kənd təsərrüfatından qaçmalıyıq. Görürsünüz, pambıq reklam olundu, ancaq arzu edilən nəticə əldə edilmədi. Biz pambıq yox, ondan hazırlanan  geyim ixracı ilə məşğul olmalıyıq. Fermer istehsal etdiyi məhsulu bazarda sata bilmir. Hətta onun keyfiyyəti də başqa problemdir.  Məhkəmə sistemində problemlər həll edilməlidir. İlk növbədə, mülkiyyət hüquqları qorunmalıdır  ki, xarici investorlar da ölkəyə rahatlıqla daxil ola bilsin. Rəqabət Məcəlləsi 10 ildir ki parlamentdə yatıb qalıb. Məcəlləni qəbul edə bilmiriksə, hansı rəqabət mühitindən danışa bilərik?

– 2017- ci il Azərbaycan iqtisadiyyatının statistik göstəriciləri sizi qane edirmi? Ötən ilə nisbətən hansı irəliləyiş və ya geriləmə qeydə alınıb?

– Bu il ərzində ölkə iqtisadiyyatı kiçilməkdə davam edib. Nominal olaraq Ümumi Daxili Məhsul (ÜDM) artıb. İlin sonuna yəqin 60 milyarddan çox olacaq. Ancaq real ÜDM azalıb. Əhalinin nominal gəlirlərində artım, real gəlirlərində isə azalma var. İnflyasiya kifayət qədər yüksək olub. Bu da əhalinin gəlirlərini yeyib. Bankların aktivlərində 20 faiz azalma var. Vergi yığımında da çox böyük çətinliklər müşahidə olunur. Əgər müəssisə yaxşı işləmirsə və ya yoxdursa o vergi necə yığıla bilər? Ümumən isə iqtisadiyyatı 2015 və 2016- cı illərə nisbətən sabit hesab etmək olar. Ancaq bunu nisbi administrativ sabitlik hesab edirəm.

– Manatın taleyi ilə bağlı məsələ nə yerdədir?

– Azərbaycan iqtisadiyyatı dollardan asılıdır. Bizim xarici ticarət dövriyyəmizdə dolların payı yüksəkdir. Ona görə də dolların məzənnəsinin dəyişməsi birbaşa ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Dollar qalxanda qiymətlərin qalxmasını müşahidə edirik. Digər tərəfdən bizim tədiyyə balansına diqqət yetirsək, il ərzində ölkəyə gələn və ölkədən çıxan valyuta arasındakı fərqdir. Əgər ölkəyə dollar gəlirsə bu o  deməkdir ki, tədiyyə balansı profistdir. Tədiyyə balansının mənfi olması o deməkdir ki, ölkədən daha çox valyuta çıxır. Biz bunu 2015, 2016- cı illərdə müşahidə etdik. Bu il tədiyyə balansının 9 aylıq nəticələri onu göstərir ki, vəziyyət yaxşılaşıb.

Bunun  yaranmasının səbəbi ilk  növbədə neftin qiymətinin bahalaşmasıdır. İdxal azalıb. Turistlərin sayında artım var. Bütün bunların nəticəsidir ki, bu gün manat özünü normal hiss edir. İlin əvvəlində Neft Fondundan Mərkəzi Banka makroiqtisadi sabitlik adından vəsaitin ayrılması oldu. Bu o deməkdir ki, Mərkəzi Bank valyuta bazarında sabitlik yaradacaq.  Manat bu səviyyədə qalacaq. Gələn il seçki ilidir. Burada siyasi amil də  var. Hər hansı kəskin ucuzlaşma gözlənilmir.

– Bu il dünya trendi bitkoin kriptovalyutası oldu. Son günlər də qiyməti düşür. Sizcə, vətəndaş bunu almaqda maraqlı olmalıdırmı?

– Bir bitkoin almaq üçün 14 min dollar ödəməlisən. Bu sistem 2008- ci ildə yaradıldı. Qlobal maliyyə böhranı zamanı ortaya  çıxdı.  O zaman dollara alternativ valyuta kimi yaradıldı.  1 il bundan qabaq bir bitkoin 1700 dollar idi. Bir il ərzində qiyməti 10 dəfə bahalaşdı. Bitkoin alandan sonra gün ərzində onun qiymətinin düşüb qalxması haqqında məlumatlı olmursan. Prosesi izləməlisən. Bu günlərdə isə birdən-birə 20 faiz ucuzlaşdı. Burada volatillik çox yüksəkdir. Onu çox riskli bir aktiv hesab edirəm. Hər hansı adi bir vətəndaşa bitkoin almasını məsləhət verə bilmərik. Bitkoinin arxasında heç kim durmur.  Sabah çöküb 100 dollar olarsa bunu hesabatını kimdən tələb edəcəklər? Bu kriptovalyutalar əks mərkəzləşmə mexanizmi hesab olunur. Son vaxtlar daha çox çirkli pul funksiyasını daşımağa başlayır. Çünki orada anonimlik tələb olunur. Avropa qurumları getdikcə məsələni sərtləşdirirlər. Bu yaxında yeni qayda qəbul etdilər ki, sistemdə qeydiyyatdan keçənlər anonim olmamalıdır. Hesab olunur ki, terrorun maliyyələşməsində bu bitkoinlərin rolu var.

– Dünyada beynəlxalq  iqtisadi əməliyyatların 87 faizi dollarla həyata keçirilir. Yəni, bu dolları əslində dünyanın valyutası hesab etmək olar. Belə olan halda onu hansısa bir ölkənin daxili ekvivalenti hesab etmək olarmı?

– Hər bir valyutanın arxasında onu buraxan ölkə durur.  Buna görə də həmin ölkə öhdəlik daşıyır. Dolların da arxasında Amerika iqtisadiyyatı durur. Amerika iqtisadiyyatı dünyanın ən böyük iqtisadiyyatıdır. Dünyada ən çox qızıl ehtiyatına malik ölkədir. Hərbi, iqtisadi, siyasi və ümumilikdə bütün sferalar üzrə güclü olduğuna görə dollara etibar var. Amerikanın dövlət borcu getdikcə artır, amma yenə də dövlətlər ona inanır. Dollar dünya valyutası olmaqla bərabər, ilk növbədə Amerika valyutasıdır. Onun məzənnəsini Amerika müəyyənləşdirir. Sabah Amerika dollardan imtina edib yeni valyuta çıxartsa görün bu dünyada nəyə gətirib çıxara bilər? Bütün dünya məhv olar. Amerika da anlayır ki, onun valyutası dünya  valyutasıdır. Bütün hallarda  dolların  məzənnnəsinə  FED qərar verir.

– Düzdür, həyata keçirilən bütün əməliyyatlar swift kod  vasitəsilə bir növ Nyu- Yorkdan təsdiqlənir. Ancaq bu sadəcə prosedur qaydasıdır. Heç bir məbləğin Nyu-Yorka çatıb oradan paylanmasından söhbət getmir…

– Dünyanın bütün bankları əməliyyatlarını Amerika vasitəsilə aparır. Dediyiniz həmin swift şəbəkəsi Amerikada yaradılıb. İstənilən banka baxsanız görərsiniz ki, onun müxbir bankları Amerika banklarıdır.

– Hamıya adı tanış olan Amerika Mərkəzi Bankını, ( FED) i dövlət yoxsa özəl  bank hesab edirsiniz? Onun quruluşu, orada qərarların necə alınması  barədə məlumat verə bilərsinizmi?

– FED-in 12 filialı var. Mülkiyyət baxımından özəl hesab olunur. Onun özəl olması Amerika dövlətinin səlahiyyətlərini həyata keçirməsinə mane olmur.

– Bilirsiniz, Amerikanın FED-də rəsmi olaraq payı yoxdur..

– Bəli. Amerika iqtisadiyyatını  FED idarə edir. Dolların da taleyi FED tərəfindən idarə olunur. Bir çox ölkələrdə özəl şirkətlər var ki, onlar dövlətin funksiyalarını idarə edir.  Məsələn, bizdə publik hüquqi şəxs kimi . Yəni qurum öz-özünü idarə edib maliyyələşdirir.  FED də belədir. Amerikanın da unikallığı odur ki, ən çox əks mərkəzləşmənin olduğu bir ölkədir.

– Ortaqları barədə nə deyə bilərsiniz? Analitiklərin bir çoxu bildirir ki, FED-in 9 ortağı var. İkisi İngiltərə, ikisi İsveçrə, bir Almaniya, qalanları Amerika və orada fəaliyyət göstərən yəhudi banklarıdır.  Bütün bu banklar əslində dünya iqtisadiyyatının idarəediciləridir.

– Təbii ki siz dediyiniz məsələlər, hətta digər bir sıra məsələlərlə bağlı da daim müzakirələr gedir. Hətta konspiroloji nəzəriyyələr səviyyəsinə də gəlib çatır. Deyirlər ki, bütün dünya yəhudilərə işləyir və. s Ancaq reallıq odur ki, bu gün Amerika dünyanın beyin mərkəzidir. Hər yerdən beyinləri çəkib aparır və ondan istifadə edir. Onun da da gücü bundadır. Orada dövlətçilik ideologiyası var.

– Statistika baxımından yanaşanda ən çox Amerika xalqı FED-ə faiz ödəyir. İldə təqribən 500-600 milyard civarındadır…

– Hazırda Amerikanın dövlət borcu 16 trilyona gəlib çatıb. Bu rəqəm getdikcə də artır. Bunun müəyyən bir hissəsi xarici ölkələrə olan borclardır. Daxili borclar da borcların çəkisində yer tutur. İnsanlar təkcə FED-ə faiz ödəmir. Həm də daxili şirkətlər qiymətli kağızları alır. Hökumət onlara faiz ödəyir. Bu məsələni bir neçə tərəfə çəkib FED-i  hansısa ailələrin idarə etdiyini deyə bilərik. Amma reallıq odur ki, hələ ki Amerika iqtisadiyyatına alternativ uğurlu iqtisadiyyat yoxdur.

– 2008- ci ilin qlobal maliyyə böhranı dövrünə nəzər salaq. Bununla bağlı məşhur “İnside job” adlı sənədli film də çəkilib. Filmdə böhranın yaranmasına səbəb olan məşhur bankların, Amerika Mərkəz Bankının nümayəndəsi, maliyyə nazirinin, dərəcələndirmə quruluşlarının, sahibkarların fikri yer alıb. Bu böhrana gəlib çıxılacağını qeyd edirlər. Məsələn, İMF-nin baş iqtisadçısı Requram Rajan belə bir böhranın gəldiyini sənəd şəklində FED rəhbərinin və maliyyə  nazirinin də olduğu toplantıda iştirakçıların diqqətinə çatdırır. Amma görünən odur ki,  yetkililər buna bilərəkdən göz yumublar.  Demək ki, idarə olunan və problemləri əvvəldən görünən bir iqtisadiyyat var. Biz gələcəkdə hər hansı qlobal böhran olarsa yenə də bunun bilərəkdən edildiyini düşünə bilərik…

– Yanaşma odur ki, iqtisadiyyat bazadır, siyasət isə üst qurumdur. Böhranlar tarix boyu olub, yenə də olacaq.  Sadəcə mahiyyəti fərqli olub. Amerikada bu vəziyyə ipoteka bazarından başladı. Sonra nəticələri Avropaya gəlib çıxdı. Yunanıstanın timsalında borc böhranı ilə əvəzləndi. Yəni böhranların mahiyyəti fərqlidir. Çin dilində böhran həm də imkan deməkdir. O sənə imkan verir ki, çatışmazlıqları görəsən. Bir sıra ölkələr bundan nəticə çıxartdı.

– Onu demək istəyirəm ki, bilə-bilə bir maliyyə balonu yaradıldı. Şişirdildikdə şişdirildi, axırda da bomba kimi partladı. Nəticədə 30 milyon insan işsiz qaldı, insanlar evlərindən oldular…

– Böhran insan orqanizmi kimi bir şeydir. Orqanizmdə hər hansı problem yarananda gedib onu həkimə göstərirsən. Təbii ki böhran FED-in  fəaliyyətinin nəticəsi idi. İpoteka kreditlərində bir köpük  yaranmışdı. Nəzarət yox idi. Kimə gəldi bu ipotekanı verirdilər. Sonradan ödəmə ilə bağlı problem yarandı. Ona görə də bu köpük partladı. Məşhur iqtisadçı Poll Kruqman böhran olmadan qabaq olacağını demişdi. Ayrı-ayrı iqtisadçılar tərəfindən belə bir fikir söylənilir. Əlbəttə ki, siyasi amil var. Məsələn, elə biz neftin qiymətində bunu görürük. SSRİ-də neftin qiymətinə görə çökdü. SSRİ-ni güclə dağıtmaq mümkün deyildi. Bu gün neftin perspektivi o qədər işıqlı görünmür. Həmin an bu neft ölkələri üçün siqnal idi. Burada ayrı-ayrı hökumətlərin də günahlarını görürəm. Bu faktdır ki dünya idarə olunur. Əks halda, hərc mərclik ola bilər.

– Beynəlxalq reytinq agentlliklərinin yəni, “Moody`s”, “Standart and Poor” , “Fitch”-in banklara verdiyi reytinqləri bütün hallarda etibarlı hesab edirsinizmi? 

– Beynəlxalq reytinq agentliklərinin rəqəmləri reallığa daha uyğundursa təbii ki mən ona inanacam. Azərbaycan bankları ilə bağlı beynəlxalq reytinq agentlikləri dəfələrlə həyacan təbili çalırlar. Söhbət 2011- 2012- ci illərdən gedir. Banklar sürətli kreditləşməyə keçmişdilər. Böyük həcmdə kredit az bir sayda təşkilata verilirdi. Bankların risk menecmenti düzgün qurulmamışdı. Bunu təşkilatlar daim öz hesabatlarında vurğulayırdı. Əgər böhran olmasaydı belə, bir neçə ildən sonra Azərbaycan   bank iqtisadiyyatında köpük yaranmalı idi. Kiminsə bu hesabatlara narazılığı varsa  təbii ki narazılığını bildirə bilir. Hətta ən çox narazılıq edən Rusiya belə bu gün öz açıqlamalarında o reytinqlərə istinad edir. Görünür, çatışmazlıqlara rəğmən onların obyektivliyi digərlərinə nisbətən yüksəkdir.

– Mən qlobal miqyasda nəzərdə tuturam. 2008- ci il maliyyə böhranı zamanı “Moody`s”  “Lehman Brothers”-ə 2 A, “Fannie May”, “Freddie Mac” 3 A  dərəcəsi vermişdi. Ancaq böhranda ilk çökən onlar oldular. Reytinq təşkilatılarının rəhbərləri də Konqres qarşısında verdiyi ifadədə bildirdilər ki, bir şeyə 3 A veririksə, bu sadəcə bizim fikrimizdir…. 

– Reytinq agentlikləri üzv olduğu bankların verdiyi məlumatlara əsaslanır.

– Burada hər hansı pul vermə məsələsi rol oynaya bilər?

– Agentliyin reputasiyası hər şeydən vacibdir. Hansısa bankdan pul alıb onun reytinqini yuxarı qaldırmaq onun  imicinə zərbə vura bilər. Nəzərə alsaq ki, belə agentliklərin sayı dünyada 3-dür. Hansısa birinin adının səhv çıxması onun imicinə zərbə vura bilər. Deməli, bu sahədə rəqabət var. Agentlik də gəlib yoxlamalar aparır. Amma ən çox verilmiş  istinadlara etibar edirlər. Necə ki Yunanıstan Avropaya daim şişirdilmiş rəqəmlər verirdi. Sonra isə birdən-birə çökdü. Məlum oldu ki, çox böyük problemlər var imiş. Bu tipli böhranlar gələcəkdə həmin reytinq agentliklərinin metodologiyasını təkmilləşdirməyə əsas verir. Bu amilləri gələcəkdə nəzərə alırlar. Mən onların hansısa siyasi və ya pul müqabilində reytinq verdiklərini düşünmürəm.

Günel Türksoy 

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …