Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Azərbaycan Baş prokurorunun keçmiş 1-ci müavini təkbaşına aksiya keçirir

Azərbaycan Baş prokurorunun keçmiş 1-ci müavini təkbaşına aksiya keçirir

AXC hakimiyyəti dövründə Azərbaycan Baş prokurorunun 1-ci müavini olmuş İbrahim Tatıyev bu gün Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin binası qarşısında təkbaşına etiraz aksiyası keçirib. Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, İbrahim Tatıyev Ukraynanın “müsəlman icmasına qarşı təqiblərin dayandırılmasını” tələb edib. Onun videomüraciəti YouTube-də yerləşdirilib.

Tatıyev ukrayna, rus və ingilis dillərində yazılmış plakatlar tutaraq Təhlükəsizlik Xidmətinin binasının əsas giriş qapısı ağzənda dayanıb, periodik olaraq plakatları dəyişib. Onun qaldırdığı plakatlarda “SBU-KQB?”, “SBU millətlərarası münaqişəni qızışdırır”, “SBU-Rusiyanın dəyirmanına su tökdüyün bəsdir!” sözləri yazılıb.

“Mənim məqsədim vətəndaş cəmiyyətinin diqqətini Ukrayna Təhlükəsizlik Xidmətinin tamamilə demokratik, patriotik təşkilat olan Kiyev İslam Mədəniyyət Mərkəzinə qarşı qanunsuz hərəkətlərinə cəlb etməkdir”-hazırda Kiyevdə vəkillik fəaliyyəti ilə məşğul olan Tatıyev bildirib.

İbrahim Tatıyev Kiyevdəki Şevçenko adına Milli Universiteti bitirib, hüquqşünasdır, Əbülfəz Elçibəyin prezidentliyi dövründə Azərbaycan Baş prokurorunun müavini və 1-ci müavini işləyib. 1993-cü ilin iyununda Gəncədə baş vermiş hadisələri araşdıran deputat-istintaq komissiyasının rəyində Tatıyev AXC-nin digər liderləri və vəzifəliləri ilə bərabər günahkarlar sırasında göstərilir.

Martın 5-də Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Kiyevdəki İslam Mədəniyyət Mərkəzinə məxsus kitab mağazasının qapılarını sındırıblar və oradan “qadağan olunmuş ədəbiyyat” götürüblər. Ukrayna müsəlmanları Dini İdarəsinin müftisi Səid İsmagilov bu axtarışı “təxribat” adlandırıb.

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …