Ana səhifə / Aktual / AZƏR TAĞIYEV 50 MİLYONU HARA XƏRCLƏYİB?– Vəkillik institutu “paralic” vəziyyətinə salınıb

AZƏR TAĞIYEV 50 MİLYONU HARA XƏRCLƏYİB?– Vəkillik institutu “paralic” vəziyyətinə salınıb

Mən bu gün Azərbaycanda ən məzlum, dilsiz-ağızsız peşə sahiblərindən olan vəkillərdən, vəkilliyin vəziyyətindən, vəkilləri və vəkilliyi bu günə salanlardan danışmaq istərdim.

Dünyanın inkişaf etmiş bütün dövlətlərində ən seçilən peşələrdən biri vəkillik peşəsidir. Lakin bizdə vəkilliyin indiki durumuna nəzər salanda görürsən ki, bu durum həddən artıq acınacaqlıdır. (Hərçənd bu yazıdan sonra “adlarını vəkil qoymuş” bəziləri öz sədrlərini müdafiə etmək, yaxud özlərini kimnsə “gözünə soxmaq” üçün məni qarşı kompaniyaya başlayacaqlar. Etsinlər, onlardan qorxan-filan yoxdur. Buyurub gəlsinlər. Onu da deyə bilərəm ki, vəkillərin sırasında həddən artıq ləyaqətli, savadlı, prinsipal vəkillər də fəaliyyət göstərirlər. Amma düşdükləri vəziyyət bu cür insanları da sıxır və onlar peşələrindən həzz ala bilmirlər. Mən bu məsələlərlə bağlı istənilən görüşə və debata hazıram.)

Bir az yaxın tarixə nəzər salsaq, görərik ki, Azərbaycan vəkilliyinin o qədər də şanlı tarixi olmayıb. Mən Azərbaycan ikinci dəfə müstəqillik əldə edəndən sonra vəkilliyin fəaliyyətini təhlil etmək istərdim. Mən bu fəaliyyətlə 1996-cı ildən məşğul oluram. Elə o tarixdən də başlamaq istəyirəm.

1996-cı ilin əvvəlində mən vəkilliklə məşğul olan vaxtlarda artıq bu sahədə fəaliyyət göstərən vəkillər var idi. Belə ki, Adil İsmayılov, Aslan İsmayılov, Namizəd Səfərov, Qurban Məmmədov, rəhmətliklər Elton Quliyev, İsəxan Aşurov və digər nəhənglər (adını çəkmədiyim həmkarlarım məndən inciməsinlər) vəkillikdə ad qazanmışdılar. Bu insanlar müstəqil Azərbaycan tarixində ilk vəkillər idilər, ona görə də onların fəaliyyətləri təqdirəlayiqdir, ola bilsin ki, kimsə mənimlə razılaşmayacaq, bu, onların şəxsi fikridir.

Mən də Rusiyada təhsil almış bir hüquqşünas kimi vəkilliklə məşğul olmağa başladım. Yəqin yaltaqlar və sədrlərinə yaranmağa çalışan “dost”lar deyəcəklər ki, “siz Vəkillər Kollegiyasının üzvü olmamısınız, ona görə də vəkilliklə məşğul ola bilməzdiniz”.

Mən o vaxt fəaliyyət götərən, ən öndə gedən hüquq firmalarından sayılan Müstəqil Elmi-Praktik Hüquq Mərkəzində fəaliyyətə başlamışdım. Həmin vaxtlarda müxtəlif hüquq firmalarında birləşmiş hüquqşünaslar çox effekli surətdə fəaliyyət götərərək vətəndaşlara keyfiyyətli hüquqi xidmət göstərirdilər. Hüquq firmalarında fəaliyyət göstərən hüquqşünaslar artıq nəzarətdən, yaxşı mənada, çıxmışdılar. Belə ki, onlara heç kim təsir edib, işin düzgün aparılmasına mane ola bilmirdi, bu da müəyyən hakimiyyət nümayəndələrinin xoşuna gəlmirdi. Çünki vəkillər cinayət işlərində savadsız müstəntiqlərin qanunsuz hərəkətləri barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada işlər görüb müstəntiqlərin işlərinə təsir edə bilirdilər. Belə olan təqdirdə bu cür müstəqil fəaliyyət göstərən firmalarda müstəqil fəaliyyət göstərən vəkillərin cilovunu yığmaq qərarına gəlinir.

advokat

Bununla bağlı vəkillik institutu inkişaf edirdi. Belə ki, vəkilliyin inkişafı ilə paralel olaraq hüquq maarifçiliyinin inkişafı üçün artıq müstəqil qəzetlər çap olunmağa başlanılmışdı. Bunlara misal olaraq, İntiqam Əliyevin təsis etdiyi “Advokat”, “Hüquq” qəzetləri,  Adil İsmayılovun təsis etdiyi “Rezonans” qəzeti və dərc olunmuş digər çox sayda qəzet və jurnalları göstərmək olar. Bu da Azərbaycanda həm vəkilliyi inkişaf etdirir, həm də ki, adi vətəndaşların hüquqi cəhətdən maariflənməsinə səbəb olurdu. Lakin sonra nə baş verdi?

Vəkillik fəaliyyətinə nəzarətin gücləndirilməsi üçün bu fəaliyyət lisenziyalaşdırıldı.  Nazirlər Kabinetinin qərarına əsasən, vəkillik fəaliyyəti 1998-ci ildə lisenziyalaşdırıldı və bu tarixdən etibarən vəkillik fəaliyyəti yalnız lisenziya əsasında həyata keçirilə bilərdi. Bununla da bəzi müstəqil vəkillər, hüquq firmaları sıradan çıxarıldılar.

Belə ki, lisenziya Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilirdi. Fəaliyyət göstərən bütün firma və vəkillər isə lisenziya ala bilmədilər. Çünki firma üçün bir neçə min dollar, fiziki şəxslər üçün isə 200 dollara yaxın pul ödəmək lazım gəlirdi. Bəzi firma və fiziki şəxslərin bəzilərinin həmin vaxt bu qədər pulu ödəmək qabiliyyəti yox idi. Bəziləri isə bunu artıq hesab edib lisenziya almırdılar, bir sıra vəkillər və hüquq firmaları isə Ədliyyə Nazirliyindən lisenziya ala bilmədilər. Bununla da müstəqil fəaliyyət göstərən vəkillərin çoxu sıradan çıxarıldı.

Bu az imiş kimi, həmin vaxt Azərbaycan Respublikasının Ədliyyə Naziri işləyən Südabə Həsənovanın imzası ilə bütün məhkəmə və prokurorluq orqanlarına məktub göndərildi. Məktubda qeyd edilirdi ki, lisenziya ilə fəaliyyət göstərən hüquqi şəxslərdə çalışan fiziki şəxslər cinayət işlərində təqsirləndirilən şəxsin müdafiəçisi kimi çıxış edə bilməzlər.

Bundan sonra müstəqil fəaliyyət göstərən vəkilləri bəzi məhkəmə və istintaq orqanları cinayət işlərində müdafiəçi qismində buraxırdılar, bəziləri isə buraxmırdılar. Bununla da vəkillər arasında ayrı-seçkiliyə nail olundu və ikitirəlik yaradıldı. Hakimiyyətə yaxın vəkillər deyirdilər ki, müdafiəçi qismində ancaq Vəkillər Kollegiyasına üzv olan vəkillər çıxa bilərlər, müstəqil fəaliyyət göstərən vəkillər isə bildirirdilər ki, Vəkillər Kollegiyasının Əsasnaməsində də lisenziyada göstərilən eyni fəaliyyət növü göstərilib.

Belə olan halda biz də müdafiəçi qismində iştirak edə bilərik. O vaxt bununla bağlı mətbuatda çoxli diskusiyalar gedirdi. Mənimlə bir neçə həmkarım bu məsələni araşdıranda məlum oldu ki, Vəkillər Kollegiyasının əsasnaməsində və lisenziyada göstərilən mətnlər eynidir. Sadəcə olaraq SSRİ vaxtında Vəkillər Kollegiyasının Əsasnaməsi təsdiq edilərkən, Əsasnamədə vəkilin fəaliyyətini göstərən hissə rus dilindən Azərbaycan dilinə düz tərcümə olunmayıb.

Müstəqil vəkillərin cinayət işlərində müdafiəçi qismində gah buraxılıb, gah da buraxılmaması öz işini görmüşdü. Müstəqil vəkillərin bəziləri məcburən Vəkillər Kollegiyasına üzv olaraq orada fəaliyyətlərini davam etdirməyə başladılar. Bəziləri ümumiyyətlə bu sahədən uzaqlaşdılar. Azər Tağıyev və onun himayədarlarına da elə bu lazım idi. Vəkillik artıq zəifləyib nəzarət altına alınırdı.

1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun qəbul edildi, amma bu qanun qüvvəyə minməsinə 3 ildən çox zaman lazım oldu. Azər Tağıyevin əsas fəaliyyətindən biri də o idi ki, lisenziya ilə fəaliyyət göstərən vəkillər yeni təsis olunacaq Vəkillər Kollegiyasının təsis yığıncağına buraxılmasınlar. Çünki müstəqil fəaliyyət göstərən vəkillər yeni təsis olunacaq Vəkillər Kollegiyasına buraxılsaydılar, Azər Tağıyevin sədr seçilməsi mümkünsüz olacaqdı. Çünki vəkillər Kollegiyasına daha demokratik fikirli, daha mütərəqqi, daha müstəil düşüncəli və daha çox vəkilik institunun inkişafını düşünən şəxs sədr seçilə bilərdi. Elə bu səbəbdən də yeni Vəkillər Kollegiyası təsis olunan vaxt lisenziya ilə fəaliyyət göstərən vəkillər buraxılmadılar və nəticədə Azər Tağıyev Vəkillər Kollegiyasının sədri təyin edildi. Mütərəqqi fikirli və az-çox bu sahədə sözlərini deyə biləcək hüquqsünaslar kollegiyaya üzv olsaydılar, bəlkə də Azər Tağıyev heç sədr seçilə bilməzdi. Ona alternativ ola biləcək, müstəqil fəaliyyət göstərən vəkillər Vəkillər Kollegiyasına süni surətdə buraxılmalıdılar və bunun nəticəsi olaraq Azər Tağıyev sədr seçildi.

Belə olan təqdirdə bir neçə hüquqşünas belə qərar gəldik ki, mətbuatda, televiziyalarda və digər mətbu orqanlarda bu məsələni işıqlandıraq. Bir müddət bu sahədə çalışandan sonra bizə məlum oldu ki, bizimlə həmfikir çoxlu sayda hüquqşünas var. Beləliklə, Azərbaycanda vəkil olmaq istəyən hüquqşünasların forumu yarandı. Bu forumun və beynəlxalq təşkilatların köməyi nəticəsində, gec də olsa “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik edildi və bu dəyişikliklərdə lisenziya ilə fəaliyyət göstərən bütün hüquqşünasların imtahansız Vəkillər Kollegiyasına üzv qəbul edilmələri öz əksini tapdı. Bununla da respublikada fəaliyyət göstərən vəkillərin sayı 200 nəfər artaraq 700 nəfərə çatdı.

1xa

Hərçənd Azərbaycan bu gün də əhalinin sayına görə ən az vəkili olan ölkələr siyahısında ilk yerlərindən birini tutur. Lisenziya ilə fəaliyyət göstərən hüquşünaslardan yalnız 3 nəfər Vəkillər Kollegiyasına qəbul olmaq şərəfinə nail ola bilmədilər. Ənnağı Hacıbəyli, İntiqam Əliyev və Fərman Hüseynli. Bu 3 nəfər bu günə qədər də Azər Tağıyev və onun “13-lüyü” sayəsində bu və digər “səbəb”lərdən Vəkillər Kollegiyasına qəbul edilməmişlər. Bunun səbəbi barədə ayrı yazı olacaq, ona görə də indi bu məsələnin üzərində durmuram.

Bu gün Azər Tağıyev vəkillik institutunu paralic vəziyyətinə salıb istədiyi kimi oranı idarə edir. Bu gün Azərbaycan vəkilinin özünün vəkilə ehtiyacı var. Vəkillər ən məzlum peşə sahibləridir. Səsini çıxaran dərhal 13-lük tərəfindən bu və ya digər səbəblərlə qanunsuz olaraq Vəkillər Kollegiyasından kənarlaşdırılırlar. Məsələn, bu işdə artıq rekordsmen sayılan, hərəsi səhv etmirəmsə, iki dəfə vəkillikdən qanunsuz olaraq çıxarılmış Aslan İsmayılov və Qurban Məmmədovu misal gətirmək olar. Ona görə məzlum deyirəm ki, əgər hər hansı bir vəkil müstəntiqin, prokurorun və ya hakimin qanunsuz hərəkətlərindən şikayət edərsə, həmin müstəntiq və prokuror Azər Tağıyevə təqdimat yazır və o da öz növbəsində 13-lüyü çağırıb həmin vəkilin ya Vəkillər Kollegiyasından çıxarılma məsələsini, ya da ki, ən yaxşı halda töhmət verilərək məsuliyyətə cəlbinə nail olurlar. Hadisə təkrarlandıqda isə dərhal 13-lük çağrılır və həmin vəkil Vəkillər Kollegiyasından “bez suda i sledstviya” azad olunur. Sonra həmin vəkillər baş vururlar məhkəmələrə və yenə də Azər Tağıyevin və onun hakimiyyətdəki himayədarlarının hakimlər üzərindəki hökmranlığı sayəsində heç nəyə nail ola bilmirlər. Bu işdə hakim Etibar Nəbiyev də rekordsmendir. İki hüquqşünasın kollegiyaya üzvlüklə bağlı işlərinə baxıb və heç bir əsas göstərmədən kollegiyanın xeyrinə qətnamə çıxarıb.

Azər Tağıyevin xüsusi canfəşanlığı sayəsində vəkillik institutu bu 20 ildə sıçrayış edib. Bu sıçrayış nədən ibarətdir?
Bu sıçrayış nəticəsində vəkillər məhkəmələrə telefonla girə bilirlər, amma nümayəndələr bunu edə bilmirlər, bu sıçrayış nəticəsində vəkillər Ali Məhkəmədə işlərə çıxa bilirlər, nümayəndələr çıxa bilmirlər, bu sıçrayış nəticəsində vəkillər cinayət işlərinə çıxa bilirlər, nümayəndələr yox, bu sıçrayış nəticəsində vəkillər heç bir müstəntiq və hakimdən şikayət verə bilmirlər, çünki dərhal Vəkillər Kollegiyasından kənara atılırlar, bu sıçrayış nəticəsində hər ay haraya xərclənməsi məlum olmayan üzvlük haqqı olaraq 100 manatlarından keçirlər, bu sıçrayış nəticəsində Vəkillər Kollegiyasının hesabına toplanmış milyonlarla vəsait hesabına “evsizlər ev sahibi olurlar”, bu sıçrayışla vəkillər 50-100 manata order satırlar. Bu sıçrayışla vəkillər cəmiyyətdə öndə gedib söz demək əvəzinə, dilsiz- ağızsız bir insan çevriliblər, bu sıçrayışla vəkilxanalarda hər iki vəkilə bir masa düşür (eyni vaxta müştəriləri gələndə yer üstündə hərdən də savaşırlar). Bu sıçrayışlar o qədərdir ki, sadalamaqla qurtarmaz.

İndi isə gəlin Sizə Bakının mərkəzində yerləşən vəkilxanaları təsvir edim. Bu vəkilxanalar başqa aləmdir.
İlk olaraq içəri daxil olanda adamda elə təəssürat yaranır ki, orta məktəb sinfinə daxil olumusan. Partalar sıx şəkildə bir-birinin ardınca elə düzülüb ki, orada ancaq bir nəfər otura bilir. Vəkilin qəbuluna müştəri gələndə vəkil masanın arxasında, müştəri isə birtəhər masanın yan tərəfində əyləşir. Buna birtəhər dözmək olar. Əsas bu deyil. Əsas odur ki, belə qısılmış vəziyyətdə vəkil və müştəri başlayırlar söhbətə. Müştəri başlayır sirlərini öz vəkilinə danışmağa.

Təsəvvür edin insan gəlib vəkilə bütün sirlərini danışmağa, amma qeyd etdiyim şəraitdə bu mümkün deyil, çünki vəkilxanada olan digər vəkillər guya öz işləri ilə məşğuldurlar, amma əslində müştərinin vəkilinə danışdığı sirlərə qulaq asırlar.Bəziləri isə otaqda oturub çay içir, bəziləri telefonla oynayırlar, amma əslində hamısı qulaqlarını şəkləyib müştərinin vəkilə nə deyəcəyini gözləyirlər. Müştəri vəkilxanadan çıxan kimi başlayırlar həmin müştərini müzakirə etməyə. Bu da sizə məxfilik. Azər Tağıyev vəkilliyi bu hala salıb. Nə badə vəkilxanaya nahar vaxtı gedəsən. İçəri daxil olanda elə bil başqa aləmə düşürsən. Belə ki, sanki “zabeqalovkaya” düşmüsən. Bir təfədən 2 kv. metrlik mətbəxdən, buna mətbəx demək olarsa, dolma, bozbaş iyi, bir tərəfdən də bu iyilərə qarışmış soğan-sarımsaq iyi adamı məst edir. Hələ bəzi “krutoy” vəkillər isə haradasa müştərinin hesabına araqdan vurub, kababdan yeyib dişlərini qurtlayayırlar.

Hər dəfə bu vəkilxanalara girəndə Xalq yazıçısı Elçinin bir hekayəsi yadıma düşür. Orada qəhrəmanın adı gümüş Malikdir. Çayxanadan yanmış kömür iyi, limon iyi və rənglənmiş qapının iyisi gəlir. Bu iyə isə oradakılardan gələn araq iyi də xüsusi aromat verir. Müəllif yazır ki, oradakıların coxundan araq gəlirdi, gümüş Malikdən də araq iyi gəlirdi, amma bu iyə yağlı kabab iyi də qarışmışdı. Bizdə fəalliyyət göstərən vəkilxanalar da bu çayxanaya bənzəyir. Bundan başqa, bu vəkilxanalarda sıxlığı nəzərə alsaq, çinlilərin sıx birgəyaşayışına da bənzəyir. Belə ki, çinlilər kiçik ticarətlə məşğul olduqları ölkələrdə xərcləri az olsun deyə, 30-40 nəfər bir yerdə qalmağa məcburdurlar. Bu da bizim vəkilxanalara bənzəyir. Bir də 30-40 vəkilə bir kompyuter olsa böyük şeydir. Budur Azər Tağıyevin 20 ildə vəkilliyə gətirdiyi inkişaf.

Vəkillər mantiyalarını öz hesablarına tikdirirlər. Vəkilxanalarını öz hesablarına təmir etdirirlər. Hər müqavilədən Vəkillər Kollegiyasının hesabına müqavilənin 50%-i köçürülür. Bu pullar hara gedir?

Zahirən baxanda belə düşünürsən ki, Vəkillər Kollegiyası kasıb bir qurumdur. Amma diqqətlə baxanda görürsən ki, bu heç də belə deyil. Azərbaycanda 700-dən çox vəkil fəaliyyət göstərir. Hər bir vəkil hər ay Vəkillər Kollegiyasına 100 manat üzvlük haqqı ödəyir. Bunun rəsmi olub- olmamasını deyə bilmərəm. Yəqin ki, qeyri-rəsmidir, çünki Azər Tağıyev deyir ki, Vəkillər Kollegiyası ictimai birlik deyil, amma özü üzvlük haqqı yığır. 100X700=70000. Bunu da vursaq, 12 aya, cəmi 840000 manat edir, bu da vursaq 20 ilə, yekunda cəmi 16.800.000 manat edir. Bu hamısı deyil, hər bir vəkilin ən azı ayda iki müqavilə bağlamasını düşünsək (amma bundan daha çox olur), ayda 2 müqavilə, hər bir müqavilə ən azından 200 manat olsa, bu da 400 manat edir. Bu məbləğin 50%-i vəkilxana tərəfindən tutulur. Qalır 200 manat, bunu da vursaq 700-ə, ayda 140.000 manat edir, bunu da 12 aya vursaq, 1.680.000 manat edir. Bunu isə 20 ilə vursaq, 33.600.00 manat təşkil edir. 33.600.000 üstə gəlsək 16.800.00 nəticə 50.400.000 manat edir. Bu da sizə kasıb təşkilat. Xərcləri hesablasaq, görərik ki, Azər Tağıyev, iki müavini, sürücüsü, bir neçə texniki işçisi var. Bu böyüklükdə məbləğ 5-10 nəfərəmi xərclənir? Hələ mən eşitməmişəm ki, Vəkillər Kollegiyası kiməsə yardım edib, evdən-zaddan alsın. Belə ehtiyacı olanlar vəkillərin içində doğrudan da var. Bəs bu pulların hesabını soruşan varmı Azər Tağıyevdən? Kim buna cəsarət edə bilər ki? Dərhal 13-lük yığılıb vəkili repressiya edərlər. Dərhal 37-ci il yada düşür. Ona görə də hamı susmağı üstün tutur.

Manat

Bütün inkişaf etmiş dövlətlərdə vəkillər ən çox pul qazanan təbəqədir. Bizim analoqu olmayan inkişafımızda isə vəkillər 50-100 manata order satır. Budur Azər Tağıyevin vəkilliyə verdiyi töhfələr. Bu gün vəkillər müştəri, hakim və prokuror arasında vasitəçidir. Burda da bəxtləri gətirməyən yenə vəkillərdir. Belə ki əvvəllər “al-ver” edib pul verəndə verilən pulun 10%-i vəkilə hörmət kimi verilirdi. İndi isə o qədər simicləşiblər ki, bu pulu da vəkillərə vermirlər.

SUSUN, EY İNSANLARIN HÜQUQLARINI QORUYAN ÖZ HÜQUQLARINI QORUYA BİLMƏYƏN VƏKİL QARDAŞLAR. Danışmaq gümüşdürsə, susmaq da qızıldır, Siz də susun ki, balalarınız ac qalmasınlar! Susun ki, Vəkillər Kollegiyasından qovulmayasınız. Susun ki, sizə məhkəmələrə telefonla girməyə icazə verilsin. Susun ki, vəkillər cəmiyyətin ən öndə gedən təbəqəsi olmaq əvəzinə, ən məzlum təbəqəsinə çeviriblər. Susun!!!

İmza: F.Fərruxlu

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın