Cümə , Avqust 23 2019
Ana səhifə / Aktual /
AZƏRBAYÇANLI PARTİYA SƏDRİNİN ADI BEYNƏLXALQ “BOZ QURD” QALMAQALINDA – FOTOLAR

AZƏRBAYÇANLI PARTİYA SƏDRİNİN ADI BEYNƏLXALQ “BOZ QURD” QALMAQALINDA – FOTOLAR

Azinforum.az xəbər verir ki, son dövrlər  Rusiyanın tərkibində olan Şimali Qafqaz regionunda fəaliyyət göstərən  tanınmış media vasitələrində həmin bölgədə yaşayan etnik azərbaycanlılar və türk millətçilərinə qarşı güclü qara piar kampaniyası aparılır. Hətta vəziyyət o həddə çatıb ki, türk milliyyətçiliyini simvolizə edən “boz qurd” ideologiyası dünyanı lərzəyə salan İŞİD kimi terror ilhamçıları ilə eyni səviyyədə çəkilir. Azinforum.az milli.az-a istinadən təqdim etdiyi bu araşdırmadan görünür ki, Rusiya mətbuatında yer alan və mahiyyət etibarı ilə qara piara hesablanan yazılarda Azərbaycanda fəaliyyət göstərən, millətçi platformalı Böyük Millət Partiyasının sədri Samir Adıgözəllinin də   fotoları yer alıb. Azinforum.az həmin məqaləni təqdim edir.

“Gördüyünüz kimi, cənab ober-leytenant, hər adam axmaq ola bilməz. Axmaqlıq, özü də bilərəkdən axmaqlıq, mən deyərdim,  fitri istedaddır, bəli, həşəmətli cənab. Məsələn, dünən məni kapral saxlayıb deyir: “Şveyk, səni lənətə gələsən, olmaya yenə yatırsan?” O, bilirsiniz, niyə belə dedi? Çünki saçım dağınıq idi. Hər dağınıq saçlı adamı yuxudan durmuş saymaq axmaqlıqdır. Necə ki, əlində vedrə olanı sudaşıyan saymaq təki, cənab ober-leynenat” (“Qəhrəman əsgər Şveykin Dünya Müharibəsində macəraları”, Yaroslav Qaşek)

Psixoloqların “koqnitiv dissonans” dedikləri anlam var. Leon Festingerin 1957-ci ildə izahını verdiyi bu sindrom fərdin psixi narahatlığı, təlaşı, laübəsidir.
Belə sindrom insanın şüurunda ideyalar, inanclar, dəyərlər və ya emosional reaksiyaların toqquşaraq ziddiyyət yaratdığı zaman formalaşır.

Hansısa hadisəyə və ya prosesə, şəraitə və ya insana münasibətdə üzə çıxan koqnitiv dissonans zamanı fərd baş verənləri anlamır, gözlərini döyür, ətrafına maddım nəzərlərlə baxır, sonra da tam absurd qərarlar verir.

Məsələn, əlində bıçaq tutmuş adamı dərhal qatil saymaq belə mərəzdir – bəlli ki, əlində bıçağı alma dilimləmək istəyən insan da, adam öldürməyə hazırlaşan potensial qatil də tutur.
Burada problem əldəki bıçaq yox, beyindəki istək, niyyət və şüurda formalaşmış hərəkət formatıdır.
Dağıstandakı soydaşlarımıza, qonşu respublikada yaşayan azərbaycanlılara qarşı da fəsadlı şüur yiyələrinin yeni hücumu başlanıb.

Həmin hücumlar tragikomediya təsiri bağışlayır, “qəhrəman əsgər Şveyk”in gerizəkalı kapralının sərsəmləmələrini xatırladır, amma hər şey göründüyü qədər bəsit deyil. Əksinə, Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində adları “müstəqil media strukturu” olan, özləri isə şovinist, ifrat millətçi və ən pisi, ermənilərin terrorçu təşkilatlarına aşkar rəğbəti ilə tanınan qurumlar olan kütləvi informasiya vasitələrində Rusiyanın cənubunda, Dağıstanda yaşayan soydaşlarımız hədəfə alınıblar.

Onlar hədəf kimi göstərilir, dövlət qurumlarına xitabən “Onları dərhal tutun, həbs edin, cəzalandırın!” isteriyası səslənir, “qeyri-azərbaycanlı” adlandırılan və Dağıstanın polietnik əhalisini təşkil edən vətəndaşlara isə “Onlara inanmayın, xainlərdir, potensial terrorçulardır!” sarsaqlığı ünvanlanır.

“RİA Derbent”, “Svobodnaya Respublika”, “Çernovik”, “Novoye Delo”, “OnKavkaz” saytlarında israrla vurğulanır ki, sən demə, “Rusiyanın son vaxtlar Türkiyəyə qarşı yürütdüyü siyasəti dəstəkləməyənlər əsasən Dərbənddə yaşayan azərbaycanlılardır”.

Məsələn, “RİA Derbent” saytında dərc olunmuş “”Boz Qurdlar” Dərbənddə. Rusiyanın cənubunda turistlərin kütləvi güllələnməsinin kökləri haradadır?” adlı məqalədə Dərbənd şəhərində yaşayan soydaşlarımız az qala ucdantutma şəkildə potensial terrorçu, təxribatçı, diversant təki qələmə verilirlər.

Dərbənddəki Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Telman Hacıəliyev isə ümumiyyətlə, az qala, həbsi təxirəsalınmaz sayılacaq “element” təki təsvir olunur.
Nədən, nə üçün, hansı səbəbə?
Sən demə, “Telman Tahirli” təxəllüsü ilə yazan tanınmış jurnalist dostları ilə birlikdə olarkən çəkdirdiyi fotonu Facebook profilində bölüşüb və həmin fotoda da gənclər əlləri ilə “Bozqurd” işarəsi göstərirlər.
Bəhs etdiyim məqalənin müəllifi Nacmudin Əliyev də bu foto üzərində qurulmuş təhlil aparıb və “araşdırma”sını çox geniş yazıya, daha doğrusu, Dərbənddə yaşayan soydaşlarımızla yanaşı, Türkiyə və Azərbaycana nifrət, dözülməzliklə dolu böhtana döndərib.

Məqalədə “Boz Qurdlar” İŞİD-ə və “Əl Qaida”ya bərabər tutulur, sonra T.Hacıəliyevin yer aldığı fotonu Facebook-da “bəyənənlər” sadalanırlar.

Həmin şəxslərin arasında Dağıstanın sabiq dövlət əmlakının idarəetmə naziri İmran Hüseynovun adı xüsusilə vurğulanır. Müəllifin gəldiyi qənaətə görə, fotonu “like” edənlərin hamısı istisnasız olaraq “Rusiyanın mənafelərinə qarşı çıxan, terrorizmi dəstəkləyən element”lərdir.

Belə qüsurlu məntiqə, absurd nəticələrə, az qala şizofrenik təxəyyülün məhsulu olan sonuclara heyrətlənmək də olardı.
Fəqət, Dərbənddəki soydaşlarımıza mediada hücuma keçmiş şəxslərin məramları aşkarlandığı üçün onların cəhdləri və niyyətləri narahatlıq yaratmaya bilməz.

Belə ki, Dağıstandakı azərbaycanlıların diaspor təşkilatlarının rəhbərləri Rusiyada qondarma “erməni soyqırımı”nın danılması üçün cinayət məsuliyyətini nəzərdə tutan, deputatlar Sergey Mironov və Nikolay Leviçevin hazırladıqları qanun layihəsinə qarşı çıxmaqda suçlanıblar.

Dərbənd və Mahaçqaladakı odioz saytların rəhbərlərinin fikrincə, diaspor təşkilatlarımızın rəhbərlərinin Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinə açıq məktub ünvanlayaraq bu qanun layihəsini 1915-1924-cü illərdə Osmanlı Türkiyəsində yaşanmış olaylara birtərəfli, qərəzli münasibət və tarixi siyasiləşdirmək cəhdi adlandırmaları, qondarma “erməni soyqırımı”nın da gerçəkdə olmadığını demələri yolverilməzdir. Üstəlik, sən demə, “Türkiyənin maraqlarına qulluq, “Boz Qurd” ideologiyasını təbliğ etmək”dir.

Məsələ nə “bozqurdçuluq”dur, nə də Dağıstanda Türkiyəyə rəğbət bəsləyən və Moskva ilə Ankara arasındakı münasibətlərin ifrat dərəcədə kəskinləşməsini istəməyənlərin “susdurulması”.
Azərbaycanı parçalamaq, ölkənin şimalındakı Qusar, Quba, Xaçmaz rayonları ilə Dağıstanın cənub bölgələrindən ibarət “Azad Ləzgistan” yaratmaq istəyən “Sadval” terrorçu təşkilatının funksionerləri pərdə arxasında olsalar da, aşkar görünürlər.

1994-cü ilin martın 14-də Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında vaqona saat mexanizmli əldəqayırma bomba qoyan şəxs də məhz “Sadval” üzvü Azər Aslanov idi. Həmin teraktda 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdı.
İstintaq “Sadval” üzvünün Bakıda teraktla bağlı təlimatları Ermənistan xüsusi xidmət orqanlarının iki əməkdaşından – polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyandan aldığını sübut etmişdi.

Bakıdakı terakta hazırlığı maliyyələşdirən və “Sadval” terrorçusunu hazırlayan da elə Ermənistan idi.
“Sadval”ın “hərbi qanad”ının üzvlərinin Ermənistanda xüsusi hazırlıq keçmələri, habelə Ermənistan kəşfiyyatının “Sadval”ı maliyyələşdirməsi də Dağıstanda çoxlarına bəlli məqamlardır.

İndi Dağıstanda yaşayan, xüsusilə də Dərbənddə məskunlaşan soydaşlaırımızın yenidən “hədəf” qismində göstərilməsi əslində Ermənistanın planlarının tərkib hissəsidir. Məqsəd Dağıstanda milli zəmində qarşıdurma yaratmaq, azərbaycanlıların Dərbəndi kütləvi şəkildə tərk etmələrinə nail olmaq, daha sonra isə bütün Dağıstanı “azərbaycanlılarsız respublika”ya çevirməkdir.
Xam xəyallardır, razıyam. Amma son vaxtlar Dağıstanın bir sıra media vasitələrində soydaşlarımıza qarşı paranoyanı xatırladan məqalələr, reportajlar və materialların artması spontan proses, təsadüflər sıralaması deyil.

Dağıstanda, ələlxüsus da Dərbənddə erməni pulları ilə soydaşlarımıza qarşı illərdən bəri planlı, düşünülmüş şəkildə aparılan kampaniya son vaxtlar daha geniş miqyas alıb, aqressivləşib və yalanların tirajlandığı isteriyaya çevrilib.

Dərbənddəki diaspor təşkilatlarımızın rəhbərlərinin “hədəf” olmalarına gəldikdə isə… Təəccüblənməyə dəyməz – soydaşlarımızın təşkilatlanması, millətin mənafelərini şəxsi maraqlardan üstün tutmaları, böyük xalqın mənsubları olduqlarını unutmamaları, təbii ki, Şəri qorxudur və o Şər soydaşlarımızın üzərinə yeriməklə, böhtanlarla və absurd ittihamlarla onları çəkindirməyə, qorxutmağa çalışır.

Ermənistanın xüsusi xidmət orqanları ilə Rusiyadakı radikal millətçilərin və şovinistlərin “uniya” yaradaraq fəaliyyət göstərmələrinə söykənən bu kampaniya ilə bağıl isə bizə zəruri, gərəkli və ən mühüm – təxirəsalınmaz tədbirlər görmək qalır.

Elçin Alıoğlu

Həmçinin oxuyun

İqbal Məmmədov Qulu İbrahimliyə pul ödəməklə özünü çıxılmaz duruma salıb…

Dünən sosial şəbəkədə paylaşılan bir şəkil hamının heyrətinə səbəb oldu. Söhbət tanınmış iqtisadçı Qulu İbrahimli …

Bir cavab yazın