Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Aktual / Azərbaycanlı məmurun adı İstanbulda 5 milyon dollarlıq sui-qəsddə niyə hallanır?!

Azərbaycanlı məmurun adı İstanbulda 5 milyon dollarlıq sui-qəsddə niyə hallanır?!

İstanbulun “Bahçelievler” məhəlləsində Ömür Plaza AVM-də mafioz qrupa qarşı həyata keçirilən əməliyyatın pərdə arxası üzə çıxıb.

Türkiyənin Hürriyət qəzetinin yazdığına görə, mütəşəkkil cinayətkar dəstə Şirinlər-ə qarşı keçirilən əməliyyatda saxlanılan şübhəlilərin 2016-cı ilin avqustunda İstanbulda öldürülən azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevə (Lənkəranski) qarşı sui-qəsdin intiqamını almaq məqsədilə Azərbaycandan Türkiyəyə gələn 4 nəfərlə 5 milyon dollarlıq razılığa gəlmək üçün görüşdüyü iddia edilir.

İstanbul Polisinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin dəstələri 2 noyabr axşamı “Bahçelievler”dəki bir ticarət mərkəzində mütəşəkkil cinayətkar dəstə “Şirinlər”ə qarşı əməliyyat həyata keçirib. Əməliyyat zamanı təşkilatın lideri “Max” ləqəbli Mehmet Sabri Şirinin də aralarında olduğu 8 şübhəli şəxs saxlanılıb. İstintaqın gedişində daha 5 nəfər də yaxalanıb.

İstintaqın gedişi zamanı şübhəlilərlə bağlı yeni detallar üzə çıxıb. Sən demə, kriminal avtoritet Rövşən Canıyevin məmur qardaşı Namiq Canıyev 4 nəfərlə birlikdə qardaşının intiqamını almaq üçün danışıqlar aparıb. O, qarşı tərəfə qardaşının intiqamı müqabilində 5 milyon dollar təklif edib.

Əməliyyat zamanı intiqam planı üçün “Şirinlər” dəstəsi ilə anlaşmaq məqsədilə Bakıdan İstanbula gələn Azərbaycan əsilli 4 şübhəli (Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Hacı Beyləqanski ləqəbli “qanuni oğru” Talıbxanlı Hacıbaba Tahir oğlunun da bu adamlar arasında olduğu bildirilir — red.) də daxil olmaqla 13 nəfər nəzarət altına alınıb. Namiq Canıyev ilkin dindirmədən dərhal sonra Azərbaycandan edilən bir zəng nəticəsində buraxılsa da, daha sonra yenidən nəzarətə götürülüb.

Onlardan 9 silah müsadirə edilib. Saxlanılan şəxslərin evlərində və avtomobillərində də axtarış aparılıb.

Sputnik Azərbaycan-a Türkiyədəki mənbələrdən verilən məlumata görə, müsadirə edilən silahlar rəsmən qeydiyyatdan keçib və mühafizə xidmətinin əməkdaşlarına məxsus olub. İstanbul polisindən bildirildiyinə görə, onlara mafioz qrupların üzvlərinin görüşəcəyi və sui-qəsdin müzakirə olunacağı barədə kəşfiyyat məlumat verilib. Əməliyyat da bu məlumat əsasında keçirilib. İstanbul polisi sözügedən mafioz qruplaşmanın hər hansı cinayət faktı üzrə saxlanmadığını bildirib. “Sadəcə bizə məlumat verdilər və biz də təhlükəsizlik üçün lazımı addımı atdıq” — deyə İstanbul polisindəki mənbə bildirib.

Kriminal dairələrə yaxın mənbədən Sputnik Azərbaycan-a bildirildiyinə görə, Rövşən Lənkəranskinin öldürülməsindən sonra onunla əlaqəsi olan şəxslər Türkiyəyə gələrkən xüsusi xidmətlər tərəfindən ciddi surətdə izlənilir. Namiq Canıyevin İstanbula gəlişi də Türkiyənin təhlükəsizlik qüvvələrinin nəzərindən qaçmayıb. Onun biznes adı altında əslində qardaşının intiqamını almaq üçün vaxtilə Lənkəranski, eləcə də onun “qardaş” adlandırdığı çeçen kriminal avtoritet, oğru dünyasının “Ümumavropa kassası”nın nəzarətçisi Həmzət Qastəmirovla (Şeyx Həmzət) yaxın əlaqələri olan “Şirinlər” mafioz qrupunun liderləri ilə görüşə gəldiyi güman edilib. Maraqlıdır ki, kriminal aləmə yaxın mənbələrdən biri Canıyevin İstanbulda ona qardaşının intiqamını almağı söz vermiş Şeyx Həmzətlə görüşdüyünü bildirib. Mənbənin sözünə görə, Mehmet Sabri Şirinlə Canıyevi məhz Şeyx Həmzət əlaqələndirib. Şeyx Həmzət Lənkəranskinin intiqamını almaq və onun Türkiyədəki fəaliyyətini davam etdirmək üçün çeçen və türk mafiyaların ortaq işbirliyinə xeyir-dua verib.

“Şirinlər”ə qarşı əməliyyat öncəsi Lənkəranskinin qətlinin sifarişində şübhəli bilinən Lotu Quli ləqəbli Nadir Səlifov da azadlığa çıxaraq dərhal İstanbula yerləşib. Lənkəranskinin adamları İstanbul polisinə Canıyevin intiqam üçün orada olduğu barədə xəbəri Qulinun adamlarının verə biləcəyini ehtimal edirlər. Çünki bir müddət əvvəl Rövşən Lənkəranskinin il mərasiminə qatılmaq və qəbrini ziyarət etmək məqsədilə Azərbaycana gələn Şeyx Həmzət daha sonra saxta pasport gəzdirməkdə və odlu silah saxlamaqda günahlandırılaraq 8 cangüdəni və aralarında yaxınlarının da olduğu 13 nəfərlə birlikdə Amsterdamın Sxiphol (Schiphol) hava limanı yaxınlığında saxlanılmışdı. Sonra Qastəmirov Hollandiya məhkəməsinə 3,6 milyon avro ödəyərək azadlığa çıxmışdı. Qastəmirovun adamları onu holland polisinə Lotu Qulinin adamlarının satdığını güman edirlər. Odur ki, Şeyx Həmzət Lotu Qulini təkcə Lənkəranskinin intiqamını almaq üçün deyil, həm də onu satdığı üçün axtarır.

İstanbul polisi Namiq Canıyevin həbsdə çox saxlanmayacağını, İstintaq başa çatandan dərhal sonra Azərbaycana göndəriləcəyini bildirib. Yaxın adamlarının bildirdiyinə görə, böyük ehtimalla, Canıyev sabah azadlığa çıxacaq.

Türkiyə mediası bildirir ki, “Şirinlər” qrupuna sonuncu dəfə 3 iyunda “Güngörən” məhəlləsində Saral qrupu tərəfindən hücum təşkil edilmişdi.

Həmçinin oxuyun

“Əmlak komitəsi” hansı başla işləyir? – Qoçbaşı məharəti

Azərbaycan Vətən müharibəsi aparır. Hər kəs bir yumruq kimi birləşib düşmənə ağır zərbə vurmalı olduğu …