Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / Azərbaycanlı gənc maraqlı yolla Rekordlar Kitabına düşdü

Azərbaycanlı gənc maraqlı yolla Rekordlar Kitabına düşdü

Hazırda Dubayda tanınmış şirkətlərdən birinin marketinq direktoru vəzifəsində çalışan azərbaycanlı gənc maraqlı bir ideyanı reallaşdıraraq Ginnesin Rekordlar Kitabına düşüb. 

Oxford Universitetində magistr təhsili alan Vüqar Adıgözəlov 145 ölkə vətəndaşını bir təyyarədə toplayaraq tarixi uçuşa imza atıb.

V. Adıgözəlov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, rekord ideyası ona elə təyyarədə olarkən gəlib:

“Bir neçə ay öncə səfərdən qayıdanda təyyarədə qeyri-adi bir elanla rastlaşdım, kapitan bildirdi ki, təyyarə heyəti 14 müxtəlif dildə danışa bilir. Bələdçidən öyrəndim ki, təyyarədə əllidən çox millətdən sərnişin var. Evə çatar-çatmaz dünyada ən çox millətin uçduğu resylə maraqlanmağa başladım. Belə məlumata rast gəlməsəm də, qarşıma bir çox millətin nümayəndəsinin bir araya gəlib müxtəlif rekordlar qırdığı haqda məlumat çıxdı. 

İdeyam çılğın olduğu qədər də bahalı idi, ancaq tezliklə ideyanı həyata keçirə bilməyimizə şərait yarandı.

29 Noyabr tarixində BƏƏ-nin 48-ci Milli günü və ölkədə Tolerantlıq ili münasibətilə 145 millətin nümayəndəsi tarixi uçuş üçün hava limanına toplaşdı. Milli seçim nəticəsində püşkatma yolu ilə seçilmiş şərnişinlərlə yanaşı, tarixi uçuşda 500-dən çox sərnişin, Ginnes Dünya Rekordları komitəsinin nümayəndələri, kral ailəsi üzvləri, media mənsubları da iştirak edirdi”.

Vüqar Adıgözəlovun sözlərinə görə, rəsmi rekord cəhdi üçün “Emirates” Hava Yollarına məxsus A380 təyyarəsi (təyyarə bu hadisəyə özəl olaraq rənglənib: üzərində müxtəlif millətlərdən əl-ələ tutmuş insanlar təsvir edilib) seçilib. Reys Dubay Beynəlxalq Hava Limanından ( DXB) qalxaraq BƏƏ-nin bütün əmirlikləri üzərində uçuş edərək 1 saat sonra yenidən Dubaya qayıdıb:  

“Uçuşdan öncə Ginnes Rəsmisinin bildirdiyinə görə, ən az 75 müxtəlif millətin nümayəndəsinin iştirakı kifayət edirdi ki, uçuş dünya rekordu kimi qeydə alınsın. Təyyarənin göyərtəsində olarkən Ginnes Dünya Rekordlarının rəsmi nümayəndəsi uçuşda 145 fərqli millətin nümayəndəsinin iştirak etdiyini rəsmən açıqlayaraq rekordun qeydə alındığını bildirdi. Beləliklə bu hadisə və hava yolları Ginnes Dünya Rekordu olaraq qeydə alındı və rəsmən “Möhtəşəm” titulunu qazandı”. 

Həmçinin oxuyun

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz SİYAHI

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 22-dək 3 şəhər, 3 qəsəbə və 133 kənd işğaldan azad …