Cümə axşamı , Oktyabr 21 2021
Ana səhifə / Aktual / Azərbaycanla Ermənistan “gizli sülh müqaviləsi” imzalayıb?

Azərbaycanla Ermənistan “gizli sülh müqaviləsi” imzalayıb?

Ermənistanda nəşr edilən “Hraparak” (“Meydan”) qəzeti Moskvada Azərbaycan və Ermənistan nümayəndələri arasında aparılan “gizli sülh danışıqları”nın yekunlaşdığını və bəzi detalların bəlli olduğunu iddia edib. Maraqlıdır, bu iddialar nə dərəcədə doğrudur? Həqiqətən də Moskvada Ermənistanla Azərbaycan arasında “sülh müqaviləsi” ətrafında danışıqlar aparılıbmı?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Tofiq Zülfüqarov deyib ki, Ermənistan ilə Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanmasına dair danışıqların getməsi xəbəri doğru ola bilər. Ancaq yekun nəticələrlə bağlı erməni mənbələrinin səsləndirdiyi iddialar həqiqəti əks etdirmir:

“Uzun müddət bu işlə məşğul olan biri kimi deyə bilərəm ki, yekun sülh müqaviləsinin imzalanması üçün ilk növbədə tərəflər qarşılıqlı surətdə bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Bu bəndin olmadığı heç bir razılaşma, sənəd və s. yekun sülh müqaviləsi sayıla bilməz. Ermənistan isə bu gün Azərbaycanın ərazi bütövlüyünü tanısa, müstəqillik tarixi boyunca dövlətin başlıca hədəfi olan ”Miadzum” planından imtina etməli olacaq.

Bir başqa məsələ isə odur ki, Nikol Paşinyan Baş nazir seçildikdən sonra dövlət proqramı ilə bağlı bir çox sənəd imzalayıb. Hansı ki, bu sənədlərin bir çoxu Qarabağla bağlıdır. Bu sənədlər içərisində maliyyə sənədləri də var. Belə çıxır ki, Paşinyan imzaladığı, təsdiqlədiyi bir çox dövlət sənədindən də imtina etməlidir”.

T.Zülfüqarov tərəflərin Zəngəzurdan keçən və Rusiyanın nəzarət edəcəyi tranzit yol barədə razılığa gəlməsi haqda səslənən iddialara da aydınlıq gətirib:

“İddiada qeyd edilir ki, Sünikdən (Zəngəzurdan – red) keçən yolda erməni tərəfi sərhəd postları qoyacaq, azərbaycanlılar isə bu yoldan istifadə etmək üçün pul ödəyəcək. Bu zaman belə bir sual yaranır. Rəsmi Bakı belə bir tələbə nə üçün razı olmalıdır? Məsələ ondadır ki, 10 noyabr bəyanatında birmənalı olaraq göstərilir ki, dəhlizin təhlükəsizliyini rus sülhməramlıları təmin etməli və gec-tez, o dəhliz açılmalıdır. 10 noyabr bəyanatında azərbaycanlıların bu yoldan istifadəsi üçün pul ödəməli olduğu qeyd edilməyib. Buna görə də düşünürəm ki, səslənən iddialar erməni mediasının məqsədli surətdə yaydığı dezinformasiyadır. Xəbərin həqiqət payı var, lakin səslənən iddiaların məqsədi sadəcə Azərbaycan ictimaiyyətində təlatüm yaratmaqdır”.

Diplomat hesab edir ki, Zəngəzur dəhlizinin açılması ermənilər üçün daha böyük əhəmiyyət kəsb edir:

“Çünki bu dəhliz təkcə Naxçıvanla Azərbaycanı birləşdirməyəcək, həm də Ermənistanın Rusiyaya alternativ çıxış əldə etməsini təmin edəcək. Yəni bu reallıqlar altında ermənilərin bizim vətəndaşlardan pul istəməsi onların özünə daha çox ziyan verə bilər. Nəzərə almaq lazımdır ki, bu gün rəsmi Bakının İrəvana təzyiq “rıçaklar”ı daha çoxdur. Misal üçün, Laçın dəhlizi. Azərbaycan da bu dəhlizdən istifadə üçün erməni vətəndaşlarından pul ala bilər.

Əgər konkret sülh müqaviləsi imzalanacaqsa, Ermənistan maksimalist mövqeyindən əl çəkməlidir. Bunun indiki zamanda heç bir əhəmiyyəti yoxdur”.

Həmçinin oxuyun

Mirkazım Seyidov: “Yolunu azıb hansısa ölkəyə səfər edən, sonra ona “rəsmi” don geyindirməyə çalışanlara…”

Azərbaycanın Rusiyadakı səfirliyi özünü “Artsax Respublikasının xarici işlər naziri” kimi təqdim edən David Babayanın Rusiyaya …