Ana səhifə /  Azərbaycanın 118 yaşlı ən uzunömürlü sakini  Naxçıvanda yaşayır – üç əsrə şahidlik edən Qönçə nənə

 Azərbaycanın 118 yaşlı ən uzunömürlü sakini  Naxçıvanda yaşayır – üç əsrə şahidlik edən Qönçə nənə

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəsmi qəzeti olan “Şərq Qapısı” Azərbaycanın ən qocaman sakinini tapıb. Qəzetin təqdim etdiyi materialdan görünür ki, həmin adamın 118 yaşı var və hazırda Şərur rayonunda yaşayır. Azinforum.az rəsmi qəzetə istinadən üç əsrə şahidlik edən xanım barədə dərc edilmiş məqaləni təqdim edir:

“Hər kəs yüz il yaşamasa, günah onun özündədir. Bu qənaətlə çox tez-tez rastlaşırıq. Xüsusilə də uzun­ömürlü insanlardan bəhs edən veriliş və məqalələrdə. Təbii ki, insan özünə nə qədər qayğı göstərsə, sağlamlığına, qidalanmağına diqqət yetirsə, yaşamaq şansı bir o qədər də artar. Əlbəttə ki, o uzunömürlülük Allah-Taala tərəfindən həmin şəxsin alnına yazılıbsa. Bəli, çox yaşamaq üçün İlahinin həmin ömrü sənə hədiyyə etməyi vacib şərtdir. Hansı ki firavan, rahat həyat sürməyən bəzi insanlara da Allah yaşamdan pay verir, ömrünə ömür qatır. Bunlardan biri də dünyaya göz açdığı gündən əzab-əziyyətlərlə üzləşən, keşməkeşli həyat sürən Şərur rayon Kürçülü kənd sakini Qönçə Hümbətovadır. Üzündəki qırışlara illərin yorğunluğu həkk olunan 118 yaşlı bu nənə muxtar respublikamızın ən yaşlı sakinidir.

Qönçə Hümbətova 1898-ci ildə Qərbi Azərbaycanın Vedi rayonunun Qədirli kəndində anadan olub. 1905-ci ildə ermənilərin Qədirli kəndini talan etməsindən sonra o, anası ilə birlikdə Naxçıvana gələrək burada məskunlaşır. Doğulduğu gündən bəri çətin şəraitdə yaşayan bu qadın hardan biləydi ki, hələ qarşıda bundan da əzablı günlər onun yolyoldaşı olacaq. O, 9 yaşında ikən anasını itirir. Kənddə xeyirxah insanlar kimi tanınan Mahmud kişi və Şəkər arvad onu öz himayələrinə götürür, övladları kimi qoruyub nəvaziş göstərirlər. 40-cı illərdə Qönçə Hümbətovanın ailəsi Qazaxıstana sürgün edilir. Üç il burada sürgün olduqları müddətdə çox çətin, hətta səfil vəziyyətdə yaşayan ailənin 4 üzvü acından ölür – ailə başçısı və 3 oğlan övladı.

Üç əsrə şahidlik etmiş Qönçə Hümbətova səhhəti ilə əlaqədar çox danışa bilmədiyindən bir qədər susur. Oğlu Məhəmməd Səfərov deyir ki, ailə üzvlərini itirdikdən sonra anası ilə birlikdə 1943-cü ildə Ağdama qayıtdıqları zaman yolboyu anasının gözü yol çəkib, acı taleyi, yaşadıqları həyat bir kinolent kimi beynində canlanarkən gözlərindən axıb yanaqlarına süzülən göz yaşlarını daha içində tuta bilməyib. Həyatda qalan tək övladını bağrına basaraq ünvana çatanacan ağlayıb.
1948-ci ildə Məşədi Qurbanla ailə qurduqdan sonra onlar 1954-cü ilə kimi burada yaşayıblar. Bundan sonra onun həyatı tədricən yaxşılığa doğru davam edib.
Hazırda qocalığın əldən saldığı, danışmaqda, fikirlərini ifadə etməkdə çətinlik çəkən nənənin bədənindəki ağrılardan şikayətləndiyi zaman, yəqin, dərman qəbul etməyinin vaxtıdır, – deyə düşündüm və doğrusu, düşüncəmi ətrafdakılara da bildirdim. Lakin məlum oldu ki, bu qadın indiyəcən bir dənə də olsun, dərman qəbul etməyib. Yəni müəyyən bir yaşına kimi səhhəti baxımından heç bir ciddi problemi olmayıb, sonrakı illərdə də bu adəti pozmadan yaşamağa davam edib. Hazırda səhhətində olan problemlər isə sadəcə, yaşından qaynaqlanır ki, o, bir çox yaşlılar kimi təzyiq və diabet xəstəliyindən deyil, yeriyə bilməməsindən şikayətlənir.
Qönçə nənənin tək bir oğul övladı həyatda qalsa da, Tanrı ona çox böyük bir ailə – 4 nəvə, 8 nəticə və 16 kötücə nəsib edib. Hazırda 118 yaşın özünü göstərdiyi, nəvazişə ehtiyacı olan bu qadın həmin mehriban ailənin qayğısı ilə əhatələnib. Bununla yanaşı, dövlətimiz də öz diqqət və qayğısını bu qocaman qadından əsirgəmir. Bildiyimiz kimi, muxtar respublikamızda yaşayan uzunömürlü insanların sosial problemlərinin həlli, onların yaşayış şəraitlərinin yaxşılaşdırılması, həmçinin yubileylərinin keçirilməsi istiqamətində daim tədbirlər həyata keçirilir.

Qönçə Hümbətovanın ailə üzvlərinin bildirdiyinə görə, Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşı Həcər Hüseynova bu yaşlı qadına tez-tez baş çəkir, ehtiyacları ilə maraqlanır, həmin ehtiyacların mümkün qədər qısa bir vaxt ərzində təmin edilməsinə çalışır. Hər il onun doğum günü qeyd edilir, yubileyləri isə xüsusi təntənə ilə keçirilir, səbəbkara müxtəlif hədiyyələr təqdim olunur. Muxtar respublikamızın qocaman sakini Qönçə Hümbətovanın oğlu Məhəmməd Səfərov anasına göstərilən bu qayğıdan razılığını bildirdi, ona qarşı diqqət göstərən insanlara da Allah-Taalanın belə uzunömürlü bir həyat nəsib etməsini arzuladı”.

Azinforum.az

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın