Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Aktual / Azərbaycandakı məhbuslar kütləvi şəkildə azadlığa buraxılacaq – İDDİA

Azərbaycandakı məhbuslar kütləvi şəkildə azadlığa buraxılacaq – İDDİA

“Ola bilsin ki, müəyyən kateqoriyalı məhkumlar 2018-ci ili evdə qarşıladılar. “Dələduzluq” və “Mənimsəmə” maddələri ilə məhkum olmuş və cəzasının 2/3-sindən çoxunu çəkmiş şəxslərə komanda verilib ki, təcili surətdə azadlığa çıxmaq üçün məhkəmələrə ərizə ilə müraciət etsinlər. Və məhkəmələr artıq bu istiqamətdə işə başlayıblar”.

AR Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıxov Sputnik Azərbaycan-a bildirib ki, bu tədbirlərin görülməsi cəzaçəkmə müəssisələrini əhəmiyyətli dərəcədə boşaldacaq.

Bu tədbirlər Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə cinayət qanunvericiliyinə edilən son əlavələrin həyata keçirilməsi çərçivəsində görülür.

Prezidentin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamından sonra sözügedən tədbirlər start götürüb.

“Sözügedən prosedur şəxsi işi AR Cinayət Məcəlləsinə edilən dəyişikliyə uyğun gələn bütün məhkumlara aiddir və onların işi baxılmaq üçün növbə ilə məhkəməyə göndərilir. Bununla əlaqədar olaraq cəzasının əsas hissəsini çəkmiş məhkumlar artıq yaxın günlərdə azadlığa çıxmaq imkanı əldə edəcəklər. “Dələduzluq” maddəsi ilə həbs olunanların sayı çoxdur. Bu tədbirlər nəticəsində həbsxanalar nəzəçarpacaq dərəcədə yükdən azad olacaq. Bilirsiz ki, cəzasının üçdə iki hissəsini çəkmiş və azadlığa erkən çıxmağı arzulayan məhkumlar maddi zərərin əvəzini ödəməlidirlər. Səhv etmirəmsə, sözügedən məbləğ dövlətə ödəniləcək” – deyə Sadıxov bilidirb.

Dəymiş zərərə görə təzminatın ödənilməsi sayəsində məhkumların cəzaçəkmə müddəti qısaldılacaq, həmçinin erkən azadlığa buraxılma institutu qüvvəyə minəcək, eləcə də onların məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi məsələsi reallaşacaq.

“Həqiqətən də cəzaların humanistləşdirilməsi prezident tərəfindən atılmış çox ciddi addımdır. O da diqqətəlayiqdir ki, azadlıqların məhdudlaşdırılması kimi cəza növü qanunvericiliyə qaytarılıb. Əvvəllər Azərbaycanda şərti cəza almış məhkumlar üçün məntəqə tipli cəzaçəkmə müəssisələri fəaliyyət göstərirdi. Amma onlar 2011-ci ildə ləğv edildi. Əvəzində Probasiya Xidməti yaradılıb. Nə qədər az məhbus olsa, Azərbaycan üçün bir o qədər yaxşıdır” – deyə bölmə rəisi bildirib.

Xatırladaq ki, prezident İlham Əliyev 10 fevral 2017-ci ildə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalayıb.

Sözügedən sənəddə prezident qeyd edib ki, dövlət idarəçilik sisteminin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər penitensiar xidmətin və bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini zəruri edir.

Cəzaların icrası sahəsində həyata keçirilən islahatlara baxmayaraq, son zamanlar aparılmış təhlillər göstərir ki, məntəqə tipli cəzaçəkmə müəssisələrinin normal fəaliyyəti təmin olunmur, ictimai işlər cəzasının icrası prosesində çətinliklər yaranır, cəzanı icra edən orqan və müəssisələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından kifayət qədər istifadə edilmir. İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur.

Odur ki, prezident penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiq edilməsi və cəza siyasətinin humanistləşdirilməsi məqsədilə bir sıra tədbirlərin görülməsinə qərar verib.

Həmçinin oxuyun

Kəlbəcərin Zod qızıl yatağının görüntüləri

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının görüntülərini yayıb. …