Bazar ertəsi , May 20 2024
Ana səhifə / Aktual / “Azərbaycanda son 30 ildə normal qış keçmir…” – Videomüsahibə

“Azərbaycanda son 30 ildə normal qış keçmir…” – Videomüsahibə

Məlum olduğu kimi, bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Həmçinin ölkəmiz mötəbər COP29 tədbirinə ev sahibliyi edəcək. Bütün bunlar ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində görülən işlər, həmçinin, iqlim dəyişikliklərinin mənfi təsirlərinin müzakirəsi, təbiətin qorunması məsələlərini bir qədər də aktual edir. 

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bu çərçivədə görülən işlərlə bağlı “Qafqazinfo”nun suallarını cavablandırıb. Nazir müavini son illərdə həyata keçirilən kütləvi ağacəkmə aksiyalarından danışıb, işğaldan azad edilmiş ərazilərdə aparılacaq meşə-bərpa layihələrinə diqqət çəkib. Həmçinin son günlər Yevlaxda Eldar şamı ağaclarının kütləvi şəkildə quruması ilə bağlı məsələyə aydınlıq gətirib.

– 2024-cü il Prezident İlham Əliyevin Sərəncamı ilə ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Bununla bağlı artıq müvafiq Tədbirlər Planı təsdiqlənib. Bu barədə nə deyə bilərsiniz?

– 2023-cü il dekabrın 25-də Prezident İlham Əliyevin Sərəncamı ilə ölkədə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Çox keçmədən 58 tədbirlik, 6 istiqamət üzrə Tədbirlər Planı təsdiqləndi. İstiqamətlər, əsasən, iqlim dəyişmələrinin təsirinin azaldılması, ətraf mühitin mühafizəsi, yaşıllıqlar, meşə ərazilərinin mühafizəsi və yeni meşəsalma layihələri, bərk və məişət tullantılarının idarə olunması, beynəlxalq təşkilatlarla əlaqələr, beynəlxalq tədbirlərin həyata keçirilməsi və maarifləndirmə tədbirləri ilə bağlıdır. Demək olar ki, əksər qeyd olunan istiqamətlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi icraçı qismində iştirak edir. 

https://youtube.com/watch?v=Rn8dlMBRBZI%3Fsi%3D0zOngDzN8Zl3ZKML

– Qeyd etdiniz ki, Tədbirlər Planında yaşıllaşdırma işləri də nəzərdə tutulub. Bu barədə bir az ətraflı danışa bilərsinizmi?

– Tədbirlər Planında genişmiqyaslı yaşıllaşma işləri, meşə-bərpa, meşə zolaqlarının salınması ilə bağlı tədbirlərin icrası həm ETSN-ə, həm mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb. Əvvəlki illərdə də fərqli miqyaslarda bu cür layihələr həyata keçirilib. 2019-cu ildə Mehriban Əliyevanın təşəbbüsü ilə dahi Nəsiminin 650 illik yubileyi çərçivəsində bir gündə 650 min ağacın əkilməsi layihəsi ilə başlanıldı və il ərzində ölkə ərazisində 1milyona yaxın ağacın əkilməsi təmin olundu. Növbəti illərdə İDEA İB-nin “Gələcəyə nəfəs” layihəsi çərçivəsində 2020-ci ildə 1 milyon, 2021 və 2022-ci illərdə 1 milyon və 1,5 milyon ağacın əkilməsi həyata keçirildi.

Bizim ən son genişmiqyaslı ağacəkmə aksiyalarımız 2023-cü ildə baş tutub. Bilirsiniz ki, Prezidentin Sərəncamı ilə həmin il ulu öndərin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev ili” elan olunmuşdu. Nazirlik olaraq ölkə ərazisində aidiyyəti qurumlarla birgə 3 milyon ağacın əkilməsini öhdəmizə götürdük. İlin sonuna olan rəqəmlərlə 4 milyona yaxın ağacın əkilməsi təmin olundu. Bu ilə də ağacəkmə aksiyaları da nəzərdə tutulub, builki hədəfimiz 5 milyon ağacın əkilməsidir. Əlbəttə ki, ölkə ərazisində həm də işğaldan azad olunmuş ərazilərimiz  – Şərqi Zəngəzur və Qarabağ iqtisadi regionlarının ərazisində aparılan aksiyalarla birgə aprel ayının 15-də tam olmasa da, ölkədə yaz əkin mövsümü başa çatdı. Həmin tarixə olan rəqəmlərimizdə 2,5 milyon ağacın əkilməsi təmin olunub.

Bu o deməkdir ki, nəzərdə tutulan işlərin artıq 50 faizdən çox hissəsi yerinə yetirilib. Düşünürəm ki, ilin sonuna qədər 2,5 milyon ağacın da əkilməsi icra olunacaq. Əlbəttə ki, həm ETSN-in mərkəzi aparatı, həm Meşələrin İnkişafı Xidməti, nazirliyin yerli qurumları, “Azəryaşlandşaft” ASC-nin xətti ilə Abşeron yarımadası, əsasən də Bakıətrafı ərazilərdə aparılan əkinlər, mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birgə apardığımız əkinləri xüsusi qeyd etmək lazımdır. Nazirliyin xətti ilə əkilən ağac tinglərinin sayı 2 milyon 200 minin üzərindədir. Yerdə qalan 300 min ağac isə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının xətti ilə əkilib. Onların hamısının qeydiyyatı aparılır və növbəti illərdə əkin ərazilərinin batmaması üçün monitorinqlər həyata keçirilir.  

– Yeri gəlmişkən, ölkəmiz bu il COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək. Bu qlobal istiləşmənin təsirlərinin azaldılmasına yönələn bir tədbirdir. Bəs qlobal istiləşmə ölkəmizdə hansı sahələrdə daha çox hiss olunur? Deyə bilərsinizmi, qlobal istiləşmənin meşə örtüyü və biomüxtəlifliyin azalmasına təsirləri varmı və bu təsirlər hansılardır?

– Təəssüf ki, qlobal istiləşmənin təsirləri Azərbaycandan da yan keçməyib. Ən böyük təsir göstərdiyi sahələr səhralaşma, meşələrin seyrəkləşməsi, su ehtiyatlarının azalması, təbiətdəki kataklizmaların artması, külək, torpaq erroziyaları məhz qlobal iqlim dəyişmələrinin mənfi təsirləri ilə bağlıdır. İqlim dəyişmələri üzə konvensiyanın sessiyaları hər il keçirilir və 2024-cü ildə COP29 Bakıda keçiriləcək. Burada müzakirə olunacaq mövzular iqlim dəyişiklikləri və onların ətraf mühitə mənfi təsirləri olacaq. Azərbaycan az meşəli ölkələr siyahısındadır, ərazimizin 11.8 faizi meşə örtüklüdür. Olan meşələrimizin seyrəkləşməsinin əsas səbəblərindən biri də məhz iqlim dəyişmələridir. 

Bu günlərdə Yevlaxda böyük meşə zolaqlarının quruma səbəblərinə diqqət çəkmək istəyərdim. Əvvəl Bakıda da belə hallar olmuşdu, kütləvi halda şam ağacları qurumuşdu. Bunun birinci səbəbi iqlim dəyişiklikləri ilə bağlıdır. Azərbaycanda son 30 ildə normal qış mövsümü keçmir. Qışda ziyanvericilərin 90 faizi qırılmalı idi, qışın keçməməsi onların sayının tənzimlənməməsinə gətirib çıxarır, hətta onlar qışda nəsil artırırlar. 

Yevlaxda ötən ilin payızında quruyan sahə 1 hektara yaxın idi, biz onun bir hissəsini götürdük. Payız əkin mövsümünə qədər o ağaclar götürülərək ərazi təmizlənəcək və müvafiq dezinfeksiya işlərindən sonra yeni meşə zolaqları salınacaq. 

Həmçinin oxuyun

İraqda bir günlük matəm elan edilib

İraqda bir günlük matəm elan olunub. Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İraq …