Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / AZƏRBAYCANDA SİFARİŞLİ DOĞUŞLAR MEXANİZMİ – Araşdırma

AZƏRBAYCANDA SİFARİŞLİ DOĞUŞLAR MEXANİZMİ – Araşdırma

Uşaq övladlığa götürməkdə qeyri-rəsmi sövdələşmələrin artımının ilginc səbəbləri…

Demoqrafik göstərici siyasəti dövlətin ümdə məsələlərindən biri olmaqla yanaşı, həm də mənəvi tərəfləri özündə cəmləyən prosesdir. Müxtəlif səbəblərdən körpə sahibi ola bilməyən insanlar həm ailələrində övlad sevinci yaşamaq, həm də dünyaya bir insan qazandırmaq naminə övladlığa uşaq götürür. Bu proses kifayət qədər məsuliyyətli və xərc tələb edən işdir.
Məlum olduğu kimi, bu gün Azərbaycanda övladlığa uşaq götürmək olduqca çətin prosesdir. Övladlığa uşaq götürmək sahəsində bürokratik əngəllər də hökm sürür.
Uşaq hüquqları üzrə qeyri-hökumət təşkilatlarının məlumatına görə, hazırda ölkədə 200 nəfər uşaq götürmək üçün müvafiq icra qurumlarında növbə gözləyir. Qanunvericiliyə görə, övladlığa götürməklə bağlı müraciət edən şəxslərə 4-6 ay ərzində cavab verilməlidir. Amma təcrübə göstərir ki, bu proses həddən artıq uzun çəkir. Odur ki, bəzi ailələr ya sonda övlad götürməkdən imtina edir, ya da qanunsuz yollara əl atır. Qanunsuz yol deyəndə, yəni uşağı olmayan ailə yaxını və ya uşaq sahibi olan dost-tanışının dünyaya gətirəcəyi növbəti körpəni qanunsuz yolla övladlığa götürür. Övlad həsrəti ilə yanan şəxs qardaşının, bacısının və ya tanımadığı bir şəxsin uşağını övladlığa götürür.
Mənim tanıdığım bir ailənin 3 qız övladı var idi. Həmin ailənin maddi durumu olduqca aşağı idi. Bu ailə başçısının qardaşının maddi durumu yüksək olsa da, övladı yox idi. Hər iki qardaş ümumi razılığa gəlir ki, növbəti uşaq dünyaya gələn kimi uşağı olmayan ailəyə veriləcək. Qarşılığında isə sosial durumu zəif olan ailəyə maddi köməklik göstəriləcək. Və 4-cü qız övladı dünyaya göz açan kimi uşağı olmayan ananın qucağına verdilər.
Bu kimi faktlara çoxlu sayda rast gəlmək olar. Qanuni yolla övladlığa uşaq götürmənin çətinliyi ucbatından ailələr qanunsuz yolla övlad sahibi olur. Qanunvericiliyə görə, qanunsuz yolla övlad sahibi olmaq cinayətdir. Ekspertlərin qənaətinə görə, övlad həsrəti ilə yaşayan ailələrin arzusunu həyata keçirmək üçün uşaq götürmək qaydaları sadələşdirilməlidir ki, bu cür qanunsuz hadisələr yaşanmasın.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdir müavini Vəsilə Mövsümova  açıqlamasında qeyd etdi ki, Azərbaycan ailələri əksərən tam sağlam və azyaşlı uşaqları övladlığa götürmək istəyir: “Bu cür uşaqların sayı az olduğu üçün avtomatik olaraq proses də yubanır. Elə ailələr var ki, aylarla, illərlə uşaq növbəsi gözləyir. Gözləmələrə görə bəzi ailələr öz bacı və ya qardaşının uşağını övladlığı götürür. Bu proses isə belə olur. Doğmasını və ya kiminsə uşağını övladlığa götürən şəxs qəyyumluq komissiyasında qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçməklə yanaşı, müvafiq sənədlər toplamalıdır. Notarial qaydada övladlığa götürülən valideynlərin bioloji valideynləri təsdiq olunur. Toplanan bütün sənədlər uşağın yaşadığı sahə üzrə məhkəməyə təqdim olunur. Daha sonra məhkəmə tərəfindən çıxarılan qərarla həmin uşaq ailəyə verilir. Proses qanuni şəkildə belə olur.
Yox, əgər kimsə qanunsuz yolla övladlığa uşaq götürürsə, həmin şəxs qanunla məsuliyyət daşıyır. Uşaq olan kimi övladı olmayan ailə həmin körpəni övladlığa götürərsə, o ailəni gələcəkdə ciddi problemlər gözləyir. Əsas problem də sənədləşmə sahəsində yaşanır. Uşaq məktəbə gedən zaman, şəxsiyyət vəsiqəsi alan zaman ciddi əngəllərlə üzləşəcək”.
Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev bizimlə söhbətində bildirdi ki, bu gün ölkədə övladlığa uşaq götürmək olduqca çətin məsələdir. Bu danılmaz faktdır. Uşaq həsrəti ilə yaşayan ailə bəzən illərlə gözlədikdən sonra onun istəyinə müsbət cavab verilir. Təbii ki, hər ailə bu qədər müddət gözləyə bilmədiyi üçün qanunsuz yolla övlad sahibi olur: “Uşağı olmayan ailə öz yaxınının balasını qanunsuz yolla övladlığa götürür. Bu, qanunla cinayət əməli sayılır”.
N.Quliyevin sözlərinə görə, Dövlət Proqramında qeyd olunur ki, ölkədə valideyn himayəsindən məhrum olan uşaqlar ailələrlə təmin olunmalıdır. Dövlət müəssisələrində olan uşaqların sayı yetərincə az olmalıdır.
Həmsöhbətimiz onu da bildirdi ki, bu gün övladı olmayan bəzi ailələr onun üçün uşaq dünyaya gətirəcək qadına xüsusi baxırlar: “Bir sözlə, həmin qadını əl üstə saxlayırlar ki, onlara sağlam uşaq versin. Uşaq dünyaya gələn kimi valideynin əlindən alınır və qarşılığında ona ya minnətdar olur, ya da maddi nəsə verir”.
Uşaq Hüquqlarının Müdafiə Komitəsinin sədri Yusif Bəkirovun sözlərinə görə, Azərbaycanda övladlığa götürmə ilə bağlı ciddi problemlər mövcuddur. O bildirdi ki, mövcud qanunvericilikdə bu istiqamətdə hansısa boşluqlar olmasa da, ayrı-ayrı qurumlar tərəfindən övladlığa uşaq götürmək istəyənlərə qarşı müəyyən bürokratik əngəllər törədilir: “Hazırda Azərbaycanda 150-dən çox ailə 3 yaşına qədər uşağı övladlığa götürmək üçün növbədədir. Bu sahədə iş düzgün qurulmayıb, övladlığa verilən uşaqlara nəzarət edilmir, edilirsə də, bu, ictimaiyyətə açıqlanmır. Əslində isə proses şəffaf aparılmalı və bütün məlumatlar ictimaiyyət üçün açıq olmalıdır. Çünki burada söhbət hələ dünyanı dərk etməyən uşaqlardan gedir. Sözsüz ki, xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da övladlığa verilən uşaqlarla bağlı konkret sistem olmalıdır. Bu sistemin yaradılması o deməkdir ki, bütün məlumatlar şəffafdır və övladlığa verilən uşaqlara nəzarət mövcuddur. Əks təqdirdə, Azərbaycanda övladlığa verilmə prosesində qanunsuzluq, o cümlədən bu sirrin yayılması həmişə müşahidə olunacaq”.

Günel CƏLİLOVA

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın