Cümə , Aprel 19 2024
Ana səhifə / Azərbaycanda radikallaşmanı dəstəkləyən dövlətlər…

Azərbaycanda radikallaşmanı dəstəkləyən dövlətlər…

Arzu Nağıyev: «İstər Səudiyyə Ərəbistanının, istər Qətərin, istərsə də Küveytin, İranın, Türkiyənin dövlət siyasətini dəstəkləyən…»

«Bu işlər tək MTN-in və digər hüquq-mühafizə orqanlarının apardığı tədbirlərlə bitmir»

Martın 28-də milli təhlükəsizlik orqanlarının yaranmasının 96-cı ildönümü ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin akt zalında keçirilən tədbirdə çıxışı zamanı milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov bir sıra maraqlı açıqlamalar verib. Nazir bildirib ki, son dövrlər bəzi dövlətlərin dini dairələri və xüsusi xidmət orqanları ölkəmizdə radikallaşmaya rəvac verməyə çalışırlar:
«İndiki mürəkkəb dövrdə kəşfiyyat fəaliyyətinin səmərəli təşkili mühüm amildir. Ölkəmizə qarşı təhdidlər, düşmən və rəqib dövlətlərin, xarici xüsusi xidmət orqanlarının təxribat-pozuculuq niyyətləri və planları barədə müntəzəm məlumatlar əldə edilib. Eyni zamanda, respublikamıza qarşı kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətlərinin vaxtında aşkar edilməsi üzrə sistemli əks-kəşfiyyat tədbirləri həyata keçirilir».

E.Mahmudov deyib ki, bu tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunaraq, xüsusi tapşırıqları yerinə yetirən 2 nəfər ifşa edilib: «Ermənistan xüsusi xidmət orqanlarının məxfi əməkdaşlığa cəlb etdiyi digər Azərbaycan Respublikası vətəndaşı maddi maraq əsasında ölkəmiz barədə kəşfiyyat xarakterli müxtəlif məlumatlar toplamış və bunu peşə fəaliyyəti ilə pərdələməyə çalışmışdır. Hazırda həmin fakt, eləcə də qeyri-hökumət təşkilatı adı altında Ermənistan xüsusi xidmət orqanları ilə əlaqələri olan daha 2 nəfər ölkə vətəndaşı barəsində müvafiq cinayət işləri üzrə istintaq aparılır».

Nazir qeyd edib ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə maddi maraq zəminində əsasən Türkiyədən deportasiya edilmiş Orta Asiya ölkələrinin vətəndaşlarını Azərbaycandan İrana və Gürcüstana, oradan isə qanunsuz yollarla yenidən Türkiyəyə keçirən bir qrup Azərbaycan vətəndaşı və onların əlaqələrinə dair materiallar əsasında isə istintaq aparılır.
Silahlı Qüvvələrdə gedən islahatlar və müşahidə olunan müsbət meyildə hərbi əks-kəşfiyyat orqanlarının uğurlu fəaliyyətini qeyd edən general-polkovnik Eldar Mahmudov, bu istiqamətdə nöqsanların vaxtında aşkarlanması və qarşısının alınması üzrə fəaliyyət xəttinin, Müdafiə Nazirliyi və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələr ilə işgüzar əlaqələrin daha da gücləndiyini vurğulayıb.
E.Mahmudovun sözlərinə görə, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən terrorçuluq, separatçılıq, dini ekstremizm və ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş digər cinayətkarlıq halları ilə mübarizə üzrə ardıcıl tədbirlər həyata keçirilib. Suriyada hərbi birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş 33 nəfər və Pakistan-Əfqanıstan zonasında fəaliyyət göstərən terrorçu təşkilatın üzvü olan 4 nəfər Azərbaycan Respublikası vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib. Həmçinin müxtəlif növ odlu silah və hərbi ləvazimatla təchiz edilmiş, terror-təxribat xarakterli cinayətlər törətmək niyyətində olan iki radikal dini ekstremist qruplaşmanın 7 üzvü yaxalanıb, dini dözümsüzlük zəminində cinayət törətmiş daha 10 nəfər həbs olunub.
Nazir Eldar Mahmudov son vaxtlar Azərbaycan vətəndaşlarının radikal dini ekstremist qrupların və xarici ölkələrdə qanunsuz fəaliyyət göstərən silahlı dəstələrin tərkibində iştirak hallarının artmasının narahatlıq doğurduğunu bildirərək, vəziyyətin belə mənfi təzahürlərlə və ümumilikdə dini zəmində terrorçuluqla mübarizənin cəmiyyətin də yaxından cəlb edilməsi ilə daha səmərəli aparılmasını zəruri etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, son dövrlər regiondakı bəzi dövlətlərin dini dairələri və xüsusi xidmət orqanları ölkəmizdə radikallaşmaya rəvac verməyə çalışırlar. Bu baxımdan, qeyd olunan istiqamətdə, xüsusən birinci Avropa Oyunları ərəfəsində zəruri qabaqlayıcı kompleks tədbirlər həyata keçirilir, Azərbaycan Respublikasına qarşı mümkün təhdidlər daim diqqətdə saxlanır.
Nazir bəzi dövlətlərin dini dairələri və xüsusi xidmət orqanları ölkəmizdə radikallaşmaya rəvac verməyə çalışırlar deməklə hansı ölkələri və onlara tabe olan qurumları nəzərdə tutub?
Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı Arzu Nağıyev «Bakı-Xəbər»ə açıqlamasında bildirdi ki, Eldar Mahmudov öz müsahibəsində dəqiq faktlara və əməliyyat məlumatlarına əsaslanaraq bu bəyanatı verib: «Bu gün ölkədəki dini qurumlara, daha doğrusu, radikal dini qruplara nəzər salanda görünür ki, bir çox dövlətlərin hərəsi öz marağından çıxış edir. İstər Səudiyyə Ərəbistanının, istər Qətərin, istərsə də Küveytin, İranın, Türkiyənin dövlət siyasətini dəstəkləyən və ondan kənar dini icmaları ölkəmizdəki fəaliyyətində öz məqsədlərini güdür. Bunlar müxtəlif təriqətlər, məzhəblərin təbliği ilə məşğul olan vəqflər də ola bilər. Bununla yanaşı, qeyri-müsəlman inanclı təriqətlər və onların dəstəkçisi olan «Yeqovanın şahidləri», «Həyatverici lütf» kimi qurumlar da öz məqsədləri üçün təbliğat fəliyyəti ilə məşğuldur. Düşünürəm ki, xüsusi xidmət orqanı kimi MTN bu cür qurumların ölkəmizdəki fəaliyyətini tam nəzarətdə saxlaya bilir. Lakin bu işlər tək MTN-in və digər hüquq-mühafizə orqanlarının apardığı tədbirlərlə bitmir. Mütləq maarifləndirmə işi gücləndirilməlidir, dində və inancda radikallıq və maarifçiliyin dəqiq sərhədi bilinməlidir. Əks təqdirdə aparılan mübarizə kifayət etmir».

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın