Şənbə , Yanvar 29 2022
Ana səhifə / Aktual / Azərbaycanda ödəmə terminallarından oğurluqların sayı artıb

Azərbaycanda ödəmə terminallarından oğurluqların sayı artıb

Bakı şəhərində istər mağazalardan, istərsə də küçədə quraşdırılan “E-manat”, “Milli Ön” ödəmə terminallarından pulların oğurlanması halları günü-gündən artır.
Misal üçün Suraxanı rayonu, Bülbülə qəsəbəsində marketlərdən birinin qapısı sındırılmaqla “E-manat” ödəmə terminalından 3 450 manat pul oğurlanıb. Daha sonra dekabrın 9-da Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən marketlərdən birində quraşdırılan “E-Manat” ödəmə terminalı sındırılaraq içərisində 1011, obyektin kassasından isə 306 manat pul naməlum şəxs tərəfindən oğurlanıb… Demək olar ki, hər gün bu məzmunlu informasiyalar yayılır.
Bu faktlar hansı gerçəklikləri üzə çıxarır: getdikcə sosial vəziyyətin pisləşməsi fonunda oğurluq hallarının artması, insanların hətta ən riskli addımlara məcbur olması, yoxsa təhlükəsizlik məsələlərinin düzgün aparılmaması?
Məsələ ilə bağlı Bakupost.az -a “MilliÖn”ün müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva bildirib ki, terminalları haradasa quraşdırıqsa, oranın təhlükəsizlik məsələsi nəzərə alınır:



“Bizim quraşdırma meyarlarımız var. Terminallar həmin məkanda xüsusi meyarlara cavab verirsə, terminalları ora quraşdıra bilirik. Məkan, canlı mühafizə və ya kamera müşahidəsi altında olmalıdır. Təhlükəsizlik baxımından nəzərə alındıqda və təhlükəsizliyin də rəyi olduqdan sonra həmin məkanlarda terminalları quraşdırmaq mümükündür. Terminalları harada gəldi quraşdırmaq olmaz. Eyni zamanda, bu, terminalların özü daxildən təhlükəsizlik sistemi ilə təmin olunub. Son zamanlar “Milli Ön” terminalları ilə bağlı qlobal hadisə olmayıb. Sadəcə bir oğurluq hadisəsi baş verib. Aidiyyəti orqanlar həmin oğruları tutub və lazımı tədbirlər görülüb. Ondan sonra əlbəttə ki, belə hadisələr tez-tez baş verməyib”.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli isə qeyd edib ki, insanları kriminal addımlara sövq edən əsas amillərdən biri işsizlik və dolanışıq problemlərinin olmasıdır:



“Azərbaycanda son zamanlar elektron aparatlar, pul ödəniş terminalları, o cümlədən E-manatla bağlı müxtəlif hadisələrin tez-tez baş verdiyinin şahidi oluruq. Bununla bağlı daha çox təhlükəsizlik tədbirlərinin görülməsinə ehtiyac var. Təbii ki, insanları kriminal addımlara sövq edən əsas amillərdən biri işsizlik və dolanışıq problemlərinin olması önə çıxır həmişə, yəqin ki, bu vəziyyətində rolu var. Hər halda o tipli aparatların qoruyuculuğunu da artırmaq lazımdır. Yeni təhlükəsizlik qaydalarının tətbiqinə eyni zamanda aparatların özünün korpusunun qorunmasına ehtiyac var. Yəqin ki, bu hadisələr fonunda “E-manatla” bağlı fəaliyyəti həyata keçirən əməliyyat şirkəti təhlükəsizliklə bağlı yeni yatırımlar etməsinə ehtiyac yaranacaq. Həm korpus, həm də dayanıqlı qıfıllarla bağlı yeni yatırımlar etməlidir ki, gələcəkdə belə hadisələr təkrarlanmasın. Amma dünyanın hər yerində, o cümlədən Azərbaycanda da kriminal və oğurluq hallarının artmasına səbəb insanların dolanışığı, maddi vəziyyətilə bağlıdır”.

Həmçinin oxuyun

Laçındakı bu körpünü Rusiya yox, Azərbaycan tikir…

Sosial şəbəkələrdə  hazırda müvəqqəti(!) olaraq Rusiya sülhməramlı hərbi kontingentinin nəzarətində qalan Laçın şəhəri, eləcə də …