Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Azərbaycanda Heydər Əliyevə qədərki hakimiyyət boşluğu və gülənçilərin triumfu…

Azərbaycanda Heydər Əliyevə qədərki hakimiyyət boşluğu və gülənçilərin triumfu…

Türkiyədə dövlət çevrilişinə edilən cəhd baş tutmadıqdan sonra bir vaxtlar adı “mərhəmətli” işlərdə hallanan Fətullah Gülən öz ölkəsində bir nömrəli terrorist elan olundu. Məlum oldu ki, onun rəhbəri olduğu təriqət faktiki olaraq Türkiyəyə gizli nəzarəti həyata keçirirmiş. Türkiyə hakimiyyətinin bu məsələyə bir qədər də ürəkli girişməsi gülənçiləri tam ifşa etdi. Məlum oldu ki, şəbəkə yalnız Türkiyədə yayılmaqla kifayətlənməyib.
Onların Azərbaycana böyük maraq göstərdiyi, hətta burada bir sıra uğurlara imza ata bilməsi faktdır. Bu baxımdan da bizim daxili auditoriya da gülənçiləri Azərbaycana kim gətirib, onlara buradakı şəraiti kim yaradıb kimi mövzularla dərindən maraqlanır. Bəzi adamlar isə bu mövzu ilə əməlli-başlı spekulyasiya etmək istəyir. Bunu dərindən araşdırdıqda məlum olur ki, gülənçilər Azərbaycanda yayılıb kök atmaq üçün Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinə qədərki hakimiyyət boşluğundan məharətlə istifadə edib. Gəlin bu istiqamətdə aparılan araşdırma nəticəsində ortaya çıxan faktlara diqqət edək. Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldiyi zaman Gülənin məktəblərində artıq 2000-ə yaxın şagird təhsil alırdı.
Fətullahçıların Azərbaycana ilk gəlişi və təşkilatlanma tarixi isə 1990-92-ci illərdir. İlk gəliş 18 yanvar 1990-cı ildə Halit Esendir, Saadettin Başer, Cahit Değerli, Mehmet Şevki Erol və Mehmet Tanrıseverlə başlayıb. O səfər zamanı Xalq Cəbhəsi ilə əlaqələr quran fətullahçılar bir sonrakı səfərlərində Azərbaycanın o zamankı iqtidarına “qarmaq atmağı” bacaracaqdılar. Azərbaycanda yaşamaq üçün gələn Hilmi Öney (Gülənin ilk Azərbaycan imamı, Camaatın buradakı bütün müəssisələrini quranlardan biri) “Çağ Öyrətim İşlətmələri”nin təməllərini 1990-cı ildə atmağa başladı. Ona yardım edənlərin isə o zamankı texnikum rəhbəri Mirdamət Sadıqov və Neft Akademiyasının müəllimi Mehdi Ağayevin olduqları artıq mediada yazılıb.
Bu günlərdə Azərbaycan mediasında aparılmış araşdırmalardan bəlli olur ki, Azərbaycan dövləti ilə ilk yüksək səviyyədə təmas isə 08.05.1991-ci il tarixində baş nazir Həsən Həsənovla gerçəkləşdirilib və baş nazirin tapşırığı ilə Bakının o zamankı birinci katibi Sənan Əlizadə fətullahçılara normal fəaliyyət üçün Yasamalda 3 otaqlı köhnə erməni mənzilini bağışlayıb. Son günlər mediada bu mövzuda yazılanların bir qismini olduğu kimi xatırladırıq.
“Gülənçi Faruk Arslan yazır ki, “İlhan İşbilənin diplomatik qabiliyyəti və “hədiyyə vermək” mövzusundakı fərasəti açılmaz kimi görünən qapıları üzümüzə taybatay açırdı”. Məhz bu hədiyyələrdən olacaq ki, Həsən Həsənov 26 aprel 1991-ci ildə “Zaman”ın Azərbaycanda leqal fəaliyyət göstərməsi üçün Nazirlər Kabinetinin xüsusi qərarını çıxartdırdı. Yılmaz Polat Həsən Həsənovla qurduğu münasibətə görə artıq Azərbaycanda istənilən dövlət qurumuna girib-çıxa bilirdi. Faruk Arslan bunu öz kitabında belə qələmə verir: “Yağmur Gözlü (oxu: Fətullah Gülən) bizə buyurdu: “Media gücünüz oradakı təhsil və digər fəaliyyətlərinizin yol açıcısı, qoruyucusu və önəmli partnyoru olacaq. Səbr edin, tələsməyin. Bir nəsil yetişdirmək ən az 25 il istər. Olmur deyə, ümidsizliyə qapılmayın”. Yəni “25 il meyvə gözləməyin, səbrli olun” tövsiyəsi ilə hərəkət edib, qısa müddət ərzində bəhrə gözlənilmirdi. Ancaq çiçəklər çox tez açacaqdı. Çünki zaman və zəmin susuzluqdan, həsrətdən çatlamışdı”.
Gülən Türkiyədə də “qızıl nəsil” yetişdirilməsi üçün 25-30 il müddət gözləməyin vacibliyini vurğulayırdı. Onun “qızıl nəsil” dedikləri isə yüksək savada malik, lakin ailəsindən, dövlətindən daha çox hoca əfəndisinə, abilərinə bağlı nəsil idi.
Bəli, öncə “Zaman”ı qurdular. Daha sonra yenə Həsən Həsənovun yardımları ilə məktəblərin təməlləri atılmağa başlandı. Mütəllibov dönəmində qurulan məktəblər Elçibəy dönəmində rəsmi icazə verilmədiyi halda böyüməyə davam etdi. Azərbaycanın o dövrkü hakimiyyəti Türkiyənin bu istəyini rədd edə bilmirdi. Qısası, ilk liseylər 1992-ci ildə Bakı və Sumqayıtda quruldu. Bunun üçün dövrün təhsil naziri İstanbula götürüldü və lazımi qərarlar alındı. Rəsmi açılış Mütəllibovun devrildiyi, Elçibəyin hakimiyyətə gəldiyi dönəm bu liseylərin də fəaliyyətə başladığı dönəmdir.
Bu arada Türkiyə dövlət olaraq da Azərbaycanda təhsil müəssisələri açmaqda idi. Bunlardan biri də Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi oldu. Elçibəyin iştirakı ilə açılan bu fakültə zaman-zaman Gülənin hədəfində oldu. Bu fakültəni ələ keçirməyə cəhd etdi. Açığı, bir müddət Diyanət İşləri başqanı olmuş, sabiq deputat Təyyar Altıkulac ilə olan münasibəti bu fakültənin ilk illərinə öz təsirini göstərdi. Tanınmış alim Vasim Məmmədəliyevin tədricən Altıkulacın təsirini azaltması nəticəsində fətullahçılar zamanla bu fakültəyə düşmən oldular”.
Gülənçilərin Azərbaycanda ən böyük layihəsi sayılan Qafqaz Universiteti də Heydər Əliyevin hakimiyyətə gəlişinə kimi fəaliyyətə başlayıb.
1993-cü ilin iyun ayına qədər Azərbaycanda artıq təşkilatlanmış olan fətullahçılar Azərbaycanın yenicə müstəqillik qazanmasını maksimum şəkildə istismar etdilər. Əllərində Türkiyə prezidentlərinin və baş nazirlərinin məktubları ilə burada kök saldılar. Qafqaz Universiteti də Türkiyə rəhbərliyinin xeyir-duası ilə Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin nəzdindəki Dövlət Ali Ekspert Komissiyasının 1 may 1993-cü il tarixli qərarı ilə fəaliyyətə başladı. Bütün ölkə boyu çoxsaylı lisey komplekslərinin açılışının da məhz bu dövrə düşdüyünü nəzərə alsaq, gülənçilərin Heydər Əliyevə qədər Azərbaycan təhsil sistemində geniş şəbəkə ilə oturduqlarına heç bir şübhə qalmır və bu gün də gülənçilərin ən dərin kök atdıqları sahələrdən birinin təhsil sektorumuz olduğu barədə söz-söhbətlər də əsassız deyil.
Göründüyü kimi, gülənçilər qardaş adı ilə yenicə qurulmuş, müharibəyə başı qarışan ölkədəki hakimiyyət boşluğundan məharətlə istifadə edib. Məlum olur ki, 1993-cü ilin ortalarına kimi şəbəkə Azərbaycanda tam oturuşmuş vəziyyətdə olub.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın