Bazar , Noyabr 17 2019
Ana səhifə / Aktual / Azərbaycanda Gürcüstan diplomları niyə tanınmır?

Azərbaycanda Gürcüstan diplomları niyə tanınmır?

Ekspert: “Bunları bilməyəndə və ya əməl etməyəndə axırda diplomun tanınması məsələsində problem çıxır”

Gürcüstan Texniki Universitetində Sosial elmlər və beynəlxalq əlaqələr ixtisası üzrə bakalavr dərəcəsində təhsil almış Əli Salmanovun diplomu Azərbaycanda qəbul edilmir. O, bu barədə AzadlıqRadiosuna açıqlamasında deyib ki,  2017-ci ildə Gürcüstanda təhsilini bitirəndən sonra diplomunun Azərbaycanda tanınmasından ötrü Təhsil Nazirliyinin Nostrifikasiya İdarəsinə müraciət edib. Amma idarədən ona rədd cavabı verilib. Özünün bildirdiyinə görə, səbəb də göstərməyiblər. 24 yaşlı Ə.Salmanov bildirir ki, onun heç xaricdə təhsil almaq niyyəti olmayıb. Amma Azərbaycanda təhsil haqqının yüksək olması, ailəsinin durumuna görə bu addımı atmaq məcburiyyətində qalıb: “Ailəm Kəlbəcərdən məcburi köçkündür. Özüm 1995-ci ildə ovaxtkı Xanlar, indiki Göygöl rayonunda anadan olmuşam. 2012-ci ildə Kəlbəcər rayon 9 saylı tam orta məktəbi bitirib, Azərbaycan Kooperasiya Universitetinin Tərcümə (ingilis dili üzrə) ixtisasına qəbul olmuşdum. Lakin universitetdə təhsil haqqı baha olduğuna görə ailəmizin maddi durumu təhsilimi orada davam etdirməyə imkan vermədi. Bu üzdən mən Gürcüstanda təhsil almağa qərar verdim. Orada təhsil haqqı ailəmizin büdcəsinə uyğun idi”.

Əli bir müddət öncə diplomunun tanınması tələbi ilə Təhsil Nazirliyini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi onun iddiasını təmin edib. Təhsil Nazirliyinin üzərinə diplomun tanınması öhdəliyi qoyulub. Nazirlik qərardan apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi birinci instansiyanın qərarını ləğv edib.

“Yeni Müsavat”a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycan Haaqa Konvensiyasına qoşulduğuna görə bütün ölkələrin diplomlarını tanıyır: “Azərbaycan bu konvensiyaya 1996-cı ildən qoşulub və həmin ildən etibarən digər ölkələrin diplomlarını tanıyır. Lakin müəyyən prosedur qaydaları var. Belə ki, Azərbaycan Mülki Məcəlləsinə görə, hər bir xaricdə təhsil almış şəxs, Azərbaycanın daxili qaydalarına uyğun təhsil almalıdır. Təəssüf ki, bir çoxları Gürcüstana gedib, orada axşam və ya distant təhsil alırlar. Qeyd edim ki, Azərbaycanda yalnız əyani və qiyabi təhsil almış şəxslər diplomlarını tanıtmaq üçün müraciət edə bilərlər. İkincisi də müddət məsələsi var. Bəziləri təəssüf ki, Dərbənd, Dağıstan, Ukrayna və Gürcüstanda gedib semestr ərzində 2-3 gün qalıb, sonra qayıdırlar və deyirlər ki, bizim diplomlarımızı tanıyın. Əgər xarici ölkədə təhsil alırlarsa, qayıtdıqdan sonra diplomun tanınmağını istəyənlər, semestr ərzində qiyabi təhsil alanlar 15 gün, əyani təhsil alanlar isə 93 gün həmin ölkənin ərazisində olmalıdırlar. Qayıdıb gələndən sonra diplomların tanınması üçün müraciət edən zaman sərhəd xidmətinə sorğu göndərilir və cavab alınır ki, sərhəddən keçmə müddəti nə qədərdir. Əgər siz həmin ölkənin ərazisində tələb edilən qanuni müddətdə olmamısınızsa, o zaman bu, sizin diplomunuzun tanınmamasına səbəbdir. İkinci səbəb yuxarıda da qeyd etdiyim kimi, distant və ya axşam alınan təhsildir ki, bu zaman da diplom tanınmır. Üçüncü səbəb isə budur ki, təhsil aldığı universitetin həmin ölkənin ərazisində tanınıb-tanınmaması məsələsidir. Gürcüstanda, Dərbənddə elə universitetlər var ki, onların lisenziyaları başa çatıb və tanınmır. Ancaq buna baxmayaraq, bəzi xarici ölkələrdən tələbə qəbulunu həyata keçirirlər”.

Kamran Əsədov ile ilgili görsel sonucu

Ekspert bildirib ki, diplomun tanınmasından imtina məsələsində ən vacib səbəblərdən biri də dil faktoru ilə bağlıdır: “Tələbələr müraciət edən zaman məlum olur ki, onlar həm ölkənin öz dilini, həm də tədris dilini bilmirlər. Azərbaycan vətəndaşı Gürcüstanda təhsil alır. Orada beynəlxalq qaydalara uyğun olaraq tədris rus, ingilis və gürcü dilindədir. Ancaq tələbələr nə gürcü dilini bilir, nə də digər dilləri. Necə ola bilər ki, siz gürcü dilində təhsilinizi  başa vurmusuz, ancaq bu dili bilmirsiniz. Ekspert qrupu bütün bunları yoxlayır və diplomu tanımaqdan imtina edir. Eyni zamanda ixtisasla bağlı minimum biliklərə malik olub-olmamanız da əsas məsələdir. Yoxlayırlar ki, 4 il təhsil aldığı ixtisasla bağlı minimum biliklərə malik deyil. Bu da diplomun tanınmasından imtina üçün səbəbdir. Əgər bu şərtlərin hamısı ödənilirsə, bu zaman heç bir halda diplomun tanınmasından imtina edilmir”.

Ekspert bildirib ki, azərbaycanlıların təhsil almaq üçün xarici ölkələrə getməsinin 3 səbəbi var: “Birincisi odur ki, həmin şəxslər Azərbaycanda keçirilən qəbul imtahanlarında yetərli bal toplamırlar. Yəni onlar keçid balını toplaya bilməyib, burada ixtisas seçimi edə bilmirlər. Lakin buna baxmayaraq, onlar ali təhsil almaq arzusunda olduqları üçün xarici ölkələrə üz tuturlar. Bu, xarici ölkələrə üz tutmağın birinci səbəbidir. İkinci qrup isə Azərbaycanda keçirilən qəbul imtahanlarında yetərli bal toplayır, ancaq qəbul olduqları ixtisas ürəklərincə olmur. Bu zaman da xarici ölkəyə üz tuturlar. Bizdə də plan yeri kifayət qədərdir. Məsələn, bu il 48 min plan yeri ayrılmışdı. Sənəd verən 80 min nəfərin fonunda bütün plan yeri dolanda belə, yenə də 30 mindən çox adam kənarda qalırdı. Məsələn, 3-cü qrup üzrə 7 min abituriyent kənarda qalırdı. Onlar da ali təhsil almaq üçün xarici ölkələrə üz tuturlar. Ancaq gedən zaman da prosedur qaydalarını bilmək lazımdır. Bunları bilməyəndə və ya əməl etməyəndə, axırda diplomun tanınması məsələsində problem çıxır”.

Həmçinin oxuyun

2019-cu ilin 3-cü rübündə (iyul-sentyabr) Azərbaycanda POS-terminalların sayı 1381 ədəd artaraq 64 min 777 ədədə …